
Prezident beynəlxalq hesabatlara əsaslanaraq Azərbaycanda xarici investorlar üçün əlverişli şərtlər olduğunu, lakin bu şərtlərə baxmayaraq, ölkəyə gələnlərin yetərincə olmadığını deyib. O, həmçinin müxtəlif ölkələrlə mövcud olan hökumətlərarası komissiyaların fəaliyyətindən narazılığını bildirib: “Bizim bir çox ölkələrlə hökumətlərarası komissiyalarımız var. Bu komissiyaların rəhbərlərinə də tapşırıram ki, komissiyaların iclaslarının keçirilməsi zamanı Azad İqtisadi Zonanın nümayəndələri mütləq təmsil olunsunlar və bu mövzu mütləq gündəliyə salınsın. Bir daha demək istəyirəm, çünki bizim bir çox ölkələrlə belə komissiyalarımız var. Amma bu komissiyaların işini təhlil edərkən görürəm ki, xarici şirkətlər Azərbaycanda daha çox podratçı kimi fəaliyyətə cəhd göstərirlər. Yəni Azərbaycanda daha çox pul qazanmaq istəyirlər, bunun mənası budur. Biz etiraz etmirik. Çünki indi biz hətta azad edilmiş torpaqlara xarici podratçıları, kontraktorları cəlb edirik. Ancaq biz istəyirik ki, xarici investorlar Azərbaycana sərmayə qoysunlar. Çünki dövlət sərmayəsi artıq öz rolunu oynayıb. Biz bütün əsas infrastruktur layihələrini icra etmişik. Təbii ki, azad edilmiş torpaqlarda indi böyük tikinti-quruculuq işlərinə start verilir. Bu da böyük iqtisadi canlanmaya gətirib çıxaracaq. Ancaq biz başa düşməliyik ki, birbaşa xarici investisiyalar olmadan ölkəmiz istədiyimiz qədər inkişaf edə bilməz. Ona görə, başqa ölkələrlə hökumətlərarası komissiyaların işi də, ilk növbədə, xaricdən vəsaiti Azərbaycana gətirməkdir”.
Prezidentin müsahibəsindən sonra Azərbaycanla onlarla dövlət arasında olan hökumətlərarası komissiyaların tərkibi ciddi şəkildə yenilənib. Eyni zamanda, Prezident İqtisadiyyat Nazirliyi ilə bağlı bir sıra sənədlərə dəyişiklik edərək, Azərbaycanı xarici ölkələrdə bu quruma tabe olan ticarət nümayəndəliklərinin yaradılmasına qərar verib. Dövlət başçısının imzaladığı yeni fərmana əsasən, bundan sonra nazirliyin strukturuna daxil olan ticarət nümayəndələrinin aparatları xarici ölkələrdəki səfirlik və konsulluqlardan kənarda fəaliyyət göstərəcək. Artıq səfirliyimiz olmayan İsraildə ticarət nümayəndəliyimiz fəaliyyətə başlayıb. Bu isə dövlətin investisiya cəlbində çox maraqlı olduğunu göstərir.
Sabunçu qəsəbəsi, 68 saylı tam orta məktəbin
direktor müavini Asiman Paşayev