
Bu qələbə Orta Asiyadakı Türk dövlətlərində də ümid və inam yaratdı. O vaxta qədər ciddiyə alınmayan Türk dünyası ölkələrinin birlik arzularına olan inamdan gedir söhbət. Türk dünyası 44 günlük müharibədən sonra anladı ki, birlik olarsaq qlobal güclər istəməsə də belə məqsədlərimizə çata bilərik. Aydındır ki, Ermənistan bir vasitə idi, onun arxasında isə şimal və cənub qonşularımız dururdu. Ölkə başçısı cənab İlham Əliyevin Türk Dövlətləri Təşkilatının toplantılarından birində dediyi kimi: “Türk dünyasını bir-birindən ayırmaq üçün Ermənistanı bir xəncər kimi onun bağrına saplamışlar”. Bax 44 günlük müharibə və bu müharibədən sonra yaranmış yeni reallıqlar sayəsində çox da uzaqda olmayan Zəngəzur dəhlizi layihəsi, həmin bağrımıza saplanmış xəncəri çıxarma yolundakı zəfər addımlarıdır.
Zəfərdən sonra Şuşada Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsi, onun ardınca İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşü və həmin zirvədə Şuranın adının dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırılması və bununla da yeni mərhələyə keçilməsi bu qəbildən olan addımlardan idi. Türk dövlətləri başa düşürlər ki, qarşılarında duran qlobal çağırışlara cavab verə bilmək üçün öz düşərgələrini qurub birlik olmaları tarixi zərurətdir. Necə ki, bu birliyin reallaşacağına inam yaradan əsas amil 44 günlük müharibə sonucundakı zəfər oldu, eləcə də mübağiləsiz deyə bilərik ki, bu birliyin və əməkdaşlığın güclənməsində aparıcı rolu da Azərbaycan oynayır. Əgər ölkə başçısı cənab İlham Əliyevin Türk Dövlətləri Təşkilatının bütün toplantılarındakı çıxışlarını izləsək Azərbaycanın təşəbbüskar rolunu açıq-aydın görərik.
Prezident İlham Əliyevin Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu Zirvə görüşündəki çıxışından çox önəmli bir parçanı diqqətinizə çatdırmaq istəyirəm: “Hörmətli həmkarlar, əfsuslar olsun ki, bu gün dünyanın müxtəlif bölgələrində beynəlxalq hüquq normaları kobudcasına pozulur. Müharibələr, qanlı münaqişələr alovlanır. Belə olduğu halda ölkələrin müdafiə potensialı təhlükəsizliyin əsas zəmanətinə çevrilir. Hesab edirəm ki, üzv ölkələr arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlıq daha da artmalıdır”. Bəli, ölkə başçısının dediyi kimi, bu əməkdaşlıq artıb güclü birliyə çevrilməlidir. Bu birliyin təməli rolunu oynayacaq ortaq dilimiz,dinimiz,tariximiz,mədəniyyətimiz, ortaq taleyimiz və ortaq maraqlarımız var.
Balaxanı qəsəbəsi, 4 nömrəli tam orta məktəbin
İbtidai sinif müəllimi Lamiyə Məmmədova