Abituriyentlər niyə özünü öldürür? - Psixoloq çıxış yolunu göstərdi

Abituriyentlər niyə özünü öldürür? - Psixoloq çıxış yolunu göstərdi "Bəzi valideynlər övladlarına qəbul imtahanları öncəsi psixoloji təzyiq göstərirlər və nəticədə ağır faciələr baş verir”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında psixoloq Könül Telmanqızı qəbul imtahanlarından sonra iki abituriyentin özünə qəsd etməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, psixoloji təzyiq nəinki abituriyentləri stimullaşdırmır, əksinə olaraq imtahanlarda daha zəif nəticə göstərməsinə gətirib çıxarır:

"Birinci növbədə valideyn başa düşməlidir ki, övladlarının onların psixoloji dəstəyinə ehtiyacları var. Bəzən abituriyent çox savadlı olur. Lakin məhz valideynlərin psixoloji təzyiqləri nəticəsində imtahanda yüksək nəticə göstərə bilmir. Çünki özünü itirir və özünü mənfiyə kökləyərək, aşağı nəticə göstərir. Gördüyümüz kimi, bəzən bu kimi hallar ağır faciələrə, özünə qəsdə belə gətirib çıxarır”.

Bu kimi halların bəzən valideynlərin deyil, abituriyentlərin öz səhvi ucbatından baş verdiyini deyən psixoloq hesab edir ki, psixoloji problemləri olan bütün yaş qrupundan olan insanlar kimi, yeniyetmələr də mütləq psixoloq xidmətindən istifadə etməlidirlər:

"Abituriyent uğursuz nəticə göstərməsini "Mən yoldaşlarımdan geri qalıram”, "Niyə axı mən uğursuz olmalıyam” şəklində özünə təlqin edir və yekunda intihara əl atır. Xüsusən intihar yaradacaq alətlərlə, kəndir, bıçaq və s. istifadə edən yeniyetmələrə qarşı xüsusilə diqqətli davaranmaq lazımdır. Nəhayət streotipləri qırmaq, azca da olsa psixoloji problemi olan insanları psixoloq konsultasiyasına yönləndirmək lazımdır. Əks halda bu cür ağır faciələrlə üz-üzə qalırıq”.

Qeyd edək ki, dünən keçirilən qəbul imtahanlarında uğursuz nəticə göstərmiş iki abituriyent intihara əl ataraq, özünə qəsd ediblər. Baş verən hadisə cəmiyyətdə ciddi müzakirə mövzusuna çevrilib.

// Günel, AZXEBER.COM

Oxşar xəbərlər