Azərbaycan qənaət rejiminə keçdi

Azərbaycan qənaət rejiminə keçdi Paytaxtda bir çox küçələrdə gecə saatlarında işıqlar söndürülməyə başlayıb

Dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması və dolların bahalaşmasından sonra Azərbaycan hökuməti müxtəlif xərclərə qənaət etməyə başlayıb. Bunlardan biri də paytaxtda elektrik enerjisinə qənaət edilməsi ilə bağlıdır.

Qənaət planı şəhərin mərkəzi küçələrində də hiss edilir. Belə ki, paytaxtın Səbail, Yasamal, Abşeron və s. kimi rayonlarında əvvəllər gecə saatlarına qədər söndürülməyən işıqlar indi daha tez söndürülür.

Məsələn, sakinlərin daha çox üz tutduqları “Tarqovı” kimi tanınan Nizami küçəsində əvvəllər işıqlar gecəyə kimi yanırdısa, indi qənaət etmək üçün saat 22:00-da söndürülür.

Yasamal rayonunda, Akademik Milli Dram Teatrı ətrafındakı küçələrdə isə işıqlar əvvəllər gecə saat 03:00-da söndürülürdüsə, indi bunu 00:00-da edirlər.

“Tarqovı”nın işıqları söndürülmüş mənzərəsini sizə təqdim edirik:

Bakı Şəhər İşıq İdarəsinin (BŞİİ) Səbail rayon şöbəsinin müdiri Şahmurad Məmmədov da faktı təsdiqlədi və bunun qənaət məqsədilə edildiyini dedi.

“Nəinki, Səbail rayonunda, ümumiyyətlə, paytaxtın bütün ərazilərində qənaət məqsədi ilə axşam saat 22:00-dan sonra işıqlar söndürülür”.

Oxşar xəbərlər