Adı Azərbaycandakı nurçularla bağlı hallanan sabiq millət vəkili, “İrəli” İctimai Birliyinin keçmiş sədri Ceyhun Osmanlı “Ölkə.az” saytına müsahibə verib.
Müsahibəsində Ceyhun Osmanlı Gülən hərəkatına və radikal müxalifətə bağlılığı, Elnur Aslanov, Elşad Abdullayev və digər şəxslərlə əlaqələri, Sevinc Osmanqızı ilə qohumluğu və digər bu kimi məsələlərdən danışıb. Ətraflı müsahibədən izləyə bilərsiz.
“Onu yazan adam dəqiq bilir ki, buna görə o məhkəməyə veriləcək”
– Birincisi, mən bu məsələni ayrı-ayrı şəxslərin adına bağlamaq istəmirəm və hər kəsi öz vicdanı qarşısında cavab verməyə buraxıram. Çünki onsuz da mənimlə bağlı mövcud olan yalan informasiyanın ömrü bir yerə qədər olacaq. Misal üçün deyim ki, vaxtilə Milli Təhlükəsizlik Nazirliyində işləmiş generalların heç zaman ağılına belə gəlməzdi ki, onlar nə zamansa həbs olunacaq. İndi mənim və digər şəxslər haqqımda yalan məlumatları tirajlayan adamların da ağılına gəlmir ki, onlar da günün birində həbs oluna bilər. Yalanın ömrü 40 gün olur. Gec-tez haqq-ədalət öz yerini tapacaq və kimin yalan, kimin doğru olduğunu hər kəs görəcək. Bu məsələlərlə bağlı mənim çox sadə yanaşmam var.
Birincisi, bizim guya nurçu, Gülənçi olmağımız barədə dövriyəyə buraxılan yazılarda niyə imzalar gizlədilir? Niyə anonim yazılar yazırlar? Çünki onu yazan adam dəqiq bilir ki, buna görə o məhkəməyə veriləcək. Hələ mən məhkəmə mövzusuna bir daha qayıdacam.
“28 yaşında deputat seçiləndə insanların hədəfinə gəldim”
– Sizin Gülən məktəblərinin məzunu olmanız barədə xəbərlər nə dərəcədə doğrudur?
– Mən Gülən məktəbinin məzunu deyiləm. Sadəcə olaraq, türk liseyinin məzunu olmuşam. İndi Azərbaycanda elə ailə tapa bilmərsən ki, orada bir-iki nəfər lisey məzunu olmasın. Mən 1999-cu ildə türk liseyinin məzunu olmuşam. Ancaq mən məzun olandan sonra 15 il ərzində bu liseylər normal fəaliyyət göstərib. Ona görə də şəxsən mənə gülməli gəlir ki, insan 15 il əvvəl bitirdiyi məktəbə görə nədəsə ittiham olunsun.
Digər tərəfdən isə biz türk liseylərini hər zaman Azərbaycan dövlətinin nəzarətində olan və türk iş adamlarının dəstək verdiyi məktəblər kimi tanımışıq. Şəxsən mən uşaq vaxtları görürdüm ki, Azərbaycan və Türkiyənin ayrı-ayrı yüksək vəzifəli dövlət adamları hər ay bu liseylərdə qonaq olurdu. Ulu öndər Heydər Əliyevdən tutmuş aşağı səviyyəli dövlət məmurlarına kimi hər kəs bu liseylərin fəaliyyətini təqdir edib. Bizim valideynlərimiz də görüb ki, bu liseylərə dövlət başçısının və Türkiyə hökumətinin yüksək etimadı vardır. Əgər Türkiyə və Azərbaycan dövlət rəsmilərinin bu liseylərin fəaliyyətini təqdir edən məktubları, çıxışları olubsa, təbii ki, valideynlərimiz də öz övladlarının yaxşı məktəblərdə təhsil almasını istəyib. Bunun üçün bizi həmin liseylərdə təhsil almağımıza üstünük veriblər.
Liseylərə 6-cı sinifdən imtahanla qəbul olunurdu. 6-cı sinifdə oxuyan şagirdin 12 yaşı olur. Əgər 12 yaşlı uşaq görür ki, dövlət başçıları, nazirlər bura tez-tez gəlib-gedirlər. Təbii olaraq da 12 yaşlı uşağın ağılına başqa heç bir fikir gələ bilməzdi. Xüsusilə də bütün yerli və beynəlxalq fənn olimpiyada qalibləri, dünyanın nüfuzlu universitetlərinə qəbul olan gənclər məhz bu məktəbdən çıxırdısa, təbii olaraq, həmin liseylərdə təhsil almaq hər kəs üçün prestij, uğur sayılırdı. Eyni zamanda həmin uşaqların valideynlərinin ağılına başqa fikirlər gələ bilməzdi. Amma tale elə gətirdi ki, bu liseylərdən çıxan məzunlar arasında yeganə deputat mən oldum. Yəni, mən 2010-cu ildə Milli Məclisin deputatı seçilmişəm. Hələ ki, məndən başqa lisey məzunlarından millət vəkili seçilən olmayıb. Əslində, mən 28 yaşında Milli Məclisə deputat seçiləndə bütün qısqanc insanların hədəfinə gəldim. Başladılar mənimlə bağlı nöqsanlar axtarmağa. Bütün bu faktlar bir qrup insanı sevindirdiyi kimi, bir qrup insanı da narahat edib. Çünki mən hər zaman dövlətçilik mövqeyində olmuşam, ulu öndər Heydər Əliyevin və cənab prezident İlham Əliyevin siyasi kursunu müdafiə etmişəm. Bu gün də bu siyasəti müdafiə edirəm. Ümumiyyətlə, cənab Prezident İlham Əliyevin bütün fəaliyyətini dəstəkləmişəm, hər zaman dövlətimizin yanında olmuşam. Təbii ki, bütün bunlar da bəzi insanları və radikal müxalifəti qıcıqlandırır.
Təəssüflər olsun ki, bu, Azərbaycanda ilk və son qısqanclıq halı deyil. Bu gün dünyada və Azərbaycanda olan gənclərimizin yaxşı fəaliyyətinə dəstək vermək əvəzinə, bəzən bunun əksinin şahidi oluruq. İndi dünyada o qədər tanınan azərbaycanlılar var, ancaq Azərbaycan mediasında onlar haqqında çox az məlumatlar yer alır. Misal üçün, Lütfizadəni bütün dünya təqdir edir, ancaq Azərbaycan mətbuatında onun haqqında nə isə yazan yoxdur.
Yaxud da ayrı iş adamları barəsində də eyni fikirləri söyləmək olar. Yəni, belə hallar təkcə mənə qarşı deyil, digər irəli gedən insanlara qarşı da olur. Bizə qısqanclıqla yanaşanlar var. Ona görə də mən bu cür şəxslərə ciddi yanaşmamışam. Məhz bu səbəbdən də məhkəməyə müraciət etməmişəm.
– Deyirsiz ki, haqqında yalan, şər-böhtan xarakterli məlumatlar yazılır. Bundan sonra məhkəməyə müraciət etməyi düşünürsüz?
– Sözün düzü, indiyədək bu adamlar barəsində məhkəməyə müraciət etməməyimin tək səbəbi millət vəkili kimi tənqidə dözümlülük prinsipi ilə yanaşmam olub. Çünki ulu öndər Heydər Əliyevin də dövlət və ictimaiyyət adamlarına tövsiyəsi var idi ki, məmurlar jurnalistlərə dözümlü olsunlar, onları məhkəməyə verməsin. Təbii ki, mən də tənqidə dözümlü olmuşam və ulu öndərin tövsiyələrini icra etmişəm. Əks halda indiyədək an azı 5-6 mətbu orqanı məhkəməyə verərdim. Amma indi artıq millət vəkili deyiləm, heç bir vəzifə daşımıram və sərbəst işlə məşğulam. Ona də vaxt edən kimi haqqımda yalan və iftira yayan insanları məhkəməyə verəcəm. Düzdür, mənim haqqımda yalan informasiya yayan saytların bəzilər bunu təsadüfdən edirlər. Mövzu qıtlığı olduğu üçün onlar da deyirlər ki, “hamı yazırsa, mən də yazım” prinsipi ilə yalan məlumatlar yayırlar. Ancaq bəzi adamlar isə kimlərinsə sistemli şəkildə tapşırıqlarını icra etməklə haqqımda yalan və böhtan yazılar yazırlar. Bu sistem haqqında isə araşdırma aparmaq lazımdır. Çünki əvvəllər mən bu yazılara zarafat kimi yanaşırdım. Ona görə də münasibət bildirmirdim. Ancaq sonradan araşdırıb gördüm ki, bu zarafat deyil, kimlərsə məqsədli şəkildə məni gözdən salmağa çalışırlar. Hətta, məni müxalifətlə əlaqədə də ittiham edənlər var. Ancaq məni tanıyan hər kəs bilir ki, radikal müxalifətə qarşı hər zaman açıq fikir söyləmişəm. Radikal müxalifətə bağlı ayrı-ayrı gənclər təşkilatları olub ki, onlar da radikal və təxribat fəaliyyətləri ilə məşğul olub. Azərbaycanda sosial şəbəkələr yeni populyarlıq qazanmağa başlayan dövrlərdə biz “İrəli” gənclər təşkilatı olaraq həmin radikal qüvvələrə qarşı qəti mövqe ortaya qoyduq. Əsasən 2005-ci ildən başlayaraq, radikal müxalifət tərəfindən sosial şəbəkələrdə bəzi gənclər səhv istiqamətlərə yönəldilməyə çalışılırdı. Hətta, bir dövr var idi, xaricdə yaşayan azərbaycanlı gənclər səhv istiqamətə yönəldilərək, Azərbaycan dövlətinə qarşı tənqid mövqeyi tutmuşdu. Bütün bunların aradan qaldırılması üçün biz o dövrdə fəal iş qurduq, həmin gəncləri tapıb onlara reallığı anlatdıq, onlarla görüşlər təşkil etdik və həmin gəncliyi dövlətimizə qazandırdıq. Bu gün də həmin gənclər Azərbaycan dövlətini dəstəkləyir və bu istiqamətdə fəaliyyət göstərirlər.
Bundan əlavə, Azərbaycanda “Avroviziya” beynəlxalq mahnı yarışı keçirilən zaman da xaricdən ölkəmizə qarşı qarayaxma kampaniyaları başladılmışdı. Daxildən isə radikal müxalifət Azərbaycanı gözdən salmağa çalışırdı. Onlar paytaxtın Fəvvarələr meydanında mitinq də təyin etmişdilər. Ancaq həmin dövrdə biz sosial şəbəkələrdə fəal kampaniya başlatdıq və həmin qüvvələrin qarşısını aldıq. Yadıma gəlir, o vaxtı radikal müxalifəti dəstəkləyən ABŞ-dan olan bloger var idi. O, “Avroviziya” yarışı ilə bağlı rəsmi hesabat yayımlamışdı. Həmin hesabatda qeyd olunurdu ki, Prezident İlham Əliyevin “İrəli”nin timsalında kiber ordusu var. Yəni, bizim fəaliyyətimiz nəinki Azərbaycanda, okeanın o tərəfində də hiss edilirdi. Eyni zamanda Azərbaycanın aparıcı media orqanları da “İrəli”nin bu fəaliyyətini manşet verirdi. Bu bir tarixdir və arxivlərdə var.
Çox təəssüf ki, illər sonra “İrəli”nin fəaliyyətinə kölgə salmağa çalışan qüvvələr peyda olub. Burada əsas radikal müxalifətin adını qeyd etmək lazımdır. Ancaq çox təəssüf ki, onların dəyirmanına su tökənlər də var.
– Müxalifətlə də əməkdaşlıq etməyiniz barədə də son vaxtlar məlumatlar yayılır. Bu məlumatlara cavab vermək fikriniz var?
– Bilirsiz necədir? Kimlər ki, 7 əqidəyə qulluq edir, atasını, anasını tanımır, olduğu ailədə psixi travmalar alıb, təbii ki, belə iddialarla ancaq onlar çıxış edə bilərlər. Dünyada milyardlarla insan var və onların hər birinin sərbəst danışmaq hüququ var. Mənimlə bağlı da hər kəsdən bir avaz gəlir. Ona görə də indi gedib bunların hər birinə cavab verməyə zaman sərf etməyim doğru çıxmaz. Mən bu yaxınlarda bir-iki saytda oxudum ki, dövlətçiliyə xidmət etmiş bir sıra gəncləri Əli Kərimli ilə əlaqələndirirlər. Mən Əli Kərimliyə hər zaman qarşı olmuşam, ona da, “Nida”-ya da çıxıb sözümü demişəm, buna görə AXCP üzvləri tərəfindən sosial şəbəkələrdə söyülmüşəm, ancaq mübarizədən geri çəkilməmişəm.
Bundan başqa, canlı yayımda çıxıb Xədicə İsmayılı ifşa etmişəm, hər kəs də bunun şahidi olub. Zəng edərək, “Azadlıq” radiosunun efirinə qoşulmuşam, canlı yayımda şəxsən Xədicə İsmayılın üzünə sözümü deyib, onu tənqid etmişəm. Həmçinin, seçkilərdə Pənah Hüseynə qalib gəlmişəm. Bütün bunlar da radikal müxalifəti qıcıqlandırıb. İndi məni necə müxalifətlə əlaqələndirə bilərlər? Bu cür məlumatları yayanlar birmənalı olaraq bizim dövlətçiliyə olan sədaqətimizi qısqanırlar. Çox təəssüf ki, bəzi şəxslər bu dövlətin çörəyini yeməyinə baxmayaraq, cənab Prezidentin gördüyü işlərin təbliğini etmək əvəzinə gedib Əli Kərimli üçün tərəfdar toplamaqla məşğul olur. Məntiqli o olardı ki, belə adamlar öz mandatlarına uyğun fəaliyyət göstərsinlər. Ən azından tərbiyəsizlik etməsin. Yaxşı deyim var, dəvəquşu kolun dibinə girir, elə bilir arxası görünmür. Bu adamlar da eyni vəziyyətdədir. Başların yerə soxublar, amma arxalarından xəbərsizdirlər. Çünki artıq hər kəs kimin kim olduğunu çox yaxşı bilir. Mən yenə də deyirəm ki, bizim ailədə ancaq bir əqidəyə, siyasi partiyaya qulluq edilib. Bu da Yeni Azərbaycan Partiyasıdır. Mən Heydər Əliyev şəxsiyyətinin sevildiyi bir ailədə, evdə böyümüşəm. Təbii ki, bu gün də eyni mövqedəyəm. Mənim atam da Yeni Azərbaycan Partiyasının üzvüdür. Ancaq elə insanlar var ki, 5 partiya, 8 əqidə dəyişir, sonra da utanmadan başqalarına şər atırlar.
Digər tərəfdən isə axı niyə görə cənab Prezidentə, Azərbaycan dövlətinə və xalqına xidmət etmiş bu gənclərə şər, böhtan atılmalıdır? Bunun kimsə məntiqli səbəbini açıqlamalıdır. Əslində, bu cür kampaniyalar Azərbaycan dövlətçiliyinə xidmət edən gənclərə travmadır. Misal üçün, kənardan insanlar məni bu dövlətə xidmət edən gənclərin simvolu kimi tanıyırsa, müəyyən vaxtdan sonra mənə qarşı bu cür kampaniya başlayırsa, digər gənclər bunu görüb nə düşünəcək? Düşünəcəklər ki, Ceyhun Osmanlı gəncliyində bu dövlətə canı ilə fəda olub, bu yolda söyülüb, döyülüb. Ancaq indi buna verilən qiymət budur. Təbii ki, bütün bunlar gənclərdə ruh düşkünlüyü yaradır. Mən indi müşahidə edirəm, görürəm ki, xeyli sayda gənclərimizin fəallığı azalıb. Səbəbini soruşanda, onu deyirlər ki, siz xidmət etdiniz, buna görə sizin haqqınızda mənfi yazılar yazılır. İndi bizdə elə olaq? Yəni, həvəsdən düşən gənclərimizin sayı kifayət qədər artıb. Mən müşahidə edirəm, son dövrlər məktəblərdə radikal gənclərin sayı artıb. Artıq radikal insanlar çayxana səviyyəsini aşıblar. Media gedib bunları araşdırmalıdır, jurnalist yazıları yazmalıdır.
Çox təəssüflər olsun ki, bir sıra media qurumları gənclər siyasətini lazımınca işıqlandırmır. Ancaq bununla yanaşı, öz obyektivliyini sonadək qoruyub saxlayan media qurumlarımız da var. Mən onlara təşəkkür edirəm. Ümid edirəm ki, həmin media orqanları heç zaman böhtan kampaniyasına qoşulmayacaq.
Şər və böhtan xarakterli yazılar yazan media qurumları ilə bağlı hüquq-mühafizə orqanları ciddi məşğul olmalıdır. Çünki artıq bezmişəm haqqımda yayılan yalan və böhtan yazılardan. Axı nə qədər şər və böhtan yazılar? Haqqımda yalan yazanlar bunu məqsədli şəkildə edirlər. Ancaq hər şeyin gec-tezi var. Əminəm ki, bir gün ədalət bərqərar olacaq. Sadəcə bunun zamanını gözləmək lazımdır. Hər kəs gördü ki, Milli Təhlükəsizlik Nazirliyində baş verənlər zamanı gələn kimi necə aradan qalxdı. Mənim barəmdə yalan yazanların cəzalandırılacağına inanıram. Mən hələ millət vıkili olan zaman haqqımda yazılan yalan və şər kampaniyalarının araşdırılması üçün o vaxtkı milli təhlükəsizlik naziri Eldar Mahmudova, Baş prokuror Zakir Qaralova və Xüsusi Dövlət Mühafizə Xidmətinin rəhbərliyinə müraciət etmişəm.
– Konkret kiminlə bağlı müraciət etmişiniz?
– Bilirsiz, mən vaxt edən kimi şəxsən Aqil Ələsgərlə bağlı hüquq müstəvisində müzakirə aparacam. Əvvəllər Aqil Ələsgərə təcrübəsiz gənc kimi baxırdım. Düşünürdüm ki, o sayt yaradıb və reytinq qazanmaq istəyir, ona görə də məndən yazır. Yəni, Aqil Ələsgər sırf məndən yazmaqla saytı reytinq qazanacaqsa, evinə çörək aparacaqsa, mən ona buna görə mane olmamışam. Düşünmüşəm ki, eybi yox, yazsın. Ancaq sonradan aydın oldu ki, onun yazdıqları heç də təkcə çörək pulu qazanmaq üçün deyil. O, hansısa qaranlıq dairələrin sistemli sifarişini yerinə yetirir. Təbii ki, bu dairələr xaricə bağlıdır. Mən buradan Azərbaycan dövlətinə və mediasına müraciət edirəm ki, Aqil Ələsgərin son illərdə bank hesabları araşdırılsın. Əminəm ki, çox maraqlı sürprizlər ortaya çıxacaq. Bu adam dayanmadan yazır ki, guya o bir qəpik xərcləmədən bunu, onu edir. Ancaq mənə məlumat verilib ki, Aqil Ələsgər hər hansı sosial şəbəkədə və ya saytda bir xəbərin paylaşılması üçün 100 dollar vəsait xərcləyir. İbndi təsəvvür edin ki, Aqil Ələsgər “Facebook”da hər ay nə qədər pullu xəbər paylaşır. Sual olunur ki, Aqil Ələsgər bu qədər pulları haradan alır? Yəni, mən hesab edirəm ki, Aqil Ələsgərin xarici ölkə kəşfiyyatı ilə birmənalı şəkildə əlaqələri var. Əgər diqqət etsəniz, görərsiz ki, Aqil Ələsgərin saytında Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirən mütəmadi məlumatlar dərc olunur. Güman edirəm ki, Aqil Əsləsgər dəstəyini xarici dairələrdən alır. Düşünürəm ki, Aqil Ələsgərin rəhbəırlik etdiyi sayt Türkiyədə müəyyən dairələrin göstərişlərini yerinə yetirir. Mən həmin saytda dəfələrlə Şah İsmayıl Xətainin, Səfəvilər İmperiyasının aşağılandığının şahidi olmuşam. Azərbaycanda saytlarla şou yaratmaq asan məsələdir, çünki o saytları 3-5 adamdan savayı heç kəs oxumur. Aqil Ələsgər səhərdən axşamadək Türkiyə, Türkiyə deyir. Gedib bir dəfə də Türkiyədə Xocalı ilə bağlı məqalə dərc etdirsin. Bunu edə bilərmi? Ancaq mənim imkanım olan kimi, gedib Türkiyənin ən nüfuzlu telekanallarında Xocalı və Azərbaycan həqiqətləri ilə bağlı çıxışlar edirəm. İstədiyim zaman “Kanal 24”, “Star”, “CNN Türk”, “Əl-Cəzirə” və digər nüfuzlu media orqanlarına çıxıb sözümü deyə bilirəm. Milyonlarla adam sözümü eşidir. Yaxşı sən bu ölkə üçün nə etmisən? Bu mənim üçün də çox maraqlıdır.
Bu gün Azərbaycanın yerləşdiyi regionda geosiyasi vəziyyət dəyişir. Hər kəs cənab Prezidentin gördüyü işlərə dəstək verərək, bu Vətən və xalq üçün çalışıb nə isə etməlidir, Prezidentin gördüyü işləri təbliğ etməlidir. Hərə yorğanı bir tərəfə çəkməli deyil, media üzərindən təbliğat bir istiqamətə yönəlməlidir. Cənab Prezidentin yürütdüyü uğurlu siyasət dünyaya çatdırılmalıdır, dəstəklənməlidir. Yəni, media bununla məşğul olmalıdır. Yoxsa, hərə bir sayt yaradıb, öz istədiyi kimi hərəkət edir.
Mən hərdən baxıram, onun saytında Azərbaycan məmurları da tez-tez tənqid olunur. Aqil Ələsgərin saytı xüsusilə də seçki ərəfəsində daha fəal işləyir. Hətta, bu sayt Azərbaycanda keçirilən son parlament seçkilərinə də kifayət qədər kölgə salmağa çalışıb.
Ümumiyyətlə, Azərbaycan hər zaman xarici qüvvələrin maraq dairəsində olub. Təbii olaraq bu qüvvələrin arasında Azərbaycan dövlətini istəyən və istəməyənlər var. Ancaq bütün bunları araşdırma mənim işim deyil. Bunu araşdırmaq hüquq-mühafizə orqanlarının işidir. Mənim Aqil Ələsgərlə bağlı tələbim çox sadədir. Yəni, kimsə onu çağırıb soruşmalıdır ki, bunu niyə yazmısan və məlumatı haradan almısan? Bunun iki yolu var. Ya bu adama kimsə hazır material verib ki, ala bunu dərc elə. Ya da özündən yalandan uydurma yazır. Əgər kimsə veribsə də, o adamı çağırıb dindirmək lazımdır.
Bilirsiz ki, Türkiyədə keçirilən 15 iyul “FETÖ”-ya qarşı əməliyyatlar çərçivəsində bir çox adamlar maskalanmağı bacardı. Baxmayaraq ki, onlara qarşı mübarizə 2013-cü ilin dekbarından başlayıb, ancaq indiyədək onların gizli üzvləri hələ də tapılır. Yəni, “FETÖ”-çuların əsas taktikası bu cür saytlardan istifadə edərək, bu qrupla real biznes əlaqələri və ortaqlığı olan insanlardan diqqəti yayındırmaqdır. Əvəzində isə heç bağlılığı olmayan adamların adlarını “FETÖ” ilə əlaqələndirilir. Bununla da onlar iz azdırmağa çalışırlar. Bunu bilmək üçün o qədər də ağıl gərək deyil. Sadəcə baxmaq lazımdır ki, nurçuların biznesinə indi nə olub və adı niyə dəyişdirilib. Ən əsası indi bu biznes kimlərin nəzarətindədir? Bunu bilmək iki üstə ikidir. Təbii olaraq, əsl nurçular əslində onlardır. Məqsəd hədəfi yayındırmaq üçün ayrı-ayrı qurbanlar üzə çıxartmaqdır. Ümumiyyətlə, kompaniyaçılıq çox təhlükəli tendensiyadır. Bu millətin əsas bəlalarının kökündə bu dayanır.
Elə nurçuluqla bağlı da eynidir. Hər kəs yaxşı bilir ki, Türkiyədə Fətullah Gülən camaatı Ərdoğanla münasibətlər korlanana qədər ən yüksək səviyyədə olub. Sadəcə olaraq Rəcəb Tayyib Ərdoğan cənabları ilə Fətullah Gülən arasında münasibətlər pisləşəndən sonra Azərbaycanda da bu məsələ gündəmə gəlib.
– Türkiyədə 15 iyul hadisələri baş verəndən sonra bu ölkəyə gedib-gəlirsiz?
– Əlbəttə gedirəm. Gedib-gəlirəm, bundan sonra da gedib-gələcəm. Türkiyə mənim sevdiyim yerdir, orada xeyli dostlarım var. Mən Türkiyədə 15 iyul həbi çevriliş cəhdi baş verən zaman onu ilk saniyələrdə qınayan adamlardan biri olmuşam. Hətta, bildirmişəm ki, qardaş Türkiyə dövlətinə qarşı bu təxribatı kimlər edibsə, onlar dərhal tapılıb hüquq-mühafizə orqanları tərəfindən cəzalandırılmalıdır. Mən bunu hadisə baş verən anlarda özümün “facebook” və “twitter” səhifələrimdə açıq şəkildə yazmışam. Hər kəs də bu statusumla tanış ola bilər. Yəni, bu günü, saatı və dəqiqəsi ilə bir faktdır. Hər kəs bununla tanış ola bilər.
Digər tərəfdən isə mən hələ “İrəli” sədri və millət vəkili olan dövrlərdə Türkiyədə səfərlərdə olmuşam. Türkiyəyə səfər edən kimi də ilk olaraq AKP-nin qapısını döymüşəm, onların nümayəndələri ilə görüşmüşəm, demişəm ki, filan tədbir planlaşdırılır, bunu necə təşkil etməyi məsləhət görürsüz və sairə. Bu gün mənim AKP-da xeyli sayda dostlarım var. Yəni, bu gün Ceyhun Osmanlının kim olduğu AKP-da şübhə doğurmur. Bu partiyada məni Türkiyənin dostu hesab edirlər. Mənim türkiyə televiziya kanallarında onlarla çıxışlarım olub. Ən son çıxışım isə Türkiyənin “Kanal 24” telekanalında olub ki, bu kanal da birbaşa AKP-nin nəzarətindədir. Eyni zamanda Türkiyənin “Star” və digər media orqanlarında mütəmadi olaraq çıxışlarım olur. Bu media orqanlarında Azərbaycan həqiqətləri ilə bağlı çıxışlar edirəm.
“Bakı 2015” Avropa Oyunları zamanı Azərbaycana qarşı qarayaxma kampaniyası başladılanda mən “Əl-Cəzirə” telekanalında çıxış edərək, həmin qüvvələri ifşa etdim. Bəlkə də “Bakı 2015” Avropa Oyunları ilə bağlı xarici mediada mənim qədər ətraflı və çox çıxış edən ikinci gənc olmayıb. Təəssüflər olsun ki, bəziləri bizim bu fəaliyyətimizə kölgə salmaq üçün ağızlarına gələni danışırlar.
– Mətbuatda xəbər yayılmışdı ki, Türkiyədən Azərbaycana nurçuların siyahısı göndərilib və həmin siyahıda sizin də adınız var...
– Əslində, bu yalan xəbər iki il öncə ortaya atılmışdı. Guya AKP-dən Azərbaycana belə bir sıyahı göndərilib. Mən bu siyahı ilə bağlı AKP-da olan dostlarımla əlaqə saxladım, dəqiqləşdirdim. Məlum oldu ki, ümumiyyətlə belə bir siyahı olmayıb. Sadəcə olaraq, kimlərsə belə yalan məlumatı ortaya ataraq, onun üzərində bina inşa edirlər.
Bu gün yenə də deyirəm ki, əgər bəzilərinin dediyi kimi belə siyahı doğrudan da varsa, ortaya çıxarılsın. Halbuki, bu siyahı ilə bağlı məlumatı 2 il öncə yayıblar. Ancaq indiyədək ortaya heç bir siyahı və sairə çıxmayıb. Əgər bu gün AKP-da belə bir siyahının olmasının yalan olduğu deyilirsə, deməli bu məlumat tamamilə yalan və uydurmadır.
“Ramil Usubov deyirsə ki, “FETÖ” terror təşkilatıdır, deməli elədir”
– Sizə qarşı belə bir yanaşma var ki, Ceyhun Osmanlı heç zaman Fətullah Gülənin konkret adını çəkərək, onun 15 iyul hadisələri ilə bağlı fəaliyyətini pisləməyib. Ona görə də konkret sual verirəm ki, sizcə Fətullah Gülən Türkiyə dövlətinin dediyi kimi terrorçudurmu?
– Bilirsiniz, mənim üçün Aqil Ələsgər və digər bu kimi şəxslərin mövqeyi aftoritet deyil. Yəni, onlar istədiyi sözü söyləyə, istədiyi kimi sayıqlaya bilər. Bu mənim üçün maraqlı deyil. Mənim üçün əsas Azərbaycan dövlətinin rəsmi mövqeyidir. Əgər Azərbaycan dövləti kimisə düşmən elan edirsə, o adam mənim də düşmənimdir. Kimisə düşmən hesab etmirsə, deməli mənim düşmənim deyil. Yəni, bu baxımdan da əgər Azərbaycan dövləti tərəfindən Fətullah Gülən şəbəkəsinə qarşı cinayət işi açılıbsa, o zaman təbii olaraq mən də onu terrorçu kimi tanıyacam. Bizim daxili işlər nazirimiz cənab Ramil Usubov da Türkiyədə çıxış edərkən, qeyd edib ki, bu cür hadisələr törədilib və sairə. Bu baxımdan da biz dövlətimizin yanında olmalıyıq. Bunun ayrı yolu yoxdur. Əgər Ramil Usubov deyirsə ki, “FETÖ” terror təşkilatıdır, deməli elədir. Çünki dövlətin daxili işlər naziri bunun olduğunu deyirsə, digər vətəndaşların bunu inkar etməsi doğru çıxmaz.
Digər tərəfdən isə Türkiyə “FETÖ”-ya qarşı dünyada cinayət işi açan ilk ölkə olduğu üçün, bu qərara hörmətlə yanaşmaq lazımdır. Ortalıqda bu qədər söz-söhbət varsa, deməli nə isə var.
Ona görə də bütün bu məsələlərin ciddi araşdırılması yaxşı olardı. Çünki ortalıqda “FETÖ”-çular varsa, o zaman bunların kimliyi araşdırılmalıdır. Misal üçün, mən hesab edirəm ki, “FETÖ”-nün Azərbaycandakı bir nömrəli üzvü Aqil Ələsgərdir. Çünki bu mövzuda ən çox özünü ora-bura vuran məhz odur. Bunu hüquq-mühafizə orqanları da araşdırmalıdır. İstisna deyil ki, Aqil Ələsgər məqsədli şəkildə Azərbaycan dövlətinə sədaqətli adamlara şər atmaqla məşğul olur. Bu adam nə yeyir, nə içir, kiminlə oturub durur, məqsədi nədir, bütün bunların hamısı hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır. Məncə, Azərbaycanda “FETÖ” üzvləri ilə bağlı bütün sirlər Aqil Ələsgərin məqalələrində gizlənir. Onun yazdığı məqalələrin hamısı Azərbaycan-Türkiyə münasibətlərinin korlanmasına hesablanıb.
Yerli gəlmişkən deyim ki, əgər hüquq-mühafizə orqanları lazım bilsə, mən gedəcəm və dövlətimin araşdırmasına kömək edəcəm. Çünki bu adam mənim adımı tez-tez hallandırır.
– Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun sədri Elşad İsgəndərov, Azərbaycan Prezidentinin Administrasiyasının Siyasi təhlil və İnformasiya Təminatı şöbəsinin sabiq müdiri Elnur Aslanov, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədovla dostsunuz?
– Doğrudur, mənim adımı Elnur Aslanov, Elşad İsgəndərovla yanaşı tez-tez hallandırırlar. Ancaq Azərbaycanda 1995-cü ildə Gənclər və İdman Nazirliyi, 1995-ci ildə isə Gənclər Təşkilatları Milli Şurası yaradılır. Həmin dövrdə Azərbaycan dövlətinin dəstəyi ilə ölkədə gənclər nəsli yetişdirilir ki, həmin gənclər də Gənclər Təşkilatları Milli Şurasında təmsil olunurlar. Bu gün cəmiyyətə tanınan bir çox gənc fəallar məhz Gənclər Təşkilatları Milli Şurasından çıxıblar. Mən isə bu Şuraya ən son gedən gənclərdən biri olmuşam. Mən ora gedəndə, məndən əvvəl olmuş gənclərin çoxunu tanımırdım. Ancaq mən gedəndə Gənclər Təşkilatları Milli Şurasının sədri Fuad Muradov idi. Sağ olsun, Fuad Muradov da məni ayrı-ayrı gənclər təşkilatları sədrləri və əvvəllər orada olmuş şəxslərlə tanış edirdi. Məni Elnur Aslanov, Elşad İsgəndərov və digərləri ilə də Fuad Muradov tanış edib. Çünki vaxtilə Elşad İsgəndərovla Elnur Aslanov da Gənclər Təşkilatları Milli Şurasında olublar. Fuad Muradov çox maraqlı ənənə qoymuşdu və köhnə vaxtı Gənclər Təşkilatları Milli Şurasında olmuş şəxslərlə yeni üzvlərin görüşlərini təşkil edirdi. Biz belə görüşlər zamanı Elşad İsgəndərovu, Elnur Aslanovu tanımışıq.
Fərhad Məmmədov da “İrəli”nin təsisçilərindən biri olub, heç bir pisliyini və dövlətçiliyə qarşı yanlış fəaliyyətini görməmişəm.
O ki qaldı bu adamlarla əməkdaşlıq məsələsinə, bu artıq Azərbaycan dövlətinin xidmətidir. Çünki o vaxtı gənclər və idman naziri olan Əbülfəz Qarayev bizə dedi ki, əgər sizə Prezident Administrasiyasından dəstək lazım olarsa, o zaman burada bir cavab oğlan var, o sizi əlaqələndirəcək. Sonradan isə bilmişik ki, həmin cavan oğlan Elnur Aslanovdur. Həmin Elnur Aslanov daha sonra Prezident Administrasiyasında şöbə müdiri təyin edilib. Yəni, o vaxtı gənclər siyasəti ilə bağlı koordinasiya məsələlərini Elnur Aslanov həyata keçirirdi. Ancaq bu o demək deyil idi ki, “İrəli” hər bir fəaliyyətini Elnur Aslanovla razılaşdırırdı. Xeyr, bu belə deyil idi. Əgər regionlara, mədəniyyətə, hüquq-mühafizə orqanlarına aid tədbirlər olanda, bununla Elnur Aslanov məşğul olmurdu, digər aidiyyatı şöbələr məşğul olurdu.
Bəzən yazırlar ki, ABŞ səfiri nə üçün “İrəli”nin ofisində olub. Məsələyə çox gülməli yanaşırlar. Əgər ABŞ səfiri “İrəli”nin ofisində olubsa, orada ən azı 15-20 jurnalist iştirak edib. “İrəli”nin ofisində təkcə ABŞ səfiri deyil, digər səfirlər, həmçinin nazirlər də qonaq olurdular. O vaxtı “İrəli” olaraq biz təşəbbüslə çıxış edərək, bildirdik ki. ABŞ səfiri niyə görə hər dəfə daha çox müxalifət gəncləri ilə görüşür, ancaq dövləti dəstəkləyən biz gənclərlə görüşmür. Niyə görə hər hansı səfirlik hökumətin siyasətini dəstəkləyən gənclərlə hesablaşmamalıdır? O vaxtı mən açıq şəkildə ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayzaya zəng edərək, bu barədə iradımı bildirmişəm. Ona demişəm ki, xeyr ola, siz müxalif gəncləri ziyarət edirsiz, ancaq biz gənclərin mövqeyi sizə maraqlı gəlmir. Bundan sonra da Metyu Brayza “İrəli”nin ofisinə gəlib görüş keçirib. Onlarla media orqanları da həmin görüşü işıqlandırıb. Hətta, bu görüşlə bağlı azərbaycan Dövlət televiziyasında da sujet yayımlanıb. İndi də hansısa sayt götürüb özündən uydurur ki, guya ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza filan ili “İrəli”nin ofisində gizli görüş keçirib və sairə.
– Sevinc Osmanqızı doğrudan da sizin baldızınızdır?
– Xeyr, yazırlar ki, Sevinc Osmanqızı mənim baldızımdır. Mənim ümumiyyətlə baldızım yoxdur. Sevinc Osmanqızını da həyatda cəmi 3 dəfə görmüşəm. Bunun ikisi Sevinc Osmanqızı məni ANS-ə debata çağıranda, biri isə başqa vaxtda olub.
Səmimi deyim ki, Sevinc Osmanqızı mənim yoldaşımın xalasıdır. Sevinc Osmanqızı 19-20 yaşından “BBC” teleradio kampaniyasında çalışan, dünyanı gəzən intellektual səviyyəli adamdır. Onun atası rəhmətlik Osman Mirəzyev də Azərbaycanın görkəmli şəxslərindən biri olub. Yəni, bu ailənin keçmişi hamıya məlumdur. Eyni zamanda bu ailəyə qiymət verəcək adam nə Ceyhun Osmanlı, nə də hər hansı sayt deyil. Bu ailəyə qiyməti dövlət və tarix özü verib.
Digər tərəfdən isə tutalım ki, Sevinc Osmanqızı uşaqlarını da götürüb xaricə gedib. Yaxşı, bundan mənə nə? Sayt yazır ki, guya bunu onun həyat yoldaşı bildirib. Xüsusilə də bununla bağlı onun keçmiş həyat yoldaşı açıqlama verirsə, bu lap gülməlidir. Təsəvvür edin ki, bir kişi öz həyat yoldaşının və uşaqlarının harada olmasını hansısa saytda müzakirəyə çıxarır. Əgər onun hara və nə vaxt getməsi ilə bağlı sualı varsa, Sevinc Osmanqızına zəng vurub öyrənsinlər. Daha mənim adımı nə üçün bu məsələ hallandırırlar. Onu da bildirim ki, valideynlərin hər iksinin icazəsi olmadan uşaq xarici gedə bilməz. Demək ki, valideynlərin hər iksinin razılığı olub. İndi buna mən və ya digərləri nə etsinlər? İndi kimsə bundan şou yaratmağa çalışırsa, bu məsələdə mənim adımı hallandırmasın.
– İndi də nə işlə məşğul olursuz?
– İndi bir neçə yarımçıq qalan layihələrim qalır. Bunların arasında kitablar da var. Bilirsiz ki, biz Qarabağ həqiqətləri ilə bağlı xeyli kitablar çap etmişik.
Bundan əlavə, mən iqtisadiyyat üzrə fəlsəfə doktoruyam. Hazırda bu sahədə təcrübəmi artırmaqla məşğulam. Tez-tez xaricə də gedib gəlirəm. Beynəlxalq təcrübəm geniş olduğu üçün, indi də iqtisadi sahədə yaxşı bir işlə məşğul olmaq istəyirəm. Çünki ailə böyüdükcə, onu saxlamaq lazımdır. Ailəmiz böyükdür. Ona görə də çalışıram ki, nə isə biznes qurum. Ancaq biznesi yeni öyrənirəm, birdən-birə biznes qurmaq asan iş deyil. Xüsusilə də əgər böyük kapitalın yoxdursa. Ancaq müəyyən bilik və təcrübə sayəsində yavaş-yavaş nə isə etmək mümkün olacaq. Layihələrimin uğurlu olacağına inanıram. Allaha şükür ki, indiyədək hələ heç bir uğursuz layihəm olmayıb. İnşallah bundan sonra da uğurlu olar.
Zaur Əziz