Paşinyan siyasətin kədərli faktı kimi — Ermənistan-Rusiya münasibətlərinin böhranı

Paşinyan siyasətin kədərli faktı kimi — Ermənistan-Rusiya münasibətlərinin böhranı İrəvanda insanlar küçəyə çıxıb etiraz edəndə başlarına nələrin gələ biləcəyini təsəvvür belə edə bilməyiblər. İndi onların əksəriyyəti bu suala cavab axtarırlar...
Azərtac analitik məqaləni təqdim edir.

Rəsmi İrəvan isə "məxməri inqilab"ın bəhrələrindən faydalanmaqdadır. İndi N.Paşinyan bir zamanlar ona pislik etmiş adamları cəzalandırmaqla məşğuldur. Əlbəttə, o, bunları demokratiya və insan haqları naminə etdiyini söyləyir. Artıq 2008-ci ildə N.Paşinyanı həbs etdirənlərdən R.Koçaryan həbsə atılıb. Sırada general Y.Xaçaturov vardır. Növbə kimindir? Kim olur-olsun, Moskva narazılığını bildirir. O, İrəvanın məsləhətləşmədən addım atmasını həzm edə bilmir. Normal reaksiyadır, çünki Kreml buna adət edib. İrəvan isə şıltaqlıq ssenarisinə keçib. Hazırda rusiyalı ekspertlər bir zamanlar ağız dolusu təriflədikləri ermənilərə ağızlarına gələni deyirlər. Onları qəzəbləndirən həmişə qul olan birilərinin sərbəst hərəkət etmək istəyidir. Əslində isə ermənilərin bu cür hərəkətlər edə bilməsi üçün şəraiti Rusiya və Qərb uzun illər boyu yaradıblar. Məsələnin bu aspekti üzərində geniş dayanmaq istərdik.

Qulun üsyanı: saxta dostluğun məntiqi sonu

Nikol Paşinyan baş nazir olandan hərəkətləri Moskvanı təəccübləndirir və qıcıqlandırır. Yeni Ermənistan iqtidarı bütün istiqamətlərdə Rusiyanın maraqlarına uyğun gəlməyən addımlar atır. Onlardan daha çox narahatlıq doğuranı antirusiya əhval-ruhiyyəli kadrlara yüksək vəzifələrin verilməsi və paralel olaraq Ermənistanda Rusiyanın dayaqlarının laxladılmasıdır. Hər iki məqamla bağlı Rusiya tərəfi bir neçə dəfə mövqeyini bildirib və N.Paşinyan hakimiyyətinə xəbərdarlığını edib. Buna baxmayaraq, N.Paşinyan Kremlə tərs gələn siyasətini davam etdirməkdədir.

Son olaraq baş nazir Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hazırkı baş katibi Yuri Xaçaturovun həbs olunmasına qərar verib. Y.Xaçaturov bu vəzifəni 2017-ci ildən tutur. O, həmin dövrə qədər Ermənistan ordusunun Baş Qərargah rəisi, Milli Təhlükəsizlik Şurasının katibi və İrəvan hərbi qarnizonunun komandiri olub. Əslən Gürcüstanın Tetri-Skaro rayonundandır. 2018-ci il iyulun 28-də ona ittiham irəli sürülüb.

İttihamda 2008-ci il martın 1-2-də İrəvanda etirazçıların gülləboran edilməsinə əmr verməsi göstərilib. Həmin hadisələrdə 10 nəfər həlak olmuş, 200 nəfər isə yaralanmışdı. Etiraz aksiyaları prezident seçkisinin saxtalaşdırılmasına cavab olaraq təşkil edilmişdi. O zaman S.Sarkisyan növbəti dəfə prezident seçilmişdi. Xatırladaq ki, Ermənistan hakimiyyəti keçmiş prezident R.Koçaryanı da həmin ittihamla həbs edib. R.Koçaryan başqaları ilə əlbir olub, Ermənistan hakimiyyətini dəyişməkdə günahlandırılır. Y.Xaçaturov isə konkret atəş əmri verən hərbçi olaraq məhkəməyə çıxarılır.

Öncə onu vurğulayaq ki, Rusiya Ermənistan rəhbərliyinin bu addımlarına sərt reaksiya verib. Ekspertlər KTMT-ni NATO ilə müqayisə edərək sual edirlər: "Norveç Y.Stoltenberqin həbsinə qərar verərdimi?" Və ya NATO ilə məsləhətləşmədən belə bir addım atardımı? Qətiyyən atmazdı. Onda bəs Ermənistan hakimiyyəti hansı məntiqlə Moskva ilə məsləhətləşmədən və bunu açıq bildirmədən KTM-nin baş katibini məhkəməyə çəkir? Üstəlik, Moskvadan onu KTMT-nin rəhbərliyindən uzaqlaşdırmağı istəyir. Moskva isə İrəvandan rəsmi tələb istəyir. S.Lavrov bu barədə Ermənistanın xarici işlər naziri Z.Mnatsakanyana bildirib.

Bütün bunlardan rusiyalı ekspertlər belə bir nəticə çıxarırlar: N.Paşinyan sərt antirusiya siyasəti aparır. Məsələn, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markovun fikrincə, N.Paşinyan Rusiya ilə bağlı dediklərində səmimi deyil. O, dostluqdan alovlu danışır, lakin rusiyayönümlü siyasətçiləri təqib edir. "KTMT-nin rəsmi şəxsinin təqib edilməsi Rusiya rəhbərliyi ilə münasibətlərin pis olmasının təzahürüdür" (bax: Зачем Пашинян пошел на резко антироссийский шаг / Vz.ru, 27 iyul 2018).

Mütəxəssis sözlərinə davam edərək vurğulayır ki, N.Paşinyan Rusiyaya münasibətində səmimi olsaydı, geniş müzakirəyə çıxarmadan Moskva ilə Y.Xaçaturov məsələsindən danışardı. Ancaq onun seçdiyi yol göstərir ki, "Ermənistanda antirusiyayönümlü siyasətçi hakimiyyətə gəlib" (bax: əvvəlki mənbəyə).
Moskva qayğılıdır: sədaqətsizlik və ya nankorluğun sərhədi

Sergey Markov fikirlərinə yekun vuraraq deyib: "Paşinyanın siyasəti kədərli faktdır. Biz münasibətlərə yenidən baxmalıyıq. Yaxşı ki, Rusiyanın Ermənistanda həyati əhəmiyyətli maraqları yoxdur. Hətta Paşinyan amerikan qoşunlarını Ermənistana dəvət etsə belə, bunun Rusiyanın maraqlarına həddən artıq güclü zərbə olmayacağına əminəm" (bax: əvvəlki mənbəyə).

Rusiya-Ermənistan münasibətlərinin bu vəziyyətə düşməsi təsadüfi deyil. Məsələnin iki aspekti var. Birincisi odur ki, Moskva artıq 100 ildən çoxdur ki, ermənilərə havadarlıq edir. Coğrafi olaraq yanlış yerdə "Ermənistan" adlanan qondarma dövlət yaratdı. Bu qondarma dövlət Azərbaycan torpaqlarında quraşdırıldı. Sonra müxtəlif üsullarla həm Azərbaycandan əlavə torpaqlar alıb Ermənistana qatdılar, həm də siyasi və mədəni olaraq onları başımızın üstünə çıxarmağa çalışdılar. Nəticədə, həmişə kənardan güclü dəstək görən nankor, ərköyün, özündənrazı, kimsəni bəyənməyən, ətrafdakı bütün ölkələrə qarşı ərazi və mədəniyyət iddiası olan sürü formalaşdı. İndi bu sürü özünü azad sayır, güclü hesab edir və onu bu səviyyəyə gətirən ruslara qarşı düşmən mövqedə durur. Çünki yeni ağa axtarışındadır ki, işğal etdiyi əraziləri saxlaya bilsin. Yəni Rusiya nankor ermənilərdən haqlı cavabını alır.

İkincisi ondan ibarətdir ki, Rusiya kimi, Qərb də ermənilərin vəhşiliyinə, aqressivliyinə, orta əsr şovinizminə, təkəbbürlü davranışlarına göz yumdu. Ermənistanı qətiyyən layiq olmadığı halda "yarımazad ölkə" kimi təqdim etməyə çalışdılar. Orada baş verən insan haqlarının kütləvi və kobud surətdə pozulmasını demokratik hal kimi qiymətləndirdilər. Məsələn, Ermənistanın nə kimi ölkə olduğunu milyonlarla insanların (müsəlmanların) öz yurdundan deportasiya edilməsi göstərir. Günahsız insanların kütləvi qətli, qadınların, qocaların işgəncəyə məruz qalması, hələ də yüzlərlə dinc sakinin əsirlikdə saxlanması fakt deyilmi? Bütün bunlara "demokratik" Qərb necə reaksiya verir?

Demək olar ki, laqeydliklə susur və hətta bu barədə faktları dinləmək belə istəmir. Biz Azərbaycan parlamentində Xocalı soyqırımı ilə bağlı kadrlar nümayiş etdirilərkən qərbli diplomatların zaldan çıxması faktını əsla unuda bilmərik. Biz dəfələrlə qərbli siyasət adamlarının, ekspertlərin, QHT nümayəndələrinin Azərbaycanla bağlı qərəzli mövqeyini yaddan çıxara bilmərik. Biz onların erməniləri yeri gəldi-gəlmədi xristian olaraq müdafiə etmələrini qəbul edə bilmərik.

Bu kontekstdə xatırladaq ki, məhz Qərbin insan haqlarından dəm vuran təşkilatları 2008-ci ildə Ermənistanda prezident seçkilərini demokratik adlandırmış, onu beynəlxalq hüquqa uyğun hesab etmişdilər. O zaman Azərbaycan tərəfinin iradlarına və konkret faktlar təqdim etməsinə baxmayaraq, AŞPA Ermənistanla bağlı layiq olduğu qərarı qəbul etmədi. Əksinə, ermənilərin başına yeni sığallar çəkdi.

İndi tarixin istehzasıdır ki, Qərbin çocuğu N.Paşinyan sübut edir ki, Ermənistanda erməni siyasətçiləri ilə yanaşı, Qərbin və Rusiyanın ekspertləri, siyasi liderləri, insan haqlarından və demokratiyadan dəm vuran kəsimləri də cinayət törədiblər. Çünki onlar həqiqəti bilə-bilə gizlədiblər. Günahsız ermənilərin qanının tökülməsinə göz yumublar. Məgər onlar sarkisyanları, koçaryanları, xaçaturovları və başqa cinayətkarları saxlaya bilməzdilər? Onlardan insan haqlarına hörmət etməyi tələb edə bilməzdilər? Çox rahatlıqla edə bilərdilər. Lakin həmin dairələr o zaman necə davrandılarsa, indi də eyni hərəkəti edirlər.

Belə ki, indi yalnız öz maraqlarını güdürlər. Kreml Paşinyandan inciyir, Ağ Ev isə onu öz tərəfinə çəkmək arzusundadır. Hər iki tərəf həm vəd verir, həm də hədələyir. Ermənistan da həmişə olduğu kimi bazar daxılında satılmalı olan keyfiyyətsiz mal kimi qalıb ortada - bilmir özünü kimə və neçəyə sırısın.

N.Paşinyan komediyası bunlardan ibarətdir. O, erməni cəmiyyətinin həyatında keçici hadisədir və bəlkə də S.Markov haqlıdır - "kədərli faktdır"! Çünki Ermənistan o dərəcədə kənardan asılıdır ki, bu cür sərsəmlərin uzun müddət orada hakimiyyətdə qalması imkansızdır. Sonuc isə daha kədərli ola bilər. Sürətlə dəyişən geosiyasi dinamikanın küləkləri Ermənistan adlı dövləti quyunun dibinə sala bilər. Əlbəttə, onun havadarları çoxdur və güclüdür, lakin tarixin öz hökmü var!

Oxşar xəbərlər