“Ermənistan Konstitusiyası dəyişmədən imzalanan sülh sazişi etibarsız olacaq” - HƏQİQƏTƏN DƏ...

“Ermənistan Konstitusiyası dəyişmədən imzalanan sülh sazişi etibarsız olacaq” - HƏQİQƏTƏN DƏ... ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen Azərbaycana səfər edəcək. Bu barədə ABŞ Dövlət Departamentinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, O`Brayen iyunun 27-29-da Bakıda və Xorvatiyanın Dubrovnik şəhərində səfərdə olacaq.

“Bakıda ABŞ-Azərbaycan ikitərəfli münasibətlərindəki irəliləyişi və ABŞ-ın Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması istiqamətində verdiyi dəstəyi vurğulamaq üçün O`Brayen yüksəksəviyyəli hökumət nümayəndələri ilə görüşəcək", - məlumatda bildirilib.

Bundan sonra diplomat Dubrovnik Forumunda iştirak etmək üçün Xorvatiyaya yollanacaq. Orada O`Brayen Qərbi Balkan dövlətlərinin Avro-Atlantik inteqrasiyasını müzakirə edəcək. O, həmçinin, Xorvatiya rəhbərliyi ilə müdafiə və enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparacaq.

Ekspertlər bildirirlər ki, yüksəksəviyyəli ABŞ rəsmisinin indiki halda Azərbaycana səfər etməsi sıradan səfər sayılmır. Analitiklərin qənaətincə, ABŞ aktuallaşan sülh gündəliyi ilə yaxından maraqlanır.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov mövzu barədə AYNA-ya müsahibəsində deyib ki, mayın sonu, iyunun əvvəllərində ABŞ Prezidenti Azərbaycan Prezidentinə iki məktub ünvanlayıb:

- Hər iki məktubda ABŞ Azərbaycanın strateji tərəfdaş, regionda sülh və sabitliyin qorunmasında, enerji təhlükəsizliyinin təminində önəmli ölkə adlandırıldı. Zaman-zaman O`Brayenin özünün timsalında Azərbaycana qarşı bəyanatlarının şahidi olmuşuq. Eyni zamanda, ABŞ-ın ayrı-ayrı dairələrinin, xüsusilə, Senatın ölkəmizə qarşı qərəzli yanaşmaları, zidd fikirlər səsləndirilir. Bununla belə, son nəticədə, Vaşinqtonda da anlayırlar ki, Cənubi Qafqazda baş verən proseslər Azərbaycanın müəyyənləşdirdiyi gündəlik əsasında formalaşır. Azərbaycana qarşı radikal bəyanatları ilə yadda qalan O`Brayenin özünün son açıqlamaları deməyə əsas verir ki, ABŞ regionda öz maraqlarını qorumaq üçün kiminlə, hansı ölkə ilə əməkdaşlıq etməli olduğunu başa düşüb. Bilirlər ki, bölgədə gündəliyi Bakı, Azərbaycanın lideri diktə edir. Bu baxımdan, O`Brayenın Azərbaycana səfərini təəccüblə qarşılamaq düzgün deyil.

- Düzdür, səfərin məqsədi qısa olaraq açıqlanıb. Amma sizcə, geniş spektrdə nələr müzakirə olunacaq?

- Təsadüfi deyil ki, O`Brayen Bakıya gəlməzdən əvvəl Dövlət Departamenti səfər zamanı daha çox sülh məsələsinin müzakirə olunacağını açıqlayıb. ABŞ hesab edir ki, sülh və sabitlik məsələsi təkcə Azərbaycanla bağlı məsələ deyil, eyni zamanda, Şərqlə Qərb arasında təhlükəsiz tranzitin təmini məsələsidir ki, burada da Azərbaycan açar ölkədir. Bunu Azərbaycan lideri, cənab İlham Əliyev illər öncə qeyd edib ki, sülh və sabitlik, Zəngəzur dəhlizi, Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılması ümumbəşəri məsələdir. Görünür, ABŞ-ın yüksəkçinli rəsmiləri bunu anlayıblar, müzakirəni bu istiqamətdə aparmağa can atırlar. Hesab edirəm ki, O`Brayenın görüşlərdə Azərbaycanın formalaşdırdığı sülh gündəliyi üzərində müzakirələraparacaq.

- Maraqlıdır ki, ABŞ rəsmilərinin bəyanatları əməldə özünü göstərmir. Məsələn, Azərbaycanın Ermənistandan etdiyi tələblərin həyata keçirilməsi üçün Vaşinqtondan İrəvana bir çağırışın şahidi olmuruq. ABŞ-dan bəyan edilir ki, sülh sazişi imzalansın, amma Ermənistana Bakının tələblərinin yerinə yetirilməsi üçün çağırışı eşitmirik...

- Azərbaycanın mövqeyi kifayət qədər aydındır. Əlbəttə, Azərbaycan sülhəı istəqamətlənən istənilən səyi dəstəkləyir. Amma bizim üçün 30 il effektsiz davam edən sülh danışıqlarının davamı lazım deyil. Bakı tələb edir ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var ki, bu, dəyişməlidir. Azərbaycan ona görə bunun dəyişməsində israrlıdır ki, sabah Ermənistan tərəfi imzalanan sülh sazişini “konstitusiyaya zidd” adlandıraraq poza bilməsin. Bu təhdidlər, təhlükələr var. Biz dəfələrlə demişik, bir daha da deyirik ki, Ermənistan Konstitusiyasının 6-cı maddəsi dəyişməlidir. Orada ifadə olunur ki, Ermənistan Konstitusiyasına zidd sənəd heç bir halda parlamentlərində ratifikasiya oluna bilməz. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, o zaman Ermənistan Konstitusiyasının preambula hissəsinin “Müstəqillik Aktına” istinadı aradan qaldırılmalıdır. Çünki orada Azərbaycana qarşı ərazi iddiası əks olunub. Sülh sazişi ilə konstitusiya sənədi arasında ziddiyyət qalmamalıdır. Bu, etibarlı sülh olmayacaq.

Rəsmi Bakının bu barədə mövqeyi kifayət qədər aydındır və hüquqa əsaslanır. Düşünürəm ki, O`Brayenlə bu məsələlər müzakirə olunacaq, bir daha ABŞ tərəfinə Bakının mövqeyi çatdırılacaq. Bəli, biz Vaşinqtonun sülh səylərini dəstəkləyirik, amma bu sülh sazişi effektsiz, formal sülh olmamalıdır.

- Ermənistan Konstitusiyasına dəyişiklik olmadan imzalanan sülh gələcəkdə hansı problemlərə gətirib çıxara bilər? Çünki bəzi ekspertlər bildirirlər ki, Ermənistan Konstitusiyasında dəyişiklik olmadan da sülh sazişi imzalana bilər...

- Təbii ki, imzalana bilər. Amma bu, işlər olmayacaq. Konstitusiyaya dəyişiklik edilmədən imzalanan sülh sazişi ilk növbədə, parlamentlər tərəfindən ratifikasiya olunmalıdır. Ermənistan Konstitusiyasının 6-cı maddəsində isə göstərilir bu sənədə zidd olan heç bir sənəd parlament tərəfindən ratifikasiya edilə bilməz. Bu o deməkdir ki, sülh sazişi imzalansa da, formal olacaq, konstitusiyaya zidd olacaq. Ermənistan hakimiyyəti həmin sazişi istənilən vaxt Konstitusiya Məhkəməsində ləğv etdirə biləcək. Bu, Bakı üçün məqbul deyil. Yenə deyirəm, bizim mövqeyimiz aydın və qətidir.

- O`Brayen Bakıya səfərindən sonra Vaşinqton İrəvana Azərbaycanın tələblərini yerinə yetirməklə bağlı diktə edə bilərmi?

- Əslində Ermənistanın mövcud dövlətçilik konfiqurasiyası məhz diktə üzərində qurulub. Ermənistan Azərbaycan kimi, müstəqil siyasət yürütmür, suveren deyil. Sadəcə indi Ermənistan ağa dəyişmək ərəfəsindədir, Fransanın, Rusiyanın, yoxsa ABŞ-ın diktəsi ilə oturub-durmaq haqqında düşünür. Hansı gücün “əli” güclü olacaqsa, onun diktəsini qəbul edəcək.

Əlbəttə, ABŞ-ın Ermənistan üzərində ciddi təsirləri, diktə etmək imkanları var. İndiki məqamda güclərin maraqlarına baxmaq lazımdır. O`Brayenın səfəri onu göstərir ki, ABŞ artıq regiondakı reallıqları dərk edir. Təbii ki, ABŞ-ı regionda sülh yox, iqtisadi maraqlarının daha təhlükəsiz formada təmini maraqlandırır. Əlbəttə, bu da dayanıqlı sülhdən keçir. Düşünürəm ki, O`Brayenin timsalında Vaşinqton sülh üçün çalışmalıdır. Səfərin nəticəsi nə olacaq, pərdəarxasında nələr danışılacaq, deyə bilmərik. Bu, sonrakı proseslərdən aydın olacaq. Amma bir məsələ aydındır ki, bölgə ilə bağlı son qərarları cənab İlham Əliyev verir. O`Brayenin səfərindən, görüşlərdən sonra verilən bəyanatlardan məlum olacaq ki, Vaşinqtonun mövqeyi nədir.

Oxşar xəbərlər