Milyarderin Bakıdakı məşhur obyektini Abutalıbov sökür - “yenə Abbas Abbasov...”

Milyarderin Bakıdakı məşhur obyektini Abutalıbov sökür - “yenə Abbas Abbasov...” Tanınmış əyləncə mərkəzinin uçurulmasının gizlinləri; İsgəndər Xəlilovun 1998-ci ildən fəaliyyət göstərən Bakı Əyləncə Mərkəzinin sökülməsi qərarının arxasındakı sirlər; “Abbas Abbasovun ittifaqı”nda təmsil olunanları bağışlamaq olarmı...

Rusiyanın ən varlı adamlarından biri, “ISR Holdinq” şirkətlər qrupunun sahibi İsgəndər Xəlilovun Bakıdakı ən məşhur obyektlərindən olan Bakı Əyləncə Mərkəzi (BƏM) söküləcək. Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən obyekt sahibinə xəbərdarlıq göndərilib. Xəbərdarlıqda qeyd olunub ki, sökülmə barədə məhkəmə qərarı var, BƏM yaxın günlər ərzində boşaldılmalıdır.

Məlumata görə, xəbərdarlığa heç bir cavab verilməyib, buna görə də aprelin 29-da BŞİH-in başçısı Hacıbala Abutalıbov şəxsən BƏM-ə gedərək, söküntü işlərinin başladılmasına göstəriş verib. Bakıpost.az saytı hətta əraziyə bir neçə ekskavatorun aparıldığını da bildirib. İddia olunur ki, bu, əvvəlcə obyektdə çalışanlarla icra nümayəndələri arasında gərginliyə səbəb olub. Lakin sonradan ara sakitləşib və BƏM-i işlədən şəxslər bir həftəlik möhlət istəyiblər.

H.Abutalıbova deyilib ki, İ.Xəlilov məsələ ilə bağlı ölkə başçısı İlham Əliyevə müraciət edəcək.

BƏM-in baş administratoru lent.az-a söküntü ilə bağlı qərar olduğunu təsdiqləyib. O bildirib ki, meriya əyləncə mərkəzinin söküləcəyi və yerində yeni infrastruktur yaradılacağı ilə bağlı BƏM rəhbərliyinə layihə təqdim edib. Lakin baş administrator onu da əlavə edib ki, əyləncə mərkəzinin rəhbərliyi müvafiq instansiyalarla danışıb və söküntü ilə bağlı qərarı dayandırıb. Obyekt hələ ki fəaliyyətini davam etdirir.

İ.Xəlilovun paytaxtda təkcə BƏM deyil, “ISR-Plaza”, “Hilton”, “Abşeron” hotelləri, “Mc.Donald’s”, “Nərgiz” Ticarət Mərkəzi, “Toyota Center”, Bakı Tikiş Fabriki var. Neftçalada Yod Zavodu, Zaqatalada fındıq, Göyçayda, Lənkəranda, Qubada, Şirvanda və Xaçmazda meyvə şirəsi zavodları da azərbaycanlı milyarderə məxsusdur.

İ.Xəlilov Azərbaycan mediasından mümkün qədər yayınmağa çalışsa da, son vaxtlar onun adı yenidən bu kimi qalmaqalı mövzularda gündəmə gəlir. Məsələn, Neftçalada “Azəryod” MMC-in 220 nəfərə yaxın fəhləsi milyarderin zavodunda aylarla məvacib almadığı üçün tətil etdiklərini xatırlatmaq kifayətdir.

Rusiyada yaşayan İ.Xəlilov 1995-ci ildə yaratdığı “ISR Holdinq”in hazırda Azərbaycan, Rusiya və Türkiyə ilə yanaşı, digər ölkələrdə də ofis və filialları fəaliyyət göstərir. Holdinq illərdir ki, neft məhsullarının daşınması və satışı, yod istehsalı, maşın ticarəti və mehmanxana işi kimi çoxsahəli fəaliyyətlə məşğuldur. “Hilton Baku” hotelinin sahibi olan İ. Xəlilovun biznesinin böyük hissəsi Rusiyadadır. Rusiyadakı böhrana baxmayaraq, onun biznes sahəsində işləri yenə pis getmir.

BƏM-in açılışı 1998-ci ildə olub. Açıldığı gündən bəri burada boulinq, Fitness&SPA, shopping və restoran sahələrində xidmət göstərilir. BƏM Cənubi Qafqazda açılmış ilk ən müasir 12 xətli bolulinq meydançasına sahibdir. İ.Xəlilovun qardaşı Cavanşir Xəlilov illər öncə BƏM tikintisindən danışarkən demişdi ki, bu ərazi zibillik olub. O, qardaşının Bakıda obyektikməyinin məqsədi pul qazanmaq deyil, ölkəsinin adını yüksəltmək olduğunu demişdi.
İ.Xəlilovun hakimiyyətlə münasibətləri Azərbaycanın baş nazirinin sabiq birinci müavini Abbas Abbasovun 2012-ci ildə yaradılmış Rusiya Azərbaycan Təşkilatları Ittifaqında (“Milyarderlər İttifaqı”) təmsil olunmasından sonra müzakirə mövzusu olmuşdu. Onun Bakıda tikdirdiyi bina da ötən il Nazirlər Kabinetinin qərar ilə yarımçıq dayandırılanda yenə köhnə söhbətlər yada düşmüşdü.

Milyarder bu barədə məlumatları ölkə mediasında təkzib də edib və hakimiyyətlə heç bir problem yaşamadığını deyib. İ.Xəlilovun indi də məhz hakimiyyətlə hansısa problemi olması səbəbindən ən dəbdəbəli və gəlirli obyektlərindən birinin söküləcəyini iddia etmək olmaz. Amma bu cür faktın üstündən sükutla keçmək də mümkün deyil. Çünki məhz Abbas Abbasovun iqtidara xəyanətini illər keçsə də hakimiyyət bağışlamır. Ona Azərbaycana qayıtmaq qadağan olunub, buradakı hətta nazir səviyyəsində olan yaxın adamları işdən uzaqlaşdırılıb. Eləcə də həmin ittifaqda təmsil olunan LUKoil prezidenti Vahid Ələkbərovla da münasibətlərdə rəsmi Bakının məsafə qoyması hələ də hiss edilməkdədir. “Milyarder İttifaqı”nın daha bir üzvü “AST” Şirkətlər Qrupunun prezidenti Telman İsmayılov isə indi batan gəmini xatırladır. Adını çəkmədiyimiz digər “ittifaq” üzvlərinin də Bakıdakı biznesi əvvəlki kimi inkişafda deyil. Bunları nəzərə aldıqda, İ.Xəlilovun obyektinin bir çox səlahiyyətləri əlindən alınmış Bakı meri Hacıbala Abutalıbovun “planına” düşməsi maraq doğurur. Daha bir maraqlı sual isə İsgəndər Xəlilovun söküntü ilə bağlı məhkəmə qərarını “geri oxuda” bilib-bilməyəcəyidir. Yaxın bir həftədə bu suallara aydınlıq gələcək...

Oxşar xəbərlər