Yaranmış vəziyyət hökumətin müvafiq strukturlarını hərəkətə keçirdi; köçürülən sakinlərə kirayə haqqı veriləcək, amma narazılıqlar var
Bayıl yamacında, Bakı Televiziya Qülləsinin yaxınlığındakı sürüşmə zonasında təhlükə getdikcə artır. Günlərdir ki, ərazidə müvafiq qurumlar tərəfindən bərkitmə işləri aparılır, sürüşmə nəticəsində əmələ gələn yarğanlara gil doldurulur. Lakin bütün bunlara baxmayaraq, təhlükənin miqyası getdikcə böyüməkdə davam edir. Bu səbəbdən də yanvarın 24-də Səbayel Rayon İcra Hakimiyyətində yaradılmış xüsusi qərargahın iclası keçirilib. İclasdan sonra Səbayel Rayon İcra Hakimiyyəti və Polis İdarəsinin əməkdaşları həmin ərazidə olaraq sakinlərlə görüşüblər.
Təhlükəsizlik nöqteyi-nəzərindən sakinlərə müvəqqəti olaraq mənzillərini tərk etmələri, qohumları və yaxınlarının evlərinə köçmələri təklif olunub.
Bununla paralel olaraq, sakinlərin köçürülməsi üçün əraziyə yaxın məsafədə yerləşən 49 və 163 saylı məktəblərdə müvəqqəti sığınacaq yaradılıb. Rəsmi məlumatlara görə, yanvarın 24-dən 25-nə keçən gecə məktəbdə 47 nəfər qalıb.
“Yeni Müsavat”ın əməkdaşı sürüşmə zonasında olub, ümumi vəziyyətlə maraqlanıb. Səhər saatlarında əraziyə çatdığımız zaman artıq sakinlərin bir qismi sığınacaqlardan geri qayıtmışdılar. Onlar uçma təhlükəsi olan yerdə samovarlar qaynadıb, evlərini tərk etməyəcəklərini bildirirdilər. Şikayətlənirdilər ki, gedəcək yerləri yoxdur, məktəbdə yaradılan şərait isə yaşanılası halda deyil.
Qeyd edək hazırda Bayıl ərazisində 70-ə yaxın ev torpaq altında qalma təhlükəsi ilə üz-üzədir. Köçürülən sakinlər də məhz bu evlərin sahibləridir. Sürüşmə ərazisinə yaxın yerləşən evlərin əksəriyyətinin sənədi yoxdur. Burada məskunlaşanlar əsasən Cəbrayıl, Zəngilan rayonlarından məcburi köçkünlər, eləcə də işğal altında olmayan digər bölgələrimizdən olan insanlardır. Evlərin əksəriyyəti dağ yamacına çəkilən istinad divarına çox yaxın məsafədə tikilib. Yamacda tikilən evlər artıq sürüşmə nəticəsində qəzalı vəziyyətə düşüb, divarlarında böyük çatlar əmələ gəlib. Ərazidə gəzdiyimiz zaman öyrəndik ki, Telman Aslanov, Raya Həsənovanın mənzilləri tamamilə qəzalı vəziyyətdədir. Bu evlərin divarlarında yaranan dərin çatlar səbəbindən orada qalmaq təhlükəlidir. Hər iki ev yamacda tikilib və sürüşmə baş verərsə, ilk olaraq bu evlər torpaq altında qalacaq. Ancaq hər iki evdə yaşayış var. Ev sahibləri bildirirlər ki, məcburi köçkündürlər və qohumlarının da evləri kiçik olduğu üçün gedəcək yerləri yoxdur. Ona görə də uçqun baş versə də burada qalacaqlar.
Öyrəndik ki, köçürülmə prosesindən sonra əraziyə qazın, elektrik və suyun verilişi də dayandırılıb. Elə buna görə də yaxınlıqda yaşayan və hələ evlərindən köçürülməyən sakinlər də səhər saatlarında sürüşmə zonasına toplaşıb, etiraz aksiyası keçirirdilər. Onlar bildirirdilər ki, nə baş versə də evlərini tərk etməyəcəklər. Zəngilan rayonundan məcburi köçkün Əminə Nuriyeva bildirdi ki, onların evlərinin sürüşmə zonasına heç bir aidiyyəti yoxdur, ancaq bütün kommunal xətlərini kəsiblər:
“Məcburi köçkün düşəndən sonra bu ərazidə yaşayıram. Torpaqlarımız uğrunda oğlum şəhid olub. İndi gəliblər ki, evini tərk etməlisən. Halbuki bizim ev iki küçə buradan aşağıdadır. Erməni bizi qovdu, gəldik burada məskən saldıq. Buradan hara gedək? Qazımızı, işığımızı kəsiblər. Heç bir yerə gedəsi deyilik. Çünki gedəcək yerimiz yoxdur. Gedəcək yerimiz düşmən tapdağı altındadır. Orada oğlum şəhid olub, özüm də burada torpağın altında qalıb, ölməyə hazıram. Ancaq heç yerə gedəsi deyilik”.
Digər sakinlər də oxşar fikirlər səsləndirərək söylədilər ki, bu gecə öz evlərində qalacaqlar və heç bir yerə çıxmaq fikirləri yoxdur.
Biz orada olduğumuz zaman sürüşmə baş verən ərazidə Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları işləyirdilər. Onlar bildirdilər ki, sürüşmə nəticəsində yaranan yarğanın eni hər gün 2 santimetr böyüyür. Ona görə də əhalinin təhlükəsizliyini nəzərə alıb, onları buradan kənarlaşdırırlar. Söylədilər ki, sakinlər evlərini tərk etmək istəməsələr də təhlükənin miqyası böyükdür.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov da “Yeni Müsavat”a bildirib ki, Bayıldakı sürüşmə zonasında son zamanlar vəziyyət həqiqətən ciddiləşib: "“Bayılov dərəsi” adlanan ərazidə 80 metr uzunluğunda çat yaranıb. Həmin ərazidə hələ ötən ilin noyabrında bir neçə santimetrlik müxtəlif çatlar qeydə alınmışdı. Son 3 ay ərzində çat 8 metrə qədər artdı. Sürüşmə artıq rayonun təxminən 7 hektar ərazisini əhatə edir. Yaşayış evlərinə ziyan dəyib, əhalinin təxliyəsinə başlanıb. Torpağın yarıldığı yerlərdə aralanan hissələr 20-25 santimetr təşkil edir. Yamacda tikinti aparıldığı üçün ağırlıq olub və hazırda bu ərazi olduqca təhlükəlidir".
Yuxarıda da qeyd etdiyimiz kimi, sakinlərin bir qismi 163 və 49 saylı orta məktəb binalarında gecələyiblər. Onlardan bəziləri gündüz vaxtı da 163 saylı orta məktəbdə qalıb, sürüşmə zonasında olan evlərinə getməyiblər. Məktəbə gedib, həmin sakinlərlə də görüşməyə cəhd etdik. Lakin jurnalistlərin içəri buraxılmasına qadağa qoyulduğu üçün bu istəyimizə nail ola bilmədik.
Orada öyrəndik ki, Səbayel Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov 163 saylı orta məktəbdə olub və sakinlərlə görüşüb. Eldar Əzizov həmçinin sürüşmə zonasında görülən işlərlə də tanış olub. İcra başçısı vətəndaşların yerləşmə şəraiti və digər problemləri ilə maraqlanıb.
Səbayel Rayon İcra Hakimiyyətinin yaydığı məlumata görə, Bayılda sürüşmə ərazisində araşdırma aparan mütəxəssislər həmin dağ yamacının altından iki yeraltı çayın axdığını müəyyən ediblər. Bu çaylarda suyun səviyyəsinin dəyişməsi, eləcə də yağıntıların səviyyəsinin artması sürüşməyə səbəb olan amillərdən hesab olunur.
Bildirilir ki, artıq bu məsələ ilə bağlı Nazirlər Kabineti tərəfindən müvafiq qərar qəbul olunub. Sürüşmə zonasından çıxarılan 80 ailə, 390 nəfərə bu aydan etibarən müvəqqəti olaraq kirayə haqqı ödəniləcək.
Qeyd olunur ki, hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər qurumlarla birgə ərazidə araşdırma aparılır. Nəticə müəyyən olunanadək sakinlər kirayə haqqı ilə təmin olunacaq. Nəticədə bəlli olduqdan sonra çıxarılan rəyə uyğun tədbirlər görüləcək. Əgər ərazidə təhlükə davam edərsə, vətəndaşlara birdəfəlik kompensasiya verilərək ərazidən köçürülmə məsələlərinə baxılacaq.
Lakin biz orada olduğumuz zaman sakinlər söylədilər ki, onlara hər hansı bir kompensasiya təklif edilməyib, kirayə haqqı ödənilməyib. Sakinlər günorta saatlarında yaxınlıqda olan qohumlarının evlərində nahar etmək üçün dağılışsalar da günortadan sonra yenidən küçələrə çıxdılar.
Məlumat vardı ki, baş nazirin müavini Abid Şərifov əraziyə gəlib, sakinlərlə görüşəcək. Ona görə də heç kim ərazini tərk etmirdi. Amma sonradan bilindi ki, Abid Şərifov sürüşmə ilə bağlı Nazirlər Kabinetində təşkil olunan müşavirədədir və əraziyə gəlməsi gözlənilmir. Bildirildi ki, müşavirədə sürüşmənin qarşısının alınması üçün təkliflər səsləndiriləcək və görüləcək tədbirlər müəyyənləşdiriləcək:
“Prosesin başvermə səbəbləri, onun əhatə dairəsi, təhlükəlilik dərəcəsi, sürüşmə müstəvisinə uyğun olaraq, qabaqlayıcı tədbirlərin görülməsi üçün təkliflər veriləcək. Ərazidə bərkitmə işləri aparılacaq”.
Məlumat üçün qeyd edək ki, sürüşmə zonasında 133 ev qeydiyyatdadır, onlardan 67-si qəzalı ev hesab olunur.
Əli RAİS,
“Yeni Müsavat”
Fotolar müəllifindir.