İnaqurasiya mərasimindəki çıxışla isə Prezident yeni dövr üzrə prioritetlərimizi, o cümlədən daxili və xarici siyasət kursunun sərhədlərini aydın formada müəyyən etdi

İnaqurasiya mərasimindəki çıxışla isə Prezident yeni dövr üzrə prioritetlərimizi, o cümlədən daxili və xarici siyasət kursunun sərhədlərini aydın formada müəyyən etdi
Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib.Andiçmə mərasimində birinci xanım Mehriban Əliyeva, dövlət rəsmiləri, hökumətin üzvləri, Milli Məclisin deputatları iştirak ediblər.cMərasim iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi hərarətlə qarşılayıblar.Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq and içdi.
Andiçmə zamanı prezident İlham Əliyev yeni dövr üzrə prioritetlərimizi müəyyən etdi. Prezident İlham Əliyevin fevralın 14-də Milli Məclisdə baş tutmuş andiçmə mərasimi özlüyündə Azərbaycanın müstəqillik tarixində ərazi bütövlüyü çərçivəsində baş tutmuş ilk inaqurasiyadır. Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursunu müasir çağırışlara uyğun formada reallaşdıraraq keyfiyyətcə yeni mərhələyə daşımaqla bu uğura imza atıb. Prezident İlham Əliyevin andiçmə mərasimindəki fenomenal yaddaşa və müstəsna dövlətçilik təcrübəsinə əsaslanan nitqi isə yeni dövrdə Azərbaycan üçün bütün sahələri konseptual formada əhatələyən mükəmməl yol xəritəsi hesab olunmalıdır. Məlumdur ki, bu il yanvarın 10-da yerli televiziyalara müsahibəsində Prezident İlham Əliyev bəyan etmişdi ki, seçkilər bütöv bir dövrə yekun vurur. İnaqurasiya mərasimindəki çıxışla isə Prezident yeni dövr üzrə prioritetlərimizi, o cümlədən daxili və xarici siyasət kursunun sərhədlərini aydın formada müəyyən etdi. Qarşıdakı dövr üzrə Azərbaycan Respublikasının bu gün ən yüksək səviyyədə təmin etdiyi təhlükəsizliyi və müdafiəsini daha da gücləndirmək naminə Ordu quruculuğu və hərbi sənayenin inkişafı prosesinə xüsusi önəm verməkdə davam edəcək.
Məlumdur ki, Azərbaycan Respublikası konstitusion səviyyədə başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi və beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd edir. Lakin, sirr deyil ki, bu gün özünü beynəlxalq ictimaiyyətin təmsilçisi kimi təqdim edən, lakin beynəlxalq hüquqa hörmətlə yanaşmayan subyektlər də daxil, bir çox dövlətlər üçün bu prinsip keçərli deyil. Xüsusən Vətən müharibəsində və antiterror tədbirlərində müstəsna qələbəmizin nəticəsi olaraq cənab İlham Əliyevin yaratdığı yeni reallıq fonunda biz bu güclərin riyakar mahiyyətinin üzə çıxdığının şahidi oluruq. Bu mənada, güclü ordu quruculuğunun davam etdirilməsi yeni dövrdə əsas prioritetimiz olmalıdır ki, bütün mümkün təhdidləri zərərsizləşdirək. Eyni zamanda Prezident hərbi sənayenin inkişafına yalnız hərbi gücün artması yox, həm də suverenliyin elementi kimi yanaşır və əldə edilən strateji uğurların davamlılığında qətiyyətlidir. Dövlət başçısının özünün də andiçmə mərasimində bəyan etdiyi kimi, Azərbaycan hərbi sənayenin inkişafının birinci mərhələsini artıq uğurla başa vurub. Növbəti mərhələ isə daha genişmiqyaslı olmaqla həm də Azərbaycanın bu istiqamətdə xarici asılılığının kəskin azaldılmasına yönələcək ki, bu da siyasi və iqtisadi müstəqilliyimizin ardınca müdafiə sənayesi sahəsində də suverenliyimizə töhfə olacaq. Prezidentin inaqurasiya mərasimindəki tarixi çıxışında qeyd etdiyi kimi, “biz, - İkinci Qarabağ müharibəsi və antiterror tədbirləri ilə sarsılmaz hesab olunan elə bir daşları tərpətdik ki, bunu bizə bağışlamayacaqlar, biz bunu bilməliyik. Əgər kimsə hesab edir ki, bizdən əl çəkəcəklər, səhv edir. Biz hazır olmalıyıq, səfərbər olmalıyıq”. Məhz bu məqsədlə sərhədlərimizin təhlükəsizliyinin daha da gücləndirilməsi zərurətdir. Dövlət başçısının təbiri ilə desək, “Bu, Azərbaycanı xarici risklərdən də qoruyacaq”. Əlbəttə, müzəffər Ali Baş Komandanın özünün də vurğuladığı kimi, bu gün biz Azərbaycan üçün təhdid görmürük, “çünki bilirlər ki, bizim cavabımız amansız olacaq, sarsıdıcı olacaq və heç nəyə baxmadan o cavab veriləcək”. Lakin unutmamalıyıq ki, ideoloji risklər sərhəd tanımır. Bu mənada, dövlət başçısı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və sərhədlərimizin möhkəmləndirilməsinə həm də ideoloji risklərdən qorunma imkanı kimi baxır və bu məsələ yeni dövrdə Azərbaycanın vacib prioritetlərindən olacaq. Prezident İlham Əliyev üçün ideoloji bütövlük və tamlıq, azərbaycançılıq ideologiyası, ailə dəyərlərinin qorunması, gənc nəslin milli məfkurə və vətənpərvərlik ruhunda tərbiyə olunmasında ehtiva olunur. Bu mənada əminliklə demək olar ki, yeni epoxada ailə və məktəb tərbiyəsi istiqamətində dövlət siyasəti daha çevik və effektiv metodlarla realizə olunacaq. Prezident İlham Əliyev ardıcıl qələbələri ilə Azərbaycanın ən qüdrətli dövrünü başlatmaqla elə siyasi konfiqurasiya formalaşdırıb ki, xalqımız milli birliyin əhəmiyyətini tarixin heç bir dövründə olmadığı qədər yaxşı başa düşür.Mən inanıram ki, Möhtərəm Ali Baş Komandan,Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı növbəti qələbəsini çox yaxın vaxtda tarixi Qərbi Azərbaycan torpaqlarında qeyd edəcək və növbəti seçkilər o bölgələrimizdə keçiriləcək.

Maştağa qəsəbəsi, 28 №-li tam orta məktəbin
Tarix müəllimi Həsən Xələfov



Oxşar xəbərlər