İyulun 7-də ''Facebook” üzərindən canlı yayım zamanı intihara cəhd edən yazıçı Cəlil Cavanşir bir qədər öncə profilini bağlayaraq, doğulduğu Oğuz rayonuna gedib. Musavat.com bildirir ki, bu barədə yaxınları məlumat yayıb. Onlar deyiblər ki, peşəkar psixoloqun məsləhəti ilə bu addımı atıblar: ''Məsləhət oldu ki, Cəlili şəhər mühitindən uzaqlaşdıraq''. Xatırladaq ki, yazıçı canlı yayımda yaşamaqdan yorulduğunu, həyatdakı bir çox şeylərlə barışmadığını bildirib, qollarını kəsici alətlə cızmağa başlayıb. Yazar bir müddət qolları və əlləri qanlı vəziyyətdə canlı yayımı davam etdirib və bu davranışını “ölüm çox şeyi dəyişir, dostlar” sözləri ilə əsaslandırıb. Canlı yayımı izləyən yazıçının dostları, sosial şəbəkə izləyiciləri onu bu addımdan çəkinməyə, övladlarını, ailəsini düşünməyə çağırıb. Bir qədər sonra yazıçının qardaşının onu tapması və vəziyyətinin yaxşı olması haqda məlumat yayıldı. Yazıçının özü isə bir gün sonra sosial şəbəkədə hadisə barədə yazaraq, peşman olduğunu bildirib: “Dünən atdığım addımla bağlı uzun-uzadı izahata ehtiyac duymuram. Haqqımda yazılan bütün fikirləri oxumaq imkanım olmadı, amma xeylisini oxudum. Kim nə istəyir düşünsün, kim necə istəyir yozsun. Zərrə qədər narahat deyiləm, heç kəsdən incimirəm, heç kəsi qınamıram. Nə qədər çətin olsa da, yaşamağa davam etməyə məcburam. Dünən mənim üçün narahat olan, yanımda olan, dəstək olan bütün dostlara təşəkkür edirəm. Mən sizin sevginizdən, qayğıkeşliyinizdən utandım, mütəəssir oldum. Sizləri incitdiyim, narahat etdiyim üçün peşmanam”. Xilasetmə anı ilə bağlı yayılan videolardan görünür ki, C.Cavanşir içkili vəziyyətdədir.