Azərbaycanla Türkiyə bundan sonra əməkdaşlığı daha da dərinləşdirəcək

Azərbaycanla Türkiyə bundan sonra əməkdaşlığı daha da dərinləşdirəcək 20 oktyabrda Qarabağımızda, Zəngilanda Beynəlxalq Hava Limanının açılışı baş tutdu. Bu açılış iki dost, qardaş ölkənin Türkiyə və Azərbaycan Prezidentlərinin iştirakı ilə oldu. Artıq Ərdoğanın Azərbaycana səfərləri, xüsusilə də Qarabağda olan açılışlarda iştirak etməsi bir ənənə halını alıb. Bu ənənə özü də bir daha dünyaya Azərbaycan-Türkiyə strateji partnyorluğunun dönməzliyini nümayiş etdirən əhəmiyyətli bir amildir.
Azərbaycan və Türkiyə birliyi təzyiqlə, təhdidlə qorxudulanlardan olmayıb və əsla olmayacaq. Hər iki dövlətin xalqları tarixi, mədəniyyəti və mədəni dəyərləri ilə seçilən böyük bir millətin övladlarıdır. Bu siyasi mesajlarla həm də bəyan olundu ki, Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir. Azərbaycan və Türkiyə daim bir-birinə dəstək göstərir. Bizim ölkələr yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birinin yanındadır. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaq. 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə Azərbaycan-türk diaspor təşkilatlarının birgə fəaliyyətini də yada salaq. Azərbaycanın işğal altında olan hər bir şəhərinin, rayonunun, kənd və qəsəbəsinin azadlığa qovuşması sevinci dünyanın müxtəlif ölkələrində böyük coşqu ilə qeyd edildi, erməni vəhşilikləri diasporlarımız tərəfindən dünya ictimaiyyətinə faktlarla çatdırıldı. Türkiyə Prezidentinin qarşılaşdığı bu qədər haqsızlığa, ədalətsizliyə baxmayaraq diplomatiyada, iqtisadiyyatda, mədəniyyətdə dastan yazan Azərbaycan ilə fəxr etdiklərini, qardaşı İlham Əliyevin qətiyyətli liderliyi ilə Can Azərbaycanın aydın bir gələcəyə doğru əmin addımlarla irəliləməsindən məmnunluğunu ifadə etməsi dünyaya sarsılmaz olan bu birliyin gücünün, qüdrətinin, inamın və etimadın nümayişi kimi dəyərləndirilir.
Bundan sonra da Türkiyə və Azərbaycan yüksələn xətlə ancaq və ancaq irəliyə gedəcək. Ölkələrimiz hazırda beynəlxalq güc mərkəzləridir. Türkiyənin artan gücü Azərbaycanı gücləndirir və hər iki ölkə bir-birinə güc qataraq dünya miqyasında güc mərkəzinə çevrilir. Ən vacib məsələ isə budur ki, bu güc bütövlükdə bölgəyə sülh və rifah bəxş edir.
Eyyub Məşədihüseynov-Abşeron Neft Kəmərləri İdarəsin ərazi partiya təşkilatının sədri

Oxşar xəbərlər