Məktəblərdə növbə dəyişikliyi - 15 manat

Məktəblərdə növbə dəyişikliyi - 15 manat Bakının bəzi orta məktəblərində növbə dəyişikliyi üçün indidən valideynlərdən pul yığılmasına başlanılıb

Belə ki, müəllim və valideynlər ikinci növbədə təhsil alacaq şagirdlərin dərs qrafikində dəyişiklik edilməsi, konkret olaraq birinci növbəyə keçmələri üçün yeni tədris ilində məktəb rəhbərliyinə müraciət edirlər. Direktor şagirdlərin dərs qrafikinin dəyişilməsinə ilkin olaraq birinci növbədə boş sinif olmadığını əsas gətirərək etiraz edir. Ancaq sonra təklif olunan məbləğ qarşısında məktəb rəhbərliyi susqunluq nümayiş etdirir və məsələ də beləcə öz “həllini tapır”.

Qeyd edək ki, artıq bu “sistem” neçə illərdir ki, bəzi orta məktəblərdə tətbiq olunur. Yığılan məbləğ isə valideynlər tərəfindən ödənilir. Məsələ bundadır ki, bu təklifi ən çox elə valideynlər özləri verir və müəllimlər tərfindən də dəstəklənir. Müəllimlər ikinci növbədə işləməyi günün bütünlüklə itirilməsi hesab etdiklərindən valideynlərin təklifini dəstəkləyir və direktorla-sinif arasında vasitəçi olurlar. Növbənin dəyişdirilməsi isə hər valideynə məktəbin yerləşdiyi ərazi, şagird sayından asılı olaraq 15 -20 manata başa gəlir.

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov Cebhe.info-ya açıqlamasında bildirib ki, direktorun tədrisi birnövbəli etmək kimi müstəsna səlahiyyəti yoxdur:

“Sadəcə olaraq, bəzi təhsilə millətin gələcəyi kimi baxan yox, öz gələcəyi kimi baxan direktorlar qanunun onlara verdiyi imkandan öz məqsədləri üçün istifadə etməyə başlayıblar: “Bir neçə il əvvəl, orta məktəblərdə tədris günü 6 gündən 5 günə edirildi və buna görə də, dərslər iki növbəli təşkil edilməyə başlandı. Lakin araşdırma aparılan zaman məlum oldu ki, 5 günlük dərs zamanı şagirdlərin gündəlik dərs yükü 7 və hətta 8 fənn olur. Və bu zaman şagirdlər əlavə olaraq çox yüklənir. Bundan əlavə, dünya təcrübəsində orta məktəbdə tədris 4, maksimum 5 dərsdən artıq ola bilməz. Çünki bir insan gün ərzində 5 ayrı-ayrı informasiyanı qəbul edib qavraya bilməz. Bütün bunları nəzərə alaraq, Təhsil Nazirliyi dərs gününü 5 gündən 6 günə qaytardı və bu da məktəblərə imkan verir ki, ilk növbədə, müəllim kadrların və siniflərin sayını nəzərə alaraq tədrisi bir növbəli aparsın. Bir daha demək istəyirəm ki, birnövbəli tədrisin aparılması məktəbin kadr hazırlığı və sinif otaqlarının sayından asılıdır”.

Müəllimlər kimi valideynlər də çox istəyirlər ki, uşaqları məhz ikinci növbədə deyil, birinci növbədə təhsil alsınlar. Ekspert bu məsələyə də öz münasibətini bildirib. O deyib ki, valideynlər müəllimlərə inanır: “Onlar elə bilir ki, bu problem pul verməklə, direktorun istəyinə görə həll olunur. Bu, əlbəttə ki, belə deyil. Təəssüflər olsun ki, bəzi müəllimlər də direktorla əlbir olub valideynləri inandırmağa çalışır ki, bunu direktor həll edə bilər”.

Cebhe.info

Oxşar xəbərlər