Narkomanların müalicəsi ilə bağlı qaydalar dəyişdirildi

Narkomanların müalicəsi ilə bağlı qaydalar dəyişdirildi Nazirlər Kabineti “İxtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicənin Şərtləri və Qaydaları”nda dəyişiklik edilib

Nazirlər Kabinetindən verilən məlumata görə, bu qaydada edilən yeni əlavəyə əsasən, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş, habelə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərin ixtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicəsi barədə məhkəmə qərarlarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət ediləcək.

NK “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası” da dəyişdirilib. Qaydalara edilən dəyişikliklərə əsasən, narkomanlar üçün tətbiq edilən məcburi müalicə yalnız onların səhhətinin, həm də psixoloji vəziyyətinin yaxşılaşmasına yönəldiləcək.

NK-nın “Şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədi ilə tibbi yoxlamanın aparılması Qaydası”na edilən yeni dəyişikliklərə uyğun olaraq, şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədi ilə həmin şəxs narkoloji müəssisələrdə tibbi yoxlama icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli orqanın (vəzifəli şəxsin) müraciəti əsasında aparıldıqda, inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmaması həkim-narkoloq tərəfindən müəyyən ediləcək.

İnzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş şəxslərin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyən etmək məqsədi ilə keçirilmiş tibbi yoxlamanın nəticəsi yoxlama aparılması haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) müraciəti narkoloji müəssisəyə daxil olduğu andan 24 saat müddətində müvafiq səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Həkim-narkoloq aparılmış müayinələrə və imzaladığı rəyə görə məsuliyyət daşıyır.//trend

Oxşar xəbərlər