
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli "Sherg.az"a açıqlamasında bildirib ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin birgə imzaladıqları 2020-ci il 10 noyabr anlaşmasına əsasən, ölkəmizin qədim Zəngəzur ərazisindən Naxçıvana nəqliyyat və kommunikasiya xətlərinin açılması bu dəhlizin əsas hissəsini təşkil edir. Ekspertin sözlərinə görə, ümumiyyətlə, Zəngəzur dəhlizi layihəsi, təkcə Naxçıvanla Azərbaycanın digər bölgələri arasında nəqliyyat körpüsü deyil:
"Zəngəzur dəhlizi region, həmçinin Çin və Orta Asiya ölkələrini Azərbaycan-Türkiyə vasitəsilə Avropanın tranzit–nəqliyyat xəttinə bağlayır. Azərbaycanın Ermənistanın imtina etdiyi Zəngəzur dəhlizi ilə bağlı rəsmi mövqeyi bəllidir. Rəsmi Bakı malların gömrük və sərhəd nəzarətindən yalnız Naxçıvana daşındığı zaman azad edilməsini, mallar Azərbaycandan üçüncü ölkəyə daşındıqda, təbii ki, gömrük və sərhədləri nəzarətinin Ermənistan tərəfindən aparılmasını istəyir. Niyə Azərbaycanın bir hissəsindən digər hissəsinə gedərkən bizi hansısa ölkənin sərhədçisi, gömrükçüsü yoxlamalıdır?!".
S.Əsədli hesab edir ki, irəli sürülən Kalininqrad modeli yaxşı ideyadır: "Bu modelə görə Rusiyadan gələn sərnişin, yük qatarları Litva sərhədinə qədər adi şəkildə gəlir. Litva sərhədinə çatanda isə qalan yolu qatar heç bir yerdə dayanmadan bütün qapı və pəncərələri bağlanılmaqla Kalininqrada doğru hərəkət edir. Həmin qatarlar yalnız Kalininqrad sərhədini keçəndən sonra yenidən adi qaydada hərəkət edir. Azərbaycanın əsas hissəsilə Naxçıvan arasında 44 km məsafə var. Kalininqrad variantına əsasən bu yol boyu heç bir qapı, pəncərə açılmayacaq, sərnişin və yüklər yoxlanılmayacaq. Azərbaycan bu zaman Ermənistan ərazisindən yalnız tranzit yolu olaraq istifadə edəcək. Eyni rejimlə Ermənistandan gələn qatarlar da Azərbaycandan 500 km məsafə qət etməklə Rusiyaya yan ala bilərlər".