Su polisindən uğurlu narkotik əməliyyatı - Video

Su polisindən uğurlu narkotik əməliyyatı - Video Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti əməliyyat həyata keçirilib.

İdarə əməkdaşları xidməti əraziyə daxil olan Xəzər dənizinin Qaradağ rayonunda yerləşən sahilində satış məqsədilə narkotikləri əldə edən Bakı sakini, 1984-cü il təvəllüdlü Vüqar Əliyevi saxlayıb.

Ondan külli miqdarda psixotrop maddə olan metamfetamin, heroin, tramadol və 51 ədəd digər növdən olan təsiredici həb götürülüb.

Faktla bağlı Su Nəqliyyatında Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Həmçinin Su Nəqliyyatında Polis İdarəsindən bildirilib ki, balıqların kürüləmə dövrü ilə əlaqədar sənaye balıq ovuna tətbiq edilən moratoriumun müddəti sentyabrın 1-dən etibarən bitib.

Xidməti ərazilər olan dövlət qoruqları, milli parklar, dəniz və digər su hövzələrində sənaye balıq ovu ilə məşğul olmaq istəyən vətəndaşların nəzərinə çatdırılır ki, ov zamanı kimyəvi, zəhərli və partlayıcı maddələrdən, eyni zamanda qanunla qadağan olunmuş sintetik tor, elektrik cərəyanı, itiuclu qarmaq kimi ov alətlərindən istifadə etmək qəti qadağandır.

Su bioresurslarında, o cümlədən Xəzər dənizində yerləşən strateji obyektlərin yaxınlığında mövcud qanunları kobud şəkildə pozaraq qanunsuz balıq ovlayan şəxslər saxlanılaraq su polisləri tərəfindən cinayət və inzibati xətalar məcəllərində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb ediləcəklər.

Su polisləri tərəfindən su hövzələrinə nəsil artımı üçün buraxılan körpə nərəcinsli, həmçinin digər növ balıqların qanunsuz ovlanmasının qarşısını almaq və Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərlərini, müxtəlif təyinatlı naqilləri, eləcə də dəniz qumunu oğurlayan şəxslərə qarşı da mübarizə mütəmadi olaraq davam etdirilir.

Vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin (012) 433-38-12 və (012) 433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.


Oxşar xəbərlər