İlham Əliyev Bərdə türbəsində və Torpaqqala kompleksində

İlham Əliyev Bərdə türbəsində və Torpaqqala kompleksində Martın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Bərdə türbəsində və Torpaqqala kompleksində yaradılan şəraitlə tanış olub.
"Ölkə.Az"ın xəbərinə görə, Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov Prezident İlham Əliyevə məlumat verib ki, Bərdə türbəsi 1322-ci ildə Əcəmi memarlıq məktəbinin nümayəndəsi Əhməd ibn Əyyub əl-Hafiz tərəfindən tikilib. Türbə eramızdan əvvəl inşa olunan Torpaqqala adlı müdafiə divarlarının ərazisində yerləşir. Qülləvari quruluşa malik türbə yeraltı və yerüstü hissələrdən ibarətdir. Yeraltı hissəni o dövrdə xarakterik olan dəfn üçün ayrılmış sərdabə təşkil edir. Yerüstü qat isə xatirə abidəsidir və monumental xarakter daşıyır. Türbə xarici fasad üzrə kürsüdən, gövdə və günbəzdən ibarətdir. Hündürlüyü 13 metr olan türbənin bayır tərəfdən diametri 10 metrdir. Kürsüdən başlayaraq yuxarıdakı haşiyəyə qədər hissəni örtən və firuzəyi kaşı ilə qırmızı kərpicin əlaqələndirilməsindən yaranan bir kompozisiyadan əmələ gələn kitabədə “Allah” sözü mütənasib sürətdə təkrarlanır. Məhz bu səbəbdən abidəyə el arasında “Allah-Allah” türbəsi də deyilir. Abidənin kimin şərəfinə tikildiyi məlum deyil. Ehtimal olunur ki, Elxanilər sülaləsindən olan bir şəxs üçün inşa edilib.

Bildirilib ki, uzun illər baxımsız vəziyyətdə olan türbənin bərpasına ötən əsrin 60-ci illərində başlanılıb. Lakin səhv aparılan bərpa işləri nəticəsində türbənin görkəmi dəyişib, kitabələr silinib, üzərinə qoyulan ağır beton konstruksiya isə çatların əmələ gəlməsinə səbəb olub. Türbənin və əhatəsində olduğu Torpaqqala divarlarının bərpasına 2012-ci ildə başlanıb və hazırda tam başa çatdırılıb. Türbənin betondan quraşdırılmış qəzalı günbəzi tam sökülərək yenidən hörülüb və kaşılı kərpiclə üzlənib. Burada 427 kvadratmetr sadə və mürəkkəb formalı kaşı elementləri hazırlanaraq tətbiq edilib. Quranın “Ayətül-Kürsü” ayəsi və kufi əlifbası ilə kitabələr bərpa olunub, kaşılararası hörgü tikişləri təmizlənərək xüsusi məhlul qarışığı ilə yenidən doldurulub, divarlardakı çatlar tam regenerasiya edilib. Sərdabənin pilləkəni şüşə örtüklə bağlanıb və burada mərmər sənduqə quraşdırılıb.
Türbənin yerləşdiyi iki hektar ərazini əhatə edən Torpaqqala divarları da bərpa olunub. Bərpa işləri Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sifarişi ilə “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən həyata keçirilib.

Türbə ilə tanışlıqdan sonra xatirə şəkli çəkdirilib.


İlham Əliyev Bərdə türbəsində və Torpaqqala kompleksindəİlham Əliyev Bərdə türbəsində və Torpaqqala kompleksindəİlham Əliyev Bərdə türbəsində və Torpaqqala kompleksində

Oxşar xəbərlər