Son illər Azərbaycanda, xüsusən də Bakıda mənzil qiymətlərinin sürətlə artması əhalinin ciddi narazılığına səbəb olub. 2025-ci il daşınmaz əmlak bazarı üçün rekord bahalaşma ili kimi yadda qaldı. Bazarda qiymət artımı davam edərkən əsas sual 2026-cı ildə vəziyyətin necə olacağı ilə bağlıdır.İqtisadçı Xalid Kərimli Musavat.com-a mövzu ilə bağlı açıqlamasında qiymət artımının bir neçə əsas səbəblə bağlı olduğunu bildirib
Onun sözlərinə görə, əsas amillərdən biri Bakının mərkəzində tikinti üçün torpaq sahələrinin faktiki olaraq tükənməsidir: “Yeni yaşayış binalarının inşası üçün ya köhnə tikililər sökülməlidir ki, bu da əlavə xərclər yaradır, ya da mövcud torpaq sahələri çox baha qiymətə alınır. Bakı ərazi baxımından kiçik şəhərdir və xüsusilə mərkəzi hissədə tikinti imkanlarının məhdudlaşması qiymətlərin artmasına birbaşa təsir göstərir”.
İqtisadçı qeyd edib ki, şəhərsalma qaydalarının sərtləşməsi də tikinti xərclərini artıran mühüm faktorlardandır: “Əvvəllər binalar bir-birinə çox yaxın tikilir, ara məsafələri və infrastruktur tələbləri lazımi səviyyədə qorunmurdu ki, bu da tikintini ucuzlaşdırırdı. Hazırda isə yeni layihələrdə məsafələr, həyət sahələri, giriş-çıxış yolları və təhlükəsizlik standartları ciddi şəkildə nəzərə alınır və bu da ümumi maya dəyərini yüksəldir”.
Xalid Kərimliyə görə, tikinti materiallarının və daşınma xərclərinin bahalaşması da qiymət artımına ciddi təsir edir: “Yükdaşımada normativlərin sərtləşdirilməsi nəticəsində əvvəl bir maşınla daşınan yük indi bir neçə maşınla daşınır. Bu isə daşınma xərclərinin artmasına, nəticədə material qiymətlərinin yüksəlməsinə səbəb olur”.
Onun qənaətincə, inflyasiya və Tarif Şurasının qərarları da bazara təsirsiz ötüşmür: “Kommunal xidmətlərin, yanacağın, istiliyin bahalaşması tikinti sektorunda xərcləri artırır. Həmçinin, əməkhaqlarının mərhələli şəkildə yüksəlməsi tikinti şirkətlərinin xərclərinə təsir edir”.
İqtisadçı əlavə edib ki, bütün bu proseslər fonunda əhalinin alıcılıq qabiliyyəti də müəyyən qədər artıb və bazarda real alıcı mövcuddur: “Mənzillərin əsas alıcıları yerli əhali və xaricdə yaşayan azərbaycanlılardır. Xarici vətəndaşların payı böyük deyil. Azərbaycan daşınmaz əmlak bazarı Dubay kimi xarici kapital hesabına formalaşan bazar sayılmır. Mövcud tendensiyalar dəyişməzsə, 2026-cı ildə də qiymət artımının davam etməsi ehtimalı yüksəkdir”.