
Əvvəlki dövrlərdən fərqli olaraq yeni dünya düzəni uğrunda gedən mübarizədə beynəlxalq münasibətlər sistemində hamılıqla qəbul olunmuş oyun qaydaları artıq yoxdur. Bu da bir çox hallarda proqnozlaşdırılması mümkün olmayan bir vəziyyət yaradır. Yəni dünyanın bir çox bölgəsində olduğu kimi, Qara dəniz-Qafqaz-Xəzər geosiyasi məkanı uğrunda rəqabət aparan bir-birinə zidd güclərin qarşılıqlı maraqlara xidmət edən əməkdaşlığı ilə deyil, toqquşması ilə müşayiət olunur. Nəticədə imperiya maraqlarından çıxış edən ölkələr maraqlarını təmin etmək üçün bu coğrafiyada yerləşən ölkələrə qarşı təzyiq və təhdid siyasətindən istifadə edirlər.
Yeni düzən uğrunda gedən savaşda Azərbaycanın xarici siyasəti çoxvektorlu prinsipə əsaslandığından, Bakı bütün tərəflərlə qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq formatlarına üstünlük verir. Bunun nəticəsidir ki, Azərbaycan şərq-qərb arasında olduğu kimi, şimalla cənub arasında bir qovşaq rolunda çıxış edir. Bundan əlavə Azərbaycan Qlobal Şimalla Qlobal Cənub arasında bir vasitəçi roluna iddialıdır və bu istiqamətdə də üzərinə götürdüyü missiyanı uğurla həyata keçirməkdədir. Yürüdülən uğurlu çoxvektorlu siyasət Azərbaycanı Avrasiya coğrafiyasında regional oyunçu kimi çıxış etməsinə geniş imkanlar yaradıb.
Digər mühüm məqam isə ondan ibarətdir ki, Cənubi Qafqazda dayanıqlı sülhə, sabitliyə, təhlükəsizliyə və sıx əməkdaşlıq əlaqələrinin yaranmasına xidmət edən və siyasi gündəliyi müəyyən edən Azərbaycandır. Azərbaycanın bu liderliyini Ermənistan tərəfi də anlamağa başlayıb və Prezident İlham Əliyevin təşəbbüsünü dəstəkləyərək kənar vasitəçilərin iştirakı olmadan ikitərəfli formatda danışıqların davam etdirilməsi yolunu seçib. İrəvan və Bakı məhz ikitərəfli formatda aparılan danışıqlarda tez bir zamanda ciddi irəliləyişlər əldə edərək sülh sənədindəki bütün müddəalarda razılığa gəliblər. Hazırda isə bölgədə dayanıqlı sülhü, sabitliyi, sıx əməkdaşlıq formatının yaranmasını təmin edən məsələlər üzərində danışıqlar gedir və Ermənistan Konstitusiyasının dəyişdirilməsi, Zəngəzur dəhlizi ilə bağlı məsələdə demək olar ki, mövqelərdə çox ciddi yaxınlaşma mövcuddur.
İrəvan artıq dərk etməyə başlayır ki, Azərbaycanın yaratdığı reallığı qəbul etmədən və razılaşmadan Ermənistan nə üzləşdiyi böhrandan çıxacaq, nə də müstəqil dövlət kimi formalaşacaq.
Bu da təbii ki, ilk növbədə Rusiya və İranı ciddi narahat edir. Bilirlər ki, bu iki ölkə öz arasında razılığa gələrsə, onlar bölgədəki bütün təsir imkanlarından məhrum olacaqlar. Ona görə də Moskva və Tehran bölgədə təsir imkanlarını təmin etmək üçün hər iki ölkəyə müxtəlif formada sistemli şəkildə total xarakterli təzyiq və təhdid siyasətini həyata keçirməkdədir.
Hələ uzun illər öncə məşhur amerikalı strateq Zbiqnev Bjezenski ölümündən bir müddət əvvəl Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı fikrini belə izah edirdi:
“Azərbaycan və Ermənistanın problemi öz xeyrinə həll eləmək təşəbbüsü Rusiyanın müqavimətinə tuş gələcək. Regionda qəti dominantlığa nail olmaq üçünsə Moskvaya Ermənistan yox, Azərbaycan lazımdır. Deməli, Bakı ilə münasibətlər, Azərbaycanın Rusiya strukturlarına inteqrasiyası və Azərbaycanın xarici siyasətində Moskvanın rolunun artması sanksiyalar və izolyasiya şəraitində olan Kreml üçün daha vacibdir, nəinki Ermənistan faktoru.
Rusiya hətta özünün çöküşü zamanı da Azərbaycan və Ermənistan üçün təhlükə kəsb edəcək. O zaman Ermənistandakı hərbi baza göz qırpımında təhlükəyə çevriləcək ki, buna da hazır olmaq lazımdır. Həmin baza heç də Ermənistanı Türkiyədən qorumaq üçün yerləşdirilməyib”.
Bjezinski onu da qeyd edib ki, ancaq istək və fəaliyyət olarsa, bunu dəyişmək mümkündür.
Azərbaycanın mövqeyi bəllidir. Prezident İlham Əliyevin qətiyyətli və cəsarətli mövqeyi ortadadır. Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda ukraynalı jurnalistə “işğalla barışmayın” fikri təkcə Ukraynaya aid deyildi. Bu, əslində, postsovet ölkələrinə və dünyada müstəqillikləri uğrunda neokolonialist siyasət yürüdən ölkələrə ünvanlanan bir mesaj idi.
Prezident İlham Əliyev bununla həm də mesaj verirdi ki, Azərbaycana qarşı da belə cəhdlər var, amma bu cəhdlər mənasızdır. Bu cür təhdid və təzyiqlərlə Azərbaycanı yürütdüyü siyasətdən və yolundan döndərmək mümkün deyil. Çünki Azərbaycan İkinci Qarabağ savaşından sonra nəinki bölgədə, bütövlükdə Avrasiya coğrafiyasında elə bir reallıq yaradıb ki, bu geriyədönməz xarakter alıb. Moskva və Tehran Bakının yaratdığı realığa uyğun addım ataraq bu reallıqlardan faydalanmağa çalışsa daha yaxşı olar. Yoxsa bu, Moskva üçün vaxt itkisi ilə yanaşı, itirən tərəf olacaq. Kreml şovinizm, imperiya siyasətindən əl çəkməyincə normal inkişafa, rifaha qovuşmayacaq, əksinə, böhrana və dərin bataqlıqlara sürükləyəcək.
Moskva anlamalıdır ki, üzləşdiyi indiki mövcud vəziyyətdə Azərbaycanla münasibətlərini kəskinləşdirməsi Rusiyanın deyil, onun əleyinə çıxan, daha da zəifləməsinin tərəfdarı olan qüvvələrin marağındadır.
Moskva onu da yadından çıxarmamalıdır ki, Azərbaycana imperiya marağına xidmət edən siyasətini hərbi güc yolu ilə diktə etməyə çalışsa da, nəticəsi uğursuz olub. Bu istər qanlı 20 Yanvar hadisəsi olsun, istər Ermənistan vasitəsilə rus ordusunun Azərbaycan torpaqlarının işğalı və digərləri olsun. Sonda Azərbaycan qələbə çalıb. Bundan sonra da Rusiyanın imperiya maraqlarına xidmət edən siyasəti iflasa məhkum olacaq. Necə deyərlər, Kreml də İrəvan kimi yaxın tarixin acı dərslərindən nəticə çıxarsa yaxşı olar.