
23 apreldə Silivri açığında baş verən 6.2 bal gücündəki zəlzələnin əslində gözlənilən “böyük İstanbul zəlzələsinin” bir siqnalı olduğunu vurğulayan Naci Görür, bu təkanın Kumburqaz fayının doğuya doğru qırılmasını sürətləndirdiyini və Adalar fayını da tətikləyəcəyini deyib. O, bu zəlzələnin sadəcə bir başlanğıc olduğuna, əsas faciənin hələ qarşıda olduğuna diqqət çəkir.
“İstanbul hazır deyil – 25 il boşa getdi”
Görür deyir ki, 1999-cu ildən bu yana 25 il keçməsinə baxmayaraq, İstanbul hələ də böyük zəlzələyə hazır deyil:
“Köçürmə adı altında sadəcə görüntü yaradıldı. Siyasi maraqlar, ranta dayalı planlar gerçək təhlükəni kölgədə qoydu. İstanbul zəlzələyə hazır deyil!”
Zəlzələyə müqavimətli şəhər necə olmalıdır?
Görürün fikrincə, bir şəhərin zəlzələyə müqavimətli olması üçün sadəcə binaların möhkəmləndirilməsi kifayət etmir.
“İdarəetmə, xalq, infrastruktur, tikili fondu, ekosistem və iqtisadiyyat – bu altı sahədə sistemli, koordinasiyalı və şəffaf fəaliyyət lazımdır. Təkcə köçürmə – bu işin ən asan və eyni zamanda ən gəlirli tərəfidir. Əsl iş isə hələ başlamayıb.”
“Rahat olun” deyə bildiyi tək yer: Elazığ
Elazığda baş verən 4.9 bal gücündəki zəlzələyə münasibət bildirən professor, bu bölgə üçün ciddi təhlükə görmür və “Rahat olun” deyə bilir. Ancaq İstanbul üçün bu cümləni işlətməkdən uzaqdır.
“Əgər bu sistemsizlik davam etsə, İstanbulda yaşanacaq faciənin məsuliyyəti kollektiv olacaq” – deyən Görür, həm xalqa, həm də siyasətçilərə çağırış edir: “Əgər bu ölkənin sahibiyiksə, seçici olaraq, yaşamaq hüququmuzu təmin etməyi tələb etməliyik.”