Azərbaycana vurulan ziyanın hesablanması məqamı yetişdi - Ermənistan məsuliyyətə cəlb oluna bilər

Azərbaycana vurulan ziyanın hesablanması məqamı yetişdi - Ermənistan məsuliyyətə cəlb oluna bilər "30 il ərzində Azərbaycan tərəfi işğal olunmuş ərazilərə baxış keçirmək üçün, şəhərlərimizin və yüzlərlə kəndimizin yer üzündən silinməsini, mədəni abidələrimizə dəyən ziyanı göstərmək üçün dəfələrlə UNESCO-nu dəvət etsə də təşkilat bundan imtina edirdi. Müharibənin başa çatmasından sonra UNESCO özü bildirdi ki, bölgəyə səfər etmək istəyir. Baxmayaraq ki, hətta bunun özü də ikili standartlardan biri idi, Azərbaycan yenə də razı oldu, amma Ermənistan etiraz etdi və missiyanı gecikdirdi. Ümumiyyətlə, Ermənistanın illər ərzində missiyanı gecikdirməsi faktı UNESCO-nun 2005-ci ildə dərc etdiyi fəaliyyət hesabatında da açıq göstərilir".
Bunu Milli.Az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Azərbaycana vurulan ziyanın hesablanması məqamı yetişdi - Ermənistan məsuliyyətə cəlb oluna bilər


O bildirib ki, Ermənistandan fərqli olaraq, Azərbaycan heç vaxt tarixi-mədəni irsə dini və etnik zəmində ayrı-seçkilik etməyib:

"Ermənilər öz uydurduqları qədim tarixə və erməni mifologiyasına özlərini o qədər inandırıblar ki, dünyaya haray çəkmişdilər ki, guya Qafqazda "vəhşi müsəlmanlar" arasında qalıblar, guya regionda mədəniyyətin ocağı, beşiyi, son məntəqəsidirlər, ermənilər olmasa mədəniyyət beşiksiz qalar. O zaman sual olunur ki, Şuşa kimi bir şəhəri, Ağdam kimi bir diyarı necə viran qoydunuz, "olduqca mədəni" Ermənistan?

Əslində isə Ermənistan missiyanın gəlməsini ona görə gecikdirirdi ki, törətdiyi qanunsuzluqlar qeydiyyata alınmasın və beynəlxalq məsuliyyətə cəlb olunmasın. İndi yenə həmin oyunu oynamaq istəsə də unudur ki, reallıq fərqli reallıqdır və daha o oyunlar keçmir. İllər boyu sanksiya olmadığı üçün cəzasızlıq sindromundan güc-qüvvət alan Ermənistan mənfur əməllərini bütün sahələrdə göstərirdi. İndi vaxt-vədə yetişib ki, nəhayət məsuliyyətə cəlb olunsunlar və ölkə kimi ərazilərimizdə urbisid, kultursid və ekosid törədən bir ölkə olduğu sübut olunsun.

Azərbaycan isə bir ölkə kimi BMT ilə münasibətlərində humanitar vəziyyətlə bağlı məsələlərdə də daim aktivlik nümayiş etdirmiş, işğaldan azad olunmuş ərazilərin bərpasına dair planlarla əlaqədar gələcək əməkdaşlığın vacibliyini hər zaman ifadə etmiş, mədəni irsə, dini və mədəni abidələrə qarşı həssaslıq nümayiş etdirmişdir. Ermənistandan fərqli olaraq, Azərbaycan heç vaxt tarixi-mədəni irsə dini və etnik zəmində ayrı-seçkilik etməyib. Azərbaycan bütün dünyada tolerantlıq, mədəni müxtəliflik nümunəsidir, multikultural dəyərləri nəinki dövlət siyasətinin tərkib hissəsi kimi, eyni zamanda yaşayış tərzi kimi görən bir ölkə və xalqdır. Qədim mədəni irsə malik olan azərbaycanlılara məxsus məscidlər, İrəvanda xanın sarayı, İrəvan qalasının divarları, çoxsaylı hamam, karvansaray, türbə, qəbiristanlıq kimi zəngin tarixi-mədəni-dini irs nümunələri mövcud olub.

Fevralın 4-də isə Prezident İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda görüşün yekun məsələlərindən biri olaraq UNESCO-nun Azərbaycana və Ermənistana missiyasının göndərilməsinə dair razılığın ifadə olunması çox vacibdir. Bu gün dövlətlər və xalqlar arasında etimad quruculuğu məsələsi ən aktual məsələlərdən biridir. Etimad quruculuğu bir neçə aspekti, eləcə də mədəni sahədə olan məsələləri özündə ehtiva edir. Habelə, beynəlxalq təşkilatların bir missiyası da dövlətlər və xalqlar arasında siyasi, iqtisadi, humanitar, mədəni, sоsiаl sahədə əlaqədələrin qurulması, düşmənçiliyin aradan qaldırılması, əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsindən ibarətdir. Azərbaycan, əslində, beynəlxalq hüququn bütün norma və prinsipləri çərçivəsində, beynəlxalq aləmdə davranış qaydalarına da ciddi əməl etməklə 44 gün ərzində beynəlxalq təşkilatların etməli olduğu işi icra etdi. İndi isə Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış qurumu olan UNESCO ikili standartlara, ədalətsizliyə yol vermədən yoxlama aparmalı və Ermənistanın illər ərzində Azərbaycanın mədəni irsinə vurduğu ziyanı hesablamalıdır".

Oxşar xəbərlər