"Faytonçu" Nazim onu səhv əməliyyat edən cərrahla məhkəməsindən danışdı: “Onu həbs gözləyir”

Xəbər verdiyimiz kimi, "Faytonçu" Nazimi əməliyyat edən "Elmed" klinikasının cərrahı Elman Əzimovun əmlakının üzərinə qoyulmuş həbs qərarı ləğv edilib.

Hakim Vüsalə Baxışovanın sədrliyi ilə keçirilən prosesdə apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı qərar da ləğv edilib. Belə ki, klinikanın və həkim E.Əzimovun əmlakı üzərinə qoyulmuş həbs götürülüb.

Məsələ ilə bağlı zərərçəkən müğənni Nazim Pişiyari ("Faytonçu" Nazim) ilə əlaqə saxladıq. AZXEBER.COM-a danışan müğənni sözügedən məhkəmə prosesində ittihamçı tərəfin apellyasiya şikayətinin təmin edilməsinin yekun qərara aidiyyatı olmadığını deyib. O, hələ də məhkəmənin davam etdiyini və ekspertizanın nəticəsindən sonra həkimi həbs gözlədiyini qeyd edib:

"Xəbərim var bu hadisədən. Biz onun xaricə çıxışına da "stop” qoyulmasını tələb etmişdik. Hazırda o xaricə də gedə bilmir. Hazırda məhkəmə prosesi davam edir. Ekspertizanın nəticəsindən sonra onunla bağlı yekun qərar veriləcək”.

Müğənninin sözlərinə görə, o xüsusi ittiham qaydası ilə keçmiş həkimini məhkəməyə verib.


Qeyd edək ki, müğənni öd kisəsindəki problemlə əlaqədar olaraq əməliyyat olunmuşdu. O, "Elmed" klinikasının cərrahı Elman Əzimov tərəfindən keçirilən əməliyyatdan sonra tanınmaz hala düşmüş və səhhətində ciddi problemlər yaranmışdı. Daha sonra Türkiyəyə üz tutan N. Pişiyari əməliyyatın səhv həyata keçirildiyini və buna görə də onu əməliyyat edən E.Əzimovu məhkəməyə verdiyini açıqlamışdı.

Oxşar xəbərlər