Ukrayna savaşı ilə bağlı “sülh pəncərəsi” artıq açılıb, ancaq hələlik heç kim içəri daxil olmaq istəmir, ABŞ-da daxili ziddiyyətlər və Avropa Birliyinin parçalanmış mövqeyi bu prosesi daha da mürəkkəbləşdirir... Yeni “Tramp planı” ətrafında yaranmış siyasi-diplomatik xaos onu göstərir ki, Ukrayna üçün “ədalətli sülh” və Rusiya üçün isə “qələbənin legitimləşdirilməsi” arasındakı uçurum olduqca dərindir...Ukrayna savaşı ətrafında yaranmış situasiya qəlizləşməklə yanaşı, həm də qlobal böhrana yol açmağa başlayıb. Belə ki, Tramp adminitrasiyasının Rusiya ilə gizli şəkildə hazırladığı və gözlənilmədən Qərb mətbuatına sızdırılan “sülh planı” tədricən dünyanı qlobal xaosa sürükləyən faktor rolunu oynamaqdadır. Hər halda, hazırda qlobal böhran və geopolitik xaosun əlamətlərinin açıq şəkildə sezildiyi bir şəraitdə beynəlxalq məkanda kəskin ziddiyyətlər, siyasi parçalanma və informasiya manipulyasiyaları müşahidə olunur. Və bu baxımdan, son vaxtlar ABŞ, Avropa Birliyi və Ukrayna siyasi dairələrindən verilən açıqlamalar, eləcə də, Ağ Evdə yaşanan ciddi mübahisələr Tramp administrasiyasının “sülh planı”nın doğurduğu real situasiyanı ortaya qoyur.
Onu da qeyd etmək lazımdır ki, indi yalnız yeni “Tramp planı”nın məzmunu deyil, həm də, ümumiyyətlə, bu sənədin necə hazırlanması da kəskin mübahisələrə yol açmaqdadır. Xüsusilə də, ABŞ-ın siyasi məkanında bu “sülh planı” hakimiyyətin müxtəlif qolları arasında daxili böhrana yol açmağa başlayıb. Belə ki, ABŞ Senatında respublikaçı Mayk Rounds və demokrat Jeanne Shaheenin açıqlaması Ukrayna savaşının siyasi-diplomatik həlli ilə bağlı gözləntiləri tamamilə başqa müstəviyə daşımış oldu. Çünki onlar bildiriblər ki, Ukraynaya təqdim olunan “sülh planı” əslində, məhz Rusiyanın hazırladığı sənəddir və ABŞ-a vasitəçi-müəllif olması üçün ötürülüb.
Məsələ ondadır ki, Ukraynaya dəstəyin tərəfdarı olan respublikaçı Mayk Roundsun dediyinə görə, ABŞ-ın dövlət katibi Marko Rubio ona telefonla zəng edərək, “sülh planı”nın mənşəyi ilə bağlı sensasion etiraflar səsləndirib: “Məncə, Marko Rubio bizə çox açıq şəkildə bildirdi ki, ABŞ bu “sülh planı”nın məhz Ağ Ev təmsilçilərindən birinə ötürülməsi nəticəsində, həmin “sənədi” sadəcə, alan tərəfdir. Yəni, bu, bizim “sülh planı”mız deyil, alınmış bir təklifdir. Ancaq biz onu dərc etməmişik, bu sənəd sızdırılıb. Dövlət katibi Marko Rubio aydın şəkildə bildirdi ki, bu sənədi ukraynalılara çatdırmaq imkandan istifadə olunub və onların da cavab vermək imkanı olacaq”.
Maraqlıdır ki, bundan sonra açıqlama verən digər Ukraynaya dəstək tərəfdarı olan respublikaçı konqresmen Don Bacon isə çıxış edərək bildirib ki, bəzi şəxslər bu “dörd gün ərzində şahidi olduğumuz açıq-aydın iflasa” görə mütləq istefa verməlidirlər. Çünki Tramp administrasiyasının son günlər atdığı addımlar ABŞ-a olduqca ağır ziyan vurub, bu superdövlətin müttəfiqlərini sarsıdıb və rəqibləri isə daha da ruhlandırıb. Və bütün bunlar Ukrayna savaşı ilə bağlı “sülh planı” üzərindən bəzi önəmli məqamları da üzə çıxarır.
Belə ki, Tramp administrasiyası “sülh planı”nı indiyə qədər “birgə hazırlanmış diplomatik təşəbbüs” kimi təqdim edirdi və ABŞ Dövlət Departamenti də bunu birmənalı şəkildə təsdiqləyirdi. İndi isə belə çıxır ki, Ağ Ev bu sənədin əslində, müəllifi deyil, sadəcə, ötürücüsüdür. Və bu, ABŞ daxilində ciddi koordinasiya probleminin, eyni zamanda, Ukrayna savaşına münasibətdə siyasi-ideoloji parçalanmanın mövcud olduğunu göstərir.
Digər tərəfdən, bütün bu sensasion siyasi qalmaqallardan sonra ABŞ prezidenti Donald Tramp “Bu, yekun plan deyil” deməklə, gərginliyi nisbətən yumşaltmağa cəhd göstərmək məcburiyyətində qalıb. Ağ Ev sahibi əminlik yaratmağa çalışıb ki, “sülh planı”nın son varianti indikindən ciddi şəkildə fərqlənə bilər. Onun dediyinə görə, “ABŞ sülhə nail olmaq istəyir və bunu hansısa yolla etməyə çalışır”. Bu açıqlama Tramp administrasiyasının əsas prioritetinin Ukraynanın istəklərindən daha çox, savaşın mümkün qədədr tez bir zamanda dayandırılması olduğunu göstərir. Və Ağ Evin kompromisli ssenariyə açıq olması rəsmi Kiyevi də siyasi manevrlərə məcbur edir.
Müşahidələr onu göstərir ki, rəsmi Kiyev hələlik mümkün qədər təmkinli və ehtiyatlı davranmağa üstünlük verir. Ukrayna prezidenti Volodimir Zelenski bir tərəfdən rəsmi Kiyevin yeni “Tramp planı”nı tam qəbul etmədiyini qabardır, digər tərəfdən isə həmin “sənəd”in üzərində işləməyə hazır olduğuna yönəlik mesajlarla diqqəti çəkir. Bu isə onu göstərir ki, rəsmi Kiyev hələlik açıq etiraf etməsə də, Ukrayna hazırda kompromislərə məcbur vəziyyətə salınmağa başlayıb. Və Qərbin hərbi yardımının azalması, Avropa ölkələrinin də siyasi-diplomatik təmaslara meyllənməsi rəsmi Kiyev üçün “sülh şərtləri”ni daha da sərtləşdirir.
Maraqlıdır ki, ABŞ ilə kəskin qarşıdurmaya həvəs göstərməyən Avropa Birliyinin mövqeyi də hələlik prinsipial məzmun daşımır. Belə ki, Almaniya kansleri Fridrix Mertz real sülh perspektivinin yaradığını, ancaq bütün tərəfləri qane edəcək yekun nəticənin hələ çox uzaq olduğunu bildirib. Bu, Avropa Birliyinin “tədrici sülh” modelinə daha çox üstünlük verdiyini göstərir. Çünki Avropa diplomatiyası münaqişənin qəfil həllinə deyil, “təzyiq-dialoq-güzəşt kombinasiyası”na söykənir. Və hazırda yalnız Şimali Avropa və Baltikyanı regionlarına aid ölkələrin Ukraynaya dəstək məsələsində həm sərt, həm də prinsipial olaraq, qalmaqdadır.
ABŞ prezidentinin xüsusi nümayəndəsi Kit Kelloq isə bildirib ki, Rusiya “sülh planı”na əlavə dəyişikliklər edə və yeni tələblər irəli sürə bilər. Bu, Kremlin özünü “danışıqlar masası”nda daha dominant tərəfi kimi hiss etdiyini göstərir. Elə bir situasiya yaranıb ki, Kreml indiki vəziyyətdə siyasi kompromis deyil, məhz Rusiyanın qələbəsini legitimləşdirən sənədin imzalanmasını istəyir. Və bu, qlobal məkanda münasibətlərin gərginləşməsinə birbaşa təsir göstərən önəmli faktor hesab olunur.Müsavat
Göründüyü kimi, Ukrayna savaşı ilə bağlı “sülh pəncərəsi” artıq açılıb, ancaq hələlik heç kim içəri daxil olmaq istəmir. Yeni “Tramp planı” ətrafında yaranmış siyasi-diplomatik xaos onu göstərir ki, artıq başlayan prosesin arxasında hazırda vahid strategiya yoxdur. ABŞ daxilindəki ziddiyyətlər, Avropa Birliyinin parçalanmış mövqeyi və Rusiyanın sərtləşən tələbləri “sülh prosesi”ni daha da mürəkkəbləşdirir. Əgər, tərəflər real danışıqlara başlasalar belə, bu proses illərlə çəkə və yeni təhlükəsizlik arxitekturasının formalaşmasına ehtiyac yarada bilər. Və indiki şərtlər daxilində Ukrayna üçün “ədalətli sülh” və Rusiya üçün isə “qələbənin legitimləşdirilməsi” arasındakı uçurum olduqca dərindir.