
O, 44 günlük müharibənin 42 gününü savaşıb. Döyüş zamanı neçə-neçə yaralı və şəhid əsgər yoldaşını təxliyə edib. Xüsusi vasitələrlə erməni traktorunu işə salıb, arxasını balaca arabaya qoşaraq yaralıları ordan çıxardıb. Bunları onun döyüş yoldaşları söyləyib. Deyirlər, Kəlbəcərdə şəhidləri, yaralıları çıxardırdıq. 150-200 metr dərinliyində, dərənin aşağı hissəsində şəhid və yaralılar var imiş. Onları çıxardıblar. Orda köhnə traktor tapıblar. Rafail tez işə salıb, başqa traktordan benzin töküblər.
Maşın üçün qoşqu tapıb istifadə ediblər. Hamısı minib, traktoru da Rafail sürüb. Bir neçə kilometr gediblər, sonra starter yanıb. Ona qədər öz maşınlarımız köməklərinə çatıb. Rafailgil Murovdakı əməliyyatdan sonra, Kəlbəcərə daxil olublar, iki gün orda qalıblar. Sonra geri qayıdıb Füzuliyə tərəf irəliləyiblər. Üç gün yol gedib, Hadruta giriblər. Səhərə yaxın, meşəlik ərazidən daxil olublar. Orda atışma başlayıb.
Füzulinin kəndlərini alıblar. Ondan sonra Şuşaya tərəf gediblər. 12-13 saat, bir gecə yolda olublar. Şuşanın Daşaltı kəndinin yanında meşəlik var. 3 gün orda gözləyiblər. Gecə saatlarında Şuşaya giriblər. Şuşa-Laçın yolunda 4-5 saat atışma olub. Bütün bunları danışan döyüş yoldaşı Şuşaya girəcəyində yaralanıb, Rafail irəli gedib. Öz taborlarından tək Rafail qalıb. Başqa dəstələrə qoşulub Şuşaya hücum edib və şəhid olub...
"Vətən uğrunda" medalı ilə təltif olunub







