“Rəsmi Bakı Saakaşviliyə “sığınacaq” verir” iddiası

“Rəsmi Bakı Saakaşviliyə “sığınacaq” verir” iddiası Ekspert: “Belə bir ehtimal var, amma…”

Gürcüstanda iqtidarda olan “Gürcü arzusu” koalisiyasının anti-Azərbaycan mövqeyi başına dərd aça bilər. Belə ki, indiyə qədər səbirli davranan rəsmi Bakının Tiflisə yerini göstərmək üçün Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili faktorundan istifadəyə cəhd edəcəyi deyilir.

Hətta Azərbaycan tərəfin Saakaşvilinin ölkəyə girişinə qoyduğu qadağanı aradan qaldıracağı və sabiq prezidentin Bakıya gəlişi reallaşarsa, ona “sığınacaq” verə biləcəyi də vurğulanır. Azərbaycanın belə bir addım atmağa haqqının olduğu da qeyd olunur. Arqument kimi də ölkə iqtidarının əleyhinə fəaliyyət göstərənlərin məskən kimi daha çox Tiflisi seçdikləri göstərilir. Belə ki, son illərdə mühacirətə gedənlərin tam əksəriyyəti ya Gürcüstana gedirlər, ya da bu ölkə üzərindən Avropaya üz tuturlar. Bu azmış kimi, Azərbaycanda hökumət əleyhinə fəaliyyət göstərən bəzi qüvvələr beynəlxalq təşkilatlardan aldıqları qrantları Gürcüstan üzərindən əldə edirlər. Çünki rəsmi Bakı ölkəyə birbaşa daxil olan qrantların qarşısını alıb.

Virtualaz.org saytında “Saakaşvili tezliklə Bakıda görünəcək” başlıqlı yazı gedib. Həmin yazıda qeyd olunur ki, Gürcüstan hökumətinin Azərbaycan hakimiyyətinə qarşı çıxan, o cümlədən radikal-ekstremist və hətta etnik separatçılıq mövqeyində olan elementlərə münasibətdə davranışlarını dəyişmək niyyətində olmadığını görərək Bakı Saakaşvili variantını işə salmağa hazırlaşır. Hətta virtualaz.org bildirir ki, biz tezliklə Saakaşvilini Azərbaycanda görə bilərik. Sabiq prezidentin Bakı ilə münasibətlərinin heç zaman pis olmadığı da vurğulanır.

“Gürcü arzusu”nun hakimiyyətə gələndən sonra Saakaşvilinin Gürcüstana girişini qadağan etməsi səbəbindən rəsmi Bakının məhz bu iqtidar naminə eyni addımı atmasına baxmayaraq, rəsmi Tiflisin mövqeyinin dəyişməməsinin Azərbaycan tərəfini təngə gətirdiyi bildirilir. Yazıda hazırkı gürcü iqtidarının ölkə daxilində mövqelərinin kifayət qədər kövrək olduğu və belə bir vaxtda Saakaşvilinin məskən kimi Bakını seçib Gürcüstana bir qədər də yaxınlaşmasının orada təlatüm yaradacağı iddia olunur.

Ekspertlərin bu ehtimalların mümkün olub-olmadığı barədə fikirləri müxtəlifdir.

Əslən Gürcüstandan olan iqtisadçı ekspert Natiq Cəfərli bu məsələyə iki yöndən yanaşır: “Birincisi, Gürcüstanda seçki dönəmidir. Bu dönəmdə siyasi partiyalar daha çox səs qazanmaq üçün müxtəlif açıqlamalar verirlər. Bir növ populizmə yuvarlanırlar. ”Gürcü arzusu” ermənilərin səslərini qazanmaq üçün onlara yönəlik bəzi addımlar atır. Çünki orada erməni əsillilər siyasətdə kifayət qədər aktivdirlər. Azərbaycanlılar da sayca orada çoxdur. Sadəcə, onlarla işləyən yoxdur. Gürcü iqtidarı azərbaycanlıların aktiv siyasətdə təmsil olunmaları üçün uyğun siyasət aparmır. Bu da öz-özlüyündə səhv bir addımdır. Azərbaycanlıların saylarını, onların səslərinin önəmini düşünsək, bu yöndə iş aparsaq, orada heç bir qüvvə Azərbaycanın əleyhinə bəyanat verməzdi. Çünki soydaşlarımızın səslərini itirəcəklərindən qorxardı. Bu yöndə mütləq iş aparılmalıdır. Azərbaycan hökumətinin burada mühüm rolu olmalıdır. İkincisi, Saakaşvili məsələsinə gəlincə, bu çox çətin bir işdir. Çünki onun məsələsi tək Gürcüstanla münasibətləri müəyyən etmir. Belə bir qərar Rusiya ilə də ciddi gərginliyə səbəb ola bilər. Saakaşviliyə Rusiyanın münasibəti hamıya məlumdur. Azərbaycanın Saakaşvilinin siyasi fəaliyyətinə şərait yaratması Kreml tərəfindən çox sərt qarşılana bilər. Bu baxımdan düşünmürəm ki, Azərbaycan hökuməti Rusiya ilə münasibətləri gərginləşdirəcək hər hansı bir addımlar atsın. Amma bu məsələni gündəmdə saxlayaraq, ən azından Gürcüstan tərəfə müəyyən təzyiqlər etmək mümkündür. Belə bir ehtimal var. Bunu dəyərləndirmək olar. Açığı, bu məsələnin həll olunacağını düşünmürəm. Burada əsas səbəb gürcü iqtidarı deyil. Azərbaycan hökuməti dəfələrlə bəyan edib ki, digər dövlətlərin siyasi yöndə daxili işlərinə qarışmaq istəmir. Bu yöndə doğrudan da hakimiyyət neytral mövqe tutmağa çalışır. Amma indi Azərbaycan qonşu ölkələrdən Gürcüstana belə bir müdaxilə etsə, bu heç də yaxşı bir şey olmaz. Çünki qarşı tərəfdən ölkəmiz əleyhinə istifadə ediləcək arqumentlər ola bilər. Dünyada oyun qaydaları tamam başqadır. Azərbaycanın neytral mövqedə qalması çox vacibdir. Bunu daha çox sivil toplum, media, siyasi partiyalar xətti ilə həyata keçirmək daha doğru olardı”.

N.Cəfərli Saakaşvilinin Azərbaycandan Gürcüstan siyasətində uğur qazanmasının mümkünlüyündən də danışdı: “Azərbaycanın Gürcüstana siyasi, iqtisadi, coğrafi yaxınlığını nəzərə alsaq, Saakaşvilinin şansları arta bilər. Amma dediyim kimi, bu, təkcə Gürcüstan deyil, şimal qonşumuzdan ölkəmizə ciddi problemlər yarada bilər. Burada nəyi qazanıb, nəyi itirəcəyimizi hesablamaq lazımdır. Mənə elə gəlir ki, indiki vaxtda belə bir addımın atılması real və doğru deyil. Ən azından seçkiləri gözləmək lazımdır. Çünki Gürcüstanda əvvəl prezident, sonra da parlament seçkiləri olacaq. Orada Saakaşvilinin partiyası səs artıra bilsə, daha çox səs qazanıb hökumətin formalaşmasında daha mühüm rol oynamaq şansı qazansa, o zaman Saakaşvili ilə sıx münasibətlərin qurulmasına ehtiyac yaranacaq. İndiki halda belə addımların atılması risk tələb edir. Hər şey qanunlar çərçivəsində olmalıdır. Məsələn, Gürcüstan hökumətindən biz tərəfdən sığınacaq alanlar var. Bu baxımdan Azərbaycan tərəfi Saakaşvilinin tərəfdarlarına sığınacaq verə də bilər. Gürcüstan üzərindən əldə olunan qrantlardan söz açdınız. Onu qeyd edim ki, ölkə iqtidarının QHT-lərə münasibətinin dəyişməsi burada çox vacibdir”.

Oxşar xəbərlər