Milli Kitabxanada silsilə tədbirlər davam edir

Milli Kitabxanada silsilə tədbirlər davam edir Professor Abuzər Xələfovun 90 illik yubileyinə həsr olunmuş “Azərbaycanda kitabxana-informasiya fəaliyyəti üzrə kadr hazırlığı: ənənələr və müasirlik” mövzusunda Respublika Elmi Konfransı öz işini Milli Kitabxanada davam etdirib

Milli Kitabxanada silsilə tədbirlər davam edir


Bakı Dövlət Universiteti, Kitabxanaçılıq-İnformasiya fakültəsi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Azərbaycanda kitabxanaşünaslıq elminin banisi, professor Abuzər Xələfovun 90 illik yubileyinə həsr olunmuş “Azərbaycanda kitabxana-informasiya fəaliyyəti üzrə kadr hazırlığı: ənənələr və müasirlik” mövzusunda Respublika Elmi Konfrans öz işini Milli Kitabxanada davam etdirib.

Konfransı giriş sözü ilə Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq iştirakçıları salamlayıb. O, bildirib ki, dünən Bakı Dövlət Universitetində başlayan professor Abuzər Xələfovun 90 illik yubileyinə həsr olunmuş “Azərbaycanda kitabxana-informasiya fəaliyyəti üzrə kadr hazırlığı: ənənələr və müasirlik” mövzusunda Respublika Elmi Konfransının ikinci günü Milli Kitabxanada davam edir. Direktor vurğulayıb ki, bu gün Azərbaycan kitabxanaçılarının ağsaqqalı, ölkəmizdə kitabxanaşünaslıq elminin banisi, BDU-da Kitabxanaçılıq-informasiya fakültəsinin özülünü qoyan, görkəmli kitabxanaşünas alim, professor Abuzər Xələfovun işığına toplanmışıq. Kərim Tahirov görkəmli alimin əməyindən, kitabxana sahəsində etdiyi xidmətlərdən danışaraq qeyd edib ki, biz hamımız Abuzər müəllimin yazdığı əsərlərdən, məqalələrdən bəhrələnmiş, onun əsərlərinə istinad etmişik. O, bildirib ki, biz hamımız Abuzər Xələfovun yaratdığı kitabxanaçılıq məktəbinin nümayəndələriyik. Hazırda ölkəmizdə ali təhsilli kitabxanaçı-biblioqraf kadrların hazırlanmasında Abuzər Xələfovun müstəsna xidmətləri vardır. Abuzər Xələfov kitabxanaçılıq işi tarixinə öz imzasını ömürlük qoyub. Kitabxanaçılıq işi yaşadıqca, var olduqca, Abuzər müəllimin əziz xatirəsi yaddaşlarda qalacaq.

BDU Kitabxanaçılıq-informasiya fakültəsinin dosenti, konfransın təşkilat komitəsinin sədri Ələmdar Cabbarlı çıxış edərək professor Abuzər Xələfovun 90 illik yubileyinə həsr olunmuş Elmi Konfransın ikinci günü olduğunu vurğulayıb. O, Milli Kitabxanaya, direktor Kərim Tahirova konfransı birgə keçirməyə razılıq verdiyinə görə öz təşəkkürünü bildirib. Ə.Cabbarlı vurğulayıb ki, Abuzər Xələfovun parlaq xatirəsini daim yaşadacayıq. Abuzər Xələfov çoxsaylı əsərləri var, amma onun ən böyük əsəri Kitabxanaçılıq-informasiya fakültəsidir. Çıxışının sonunda Ə.Cabbarlı Abuzər Xələfovun 70 illik yubileyində yazdığı şeiri iştirakçılara təqdim edib.

Kitabxanaşünaslıq kafedrasının müdiri, dosent Elçin Əhmədov çıxış edərək bildirib ki, dünən və bu gün konfransda çoxsaylı məruzələr dinlənilib, Abuzər Xələfovun elmi, pedaqoji fəaliyyətindən danışılıb. O, qeyd edib ki, Abuzər Xələfovun kitabxanaşünaslıq elminin inkişafında, elektron kataloqun, elektron kitabxananın yaradılmasında mühüm xidmətləri olub. Abuzər Xələfovun xidmətlərinin Ulu Öndərimiz Heydər Əliyev və möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə qiymətləndirilməsi, alimin ali dövlət mükafatlarına, orden və medallara layiq görülməsi bilavasitə kitabxanaçılara verilən dəyərin ifadəsidir.

Konfrans zamanı Milli Kitabxananın Kitabxana-informasiya xidməti və beynəlxalq əlaqələr üzrə direktor müavini Ədibə İsmayılova “Azərbaycanda kitabxana elminin banisi Abuzər Xələfov” (http://anl.az/el/emb/A.Xelefov/index.html) adlı Elektron məlumat bazasını iştirakçılara təqdim edib. Elektron məlumat bazası “Rəsmi sənədlər”, “Həyat və yaradıcılığı”, “Həyat və fəaliyyətinin əsas tarixləri”, “Görkəmli şəxslər Abuzər Xələfov haqqında”, “Mükafatları”, “Əsərləri”, “Haqqında”, “Fotoqalereya” bölmələrindən ibarətdir.

Tədbirin davamında Biblioqrafiyaşünaslıq kafedrasının müdiri, dosent Nadir İsmayılov “Professor Abuzər Xələfov elmi irsinin inkişaf mərhələləri”, Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının müdiri, dosent Knyaz Aslan “Kitab və kitabxana mədəniyyəti tədqiqatları professor Abuzər Xələfovun elmi irsində”, Azərbaycan Milli Kitabxanasının Elmi işlər və informasiya resurslarının inkişafı üzrə direktor müavini, Əməkdar Mədəniyyət işçisi Mələkxanım Hacıyeva “Azərbaycan kitabxanaşünaslığı beynəlxalq əlaqələr konteksində” mövzularında məruzə ilə çıxış ediblər.

Alimin oğlu, BDU-nun Hüquq fakültəsinin kafedra müdiri Elçin Xələfov çıxış edərək atasının elmi irsinə, tədris-pedaqoji fəaliyyətinə verilən yüksək qiymətə görə Milli Kitabxanaya Abuzər Xələfovun ailəsi adından minnətdarlığını bildirib.

Sonda iştirakçılara serifikatlar təqdim olunub və qonaqlar sərgi ilə tanış olublar.

Milli Kitabxanada “Nəsir İmanquliyev – 110” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

Milli Kitabxanada silsilə tədbirlər davam edir


Dekabrın 22-də müasir Azərbaycan jurnalistikasının təşəkkülündə xüsusi yeri olan alim-publisist, Əməkdar jurnalist, ustad redaktor, pedaqoq və ictimai-siyasi xadim Nəsir İmanquliyevin 110 illik yubileyi tamam olur.

Nəsir İmanquliyev ömrünü Azərbaycan mətbuatının, mədəniyyətinin inkişafına, cəmiyyətin obyektiv informasiya tələbatının ödənilməsinə, peşəkar jurnalist kadrların hazırlanmasına həsr etmişdir. Professor Nəsir İmanquliyev Azərbaycanda jurnalistikanın təməlini qoyan və onu inkişaf etdirən Həsən bəy Zərdabi, Məhəmməd ağa Şaxtaxtlı, Ömər Faiq Nemanzadə, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Mirzə Cəlil, Üzeyir Hacıbəyli kimi klassiklərimizin ənənələrini davam etdirmiş, cəmiyyət həyatının ən müxtəlif sahələrini əks etdirən yazıları ilə mətbuat tariximizə layiqli töhfələr vermişdir. Onun fəaliyyəti, yaradıcılığı da, öz növbəsində, böyük simaların, jurnalist ordusunun yetişməsində tarixin əhəmiyyətli bir mərhələsi olmuşdur. Ömrünün 50 ilini Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində milli kadrların hazırlanmasına sərf etmiş alim-publisist zəngin pedaqoji fəaliyyəti ilə Azərbaycan jurnalistlərinin böyük bir nəslinin formalaşmasında mühüm rol oynamış, milli mətbuatımızın tarixində özünün jurnalistika məktəbini yaratmışdır.

Bu münasibətilə, Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Nəsir İmanquliyev – 110” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə Nəsir İmanquliyev haqqında rəsmi sənəd, mükafatları, haqqında yazılan kitab və məqalələr nümayiş olunur.

Oxşar xəbərlər