
Millət vəkili, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu "Sherg.az"a açıqlamasında deyib ki, Brüsseldə üçtərəfli görüşün keçirilməsi başqa niyyətləri ortaya qoyur. Deputatın sözlərinə görə, həm ABŞ-nin ən yüksəksəviyyəli nümayəndəsinin, həm də Avropa Komissiyasının rəhbərinin Ermənistan Baş naziri ilə görüşməsi göstərir ki, qurulan təmaslar kollektiv Qərbin geosiyasi mübarizəsi ilə əlaqədardır:
"Yəni Ermənistan bir alət rolunda Rusiyaya qarşı mübarizədə istifadə olunacaq. Sözsüz ki, belə bir formatda görüş həm də Ermənistanın zəifliyinin göstəricisidir. Ermənistan aşkar bir alət rolunda çıxış etməkdədir. Görüşün subyektləri və obyektləri var. Subyektləri ABŞ və Avropa İttifaqıdır. Obyekt isə Ermənistandır. Ermənistan üzərindən kollektiv Qərb öz niyyətlərini həyata keçirmək istəyir. Görüşün tarixi bəlli olduğu zaman açıq mətnlə özləri etiraf etdilər ki, görüş çərçivəsində Ermənistana təhlükəsizlik təminatları veriləcək. Ermənistana niyə, kimin qarşısında təhlükəsizlik təminatı verilir? Qərb Ermənistan üzərindən Rusiyaya qarşı ikinci cəbhəsini açmaq istəyir. Sonradan Azərbaycanın sərt etirazları fonunda fərqli cavablar verməyə başladılar, fikri yayındırmağa çalışdılar. Blinkenin və Fon der Lyayenin Azərbaycan Prezidenti ilə telefon əlaqəsi də onların özlərinə bəraət qazandırması kimi dəyərləndirilməlidir. İddia edirdilər ki, guya, Brüssel görüşü Ermənistana iqtisadi dəstəklə bağlıdır və s. Əgər söhbət Ermənistanın iqtisadiyyatına dəstəkdən gedirsə, niyə belə bir format seçilir? Başqa formatlarda iqtisadi mahiyyətli təmaslar qurula bilərdi. Deməli, məqsəd Cənubi Qafqaz regionu üçün çox ciddi təhlükələr yaratmaqdan ibarətdir. Çünki Cənubi Qafqazda Rusiyaya qarşı bir plasdarm formalaşdırmaq istəyirlər".
Parlament üzvü vurğulayıb ki, məsələnin Azərbaycanla bağlı tərəfi odur ki, Qərb Ermənistana vədlər verir. İrəvan isə Qərbin qarşısında istəklər ortaya qoyur: "Vəd və istəklər onunla bağlıdır ki, Ermənistana dəstək məhz Azərbaycana qarşı həyata keçiriləcək. Bizim üçün narahatedici məqam budur. Təbii ki, biz narahat olmuruq ki, Ermənistan hansısa mövqeyini geri qaytara bilər. Bu, mümkün olmayan məsələdir. Azərbaycan o dərəcədə güclü mövqelərə sahibdir ki, heç bir halda bu mövqelərdən geri çəkilməyəcək. Ermənistanın Azərbaycana qarşı çıxacaq gücü yoxdur. Sadəcə olaraq regiona gərginlik elementləri yarana bilər. Ermənistan tamamilə Qərbdən idarə olunur. Sadəcə olaraq Nikol Paşinyan və onun komandası Ermənistanı idarə edən menecerlərdir. Menecerliyi də Qərbdən gələn təlimatlar əsasında həyata keçirməkdədirlər. Fransa açıq şəkildə Ermənistanı silahlandırır. Hindistanda hazırlanan silahlar Ermənistana ötürülür. BMT-nin keçmiş baş katibi Rasmussenin Aİ-Ermənistan əlaqələrinə dair açıqladığı hesabatdan görünür ki, Ermənistan tam geosiyasi mübarizə cəbhəsinə cəlb olunacaq. Amma reallıq odur ki, Qərb müəyyən vədlərlə Ermənistanı çox təhlükəli oyunlara çəkəcək. Qərbin geosiyasi eksperimentlərinin tətbiq edildiyi bölgələrə necə baha başa gəldiyini görmüşük. Ukraynada vəziyyət göz önündədir. Ermənistanda da belə bir vəziyyət yaratmaq istəyirlər".