Təhsil sahəsində münasibətlərin inkişafı məsələsi daim diqqət mərkəzindədir

Təhsil sahəsində münasibətlərin inkişafı məsələsi daim diqqət mərkəzindədir
Bildiyimiz kimi, avqustun 18-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. Regionun diqqət obyektinə çevrilən paytaxt Bakıda baş tutan bu görüş xüsusi əhəmiyyətə malikdir. İki ölkə arasında dostluq və müttəfiqlik münasibətlərinin gücləndirilməsi baxımından mühüm hesab edilən bu səfər həm də Azərbaycanın və birbaşa Prezident İlham Əliyevin siyasətinin gücünü göstərir. Vurğulamaq lazımdır ki, cari il ərzində iki dəfə Rusiya və Azərbaycan liderlərinin görüşü baş tutub. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin bu dəfəki rəsmi Bakı səfəri də digərləri qədər önəmli və vacib hesab edilir.
Paytaxt Bakıda rəsmi mərasimlə qarşılanan Putinin Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşü baş tutub. İkitərəfli görüşdə həmçinin Azərbaycan-Ermənistan sülh prosesi, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi məsələsinə də diqqət çəkilib. Bundan başqa dövlətlərarası strukturların fəaliyyətinin genişləndirilməsi, humanitar əməkdaşlıq, təhsil və digər sahələrdə birgə fəaliyyət məsələləri də müzakirə edilib. Görüşdə Azərbaycanın apardığı təhsil siyasətinə Rusiya Prezidenti xüsusi diqqət çəkərək rusdilli məktəblərin və tədrisin geniş tətbiqinə görə İlham Əliyevə təşəkkürünü bildirib. Qeyd etmək lazımdır ki, Azərbaycanda rus dilində tədris aparılan 324 məktəb fəaliyyət göstərir və həmin məktəblərdə 160 min şagird rus dilində təhsil alır. Bundan əlavə 800 mindən çox şagird rus dilini ikinci dil kimi öyrənir. Azərbaycanın 26 ali təhsil müəssisəsində isə 15 mindən çox tələbə rus bölməsində təhsil alır. Bütün bunlar Azərbaycanın dünya ölkələrinə və dillərinə qarşı göstərdiyi humanist mövqeyin əyani sübutudur. Dünyəvi xarakter daşıyan təhsil sahəmizin inkişaf etdirilməsi baxımından xarici dillərin tədrisi olduqca mühümdür. Regional təhlükəsizlik, sülh və əminamanlıq üçün qonşu dövlətlərin biri-birinə qarşı dost münasibəti vacib amildir. Dostluq və xoş münasibətin yaranmasında isə məktəblərin, tədris proqramlarının, təhsil sahəsinin rolu danılmazdır. Dövlətin vətəndaşının yetişdirilməsində məktəblər, təməl təhsil əhəmiyyət kəsb edir. Bu baxımdan xarici dillər üzrə tədrisin genişləndirilməsi, beynəlxalq dillərin tədris edilməsi Azərbaycan Respublikasının təhsil siyasətinin ən öncül məsələlərindən biridir. Sözügedən səfər zamanı da bu vacib məsələyə hər iki Prezidentin diqqət çəkməsi təqdirəlayiqdir.
Görüş zamanı Azərbaycanın COP29 iqlim konfransında ev sahibi qismində namizədliyi də V.Putin tərəfindən dəstəklənib və alqışalayiq addım kimi qiymətləndirilib. Bu qlobal konfransda Rusiyanın dəstəyi ölkəmiz üçün müstəsna dərəcədə vacibdir. Hal-hazırda iki ölkə arasında sözügedən iqlim konfransına hazırlıqla bağlı işlər həyata keçirilir.
Səfər zamanı, yəni avqustun 19-u ölkə başçıları bir neçə mühüm sənədə imza atıblar. Bu sənədlərdən biri də “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında səhiyyə, tibbi təhsil və tibb elmi sahələrində əməkdaşlıq haqqında Saziş”dir. Bir daha Prezident İlham Əliyevin yürütdüyü siyasətin Azərbaycanı bütün sahələrdə inkişafa doğru aparmasının şahidi oluruq. Qəbul edilmiş qərarlar, imzalanmış mühüm dövlət sənədləri də bu məqsədə qulluq edir. Ölkə başçımızın da hər zaman qeyd etdiyi kimi təhsil millətin və dövlətin gələcəyini aydınlatmaq üçün ən başlıca açardır. Təhsil sahəsində inkişafyönümlü atılan addımlar da buna fokuslanmaq üçün həyata keçirilir.
Pirşağı qəsəbəsi, 112 nömrəli tam orta məktəbin
İngilis dili müəllimi Babayeva Vəfa

Oxşar xəbərlər