Ermənilər Azərbaycanla həmsərhəd rayonları tərk edirlər - NƏ BAŞ VERİR?

Ermənilər Azərbaycanla həmsərhəd rayonları tərk edirlər - NƏ BAŞ VERİR? Ermənistanın Azərbaycanla həmsərhəd rayonlarının - Qeqarkunik, Tavuş və Sünikin sakinləri kütləvi şəkildə evlərini tərk edirlər.

Musavat.com xəbər verir ki, bu ölkənin Statistika Komitəsinin məlumatına görə, son beş ildə sərhəd ərazilərindən 40 minə yaxın insan köçüb. Bir çox kəndlər tamamilə boşalıb.

Axının səbəbləri göz qabağındadır: baş verənlərdən dərin məyusluq, gələcəyə dair qeyri-müəyyənlik və yığılmış sosial problemlər.

Gedənlər yaxınlarına etiraf edirlər ki, 44 günlük Qarabağ müharibəsindən sonra sərhəd bölgələrində qorxu və bədbinlik daha da güclənib və bu, kütləvi köçə səbəb olub.

Kənddə hələ də yaşayanlar bunları deyirlər: “İnsanlar müharibədən sonra məyus olduqları üçün gedirlər. Yaşam üçün ən zəruri şeylər çatışmır".

Statistikaya görə, 2019-cu ilin yayında Qeqarkunikdə 230 minə yaxın insan yaşayırdı ki, onların da əksəriyyəti kəndlərdə məskunlaşmışdı. Lakin pandemiya, 44 günlük müharibə və Azərbaycanla sərhəddəki müntəzəm toqquşmalar vəziyyətə xeyli təsir edib: regionun əhalisi 13 min nəfər azalıb.

Sevan sakinləri qeyd edirlər ki, gənclərin əksəriyyəti İrəvana köçməyə üstünlük verir, çünki Sevanda iş yeri çox azdır, dövlət müəssisələri isə ümumiyyətlə, yoxdur. Qeqarkunik rəsmi statistikaya görə, Ermənistanın ən yoxsul rayonlarından biridir: burada hər üçüncü şəxs yoxsulluq həddində yaşayır və ifrat yoxsulluq səviyyəsi ölkədə ən yüksək həddədir.

“Azadlıq” radiosunun erməni xidmətinin müxbiri ilə söhbətlərində Qeqarkunik sakinləri şikayət edirlər ki, həyat getdikcə çətinləşir: insanlar getdikcə yoxsullaşır, fəlakətli pul çatışmazlığı var və ildən-ilə sağ qalmaq çətinləşir. Onların fikrincə, hökumət bu problemləri həll etmək iqtidarında deyil.

Oxşar xəbərlər