"Qarabağ sirləri" açılır, Paşinyanı beynəlxalq məhkəmə gözləyir: Qərbdə də bəziləri üçün ciddi problemlər olacaq

Ermənistanın beynəlxalq himayədarları nə etsələr də, bəşəri cinayətlərin əbədi olaraq, gizli qalması mümkün deyil, çünki onları törədən cinayətkarların da, ssenari müəlliflərinin də kimliyi əvvəl-axır ifşa edilir... Erməni separatçı-terrorçular, hələlik gizli qalan bəzi həqiqətləri etiraf etdikcə, Azərbaycana qarşı bəşəri cinayətlərin arxasındakı hər kəsin, o cümlədən, beynəlxalq "sülh göyərçinləri"nin də "maskaları" düşəcək...
Cənubi Qafqaz öz tarixinin ən taleyüklü dövrünə qədəm qoyub. Bu mərhələ Cənubi Qafqazın hansı istiqamətdə inkişaf edəcəyinə böyük ölçüdə aydınlıq gətirilə bilər. Hələlik ən ciddi problemlərdən biri məhz bu regiona birbaşa aidiyyatı və ya geopolitik bağlılığı olmayan beynəlxalq siyasi iradə mərkəzlərinin özəl maraqlarından qaynaqlanır. Çünki həmin beynəlxalq güclər öz hədəflərini reallaşdırmaq üçün regional sülh prosesinə kobud müdaxilə etməkdə israrlı davranırlar. Və bu, artıq çoxdan pozitiv nəticələr ilə yekunlaşmalı olan sülh prosesini ləngidərək, əngəlləyir.

Maraqlıdır ki, son vaxtlar bu istiqamətdə bəzi müəmmalı məqamlar ortaya çıxmağa başlayıb. Belə ki, "Qarabağ münaqişəsi"ndə iştirak etmiş bəzi ermənilər açıqlamalarında bilərəkdən və ya bilməyərəkdən vaxtilə baş vermiş hadisələrin səbəblərini gündəmə gətirməkdədirlər. Xüsusilə də, hərbi cinayətkar Samvel Babayanın Ermənistan mətbuatına verdiyi açıqlama böyük əhəmiyyət daşıyır. Və onun sensasion sayıla biləcək son iddialarına Rusiya siyasi dairələrinin verəcəyi reaksiya maraq doğurur.

"Qarabağ sirləri" açılır, Paşinyanı beynəlxalq məhkəmə gözləyir: Qərbdə də bəziləri üçün ciddi problemlər olacaq


Məsələ ondadır ki, Samvel Babayan əvvəlcə Qarabağın Paşinyan hakimiyyəti tərəfindən Azərbaycana "təhvil verildiyini" iddia edib. Halbuki, Qarabağda erməni separatizminin və terrorizminin "boz zona"sı məhz Azərbaycan ordusunun antiterror əməliyyatı sayəsində ləğv olunub. Ancaq Samvel Babayan iddia edib ki, Azərbaycan ordusunun antiterror əməliyyatı ərəfəsində Xankəndi və ətraf bölgədəki erməni separatçıların rəhbərləri Paşinyan hakimiyyəti ilə əlaqə saxlayıb.

Əsas maraqlı məqam da elə bununla bağlıdır. Belə ki, Samvel Babayanın iddiasına görə, Ermənistan baş naziri Nikol Paşinyan erməni separatçı-terrorçulara rəsmi Bakı ilə danışıqlar aparmağı, Azərbaycanın tələblərini qəbul etməyi tapşırıb. Ancaq erməni separatçı-terrorçular bu tapşırığa əməl etməyiblər.

Əksinə, rəsmi Bakının hövsələdən çıxarıb, səbrini tükədən addımlar atmağa üstünlük veriblər. Samvel Babayan bunun səbəbini Rusiyanın təsiri altında olan erməni separatçı-terrorçulara Kremldən "təslim olmayın, müqavimət göstərin" təlimatının verilməsi ilə izah edib. Onun fikrincə, Kremlin təlimatlarının icra edilməsi rəsmi Bakının Qaradağda antiterror əməliyyatlarına qərar verməsi ilə nəticələnib.

Göründüyü kimi, hərbi cinayətkar dolayısı ilə Rusiyanın Azərbaycanın dinc yolla, dialoq formatında öz ərazi bütövlüyünü bərpa etməsinə əngəl törətdiyinə eyham vurur. Böyük ehtimalla Kreml erməni separatçı-terrorçuların rəsmi Bakının şərtlərini qəbul edəcəyi təqdirdə, rus sülhməramlıların Azərbaycan ərazisindən çıxarılmasının qaçılmaz olacağına əmin olub. Ona görə də, Rusiyanın geopolitik maraqlarını təmin etmək üçün rəsmi Bakının irəli sürdüyü dinc dialoq modelinə əngəl törədib. Və bununla da, Azərbaycanı daha sərt varianta əl atmaq məcburiyyətində buraxıb.

"Qarabağ sirləri" açılır, Paşinyanı beynəlxalq məhkəmə gözləyir: Qərbdə də bəziləri üçün ciddi problemlər olacaq


Ümumiyyətlə, mövcud örnəkləri nəzərə alaraq, düşünmək olar ki, ermənilər danışdlqca hələ çox müəmmalı məqamların və sirlərin üstü açılacaq. Hətta tamamilə mümkündür ki, həm beynəlxalq, həm də regional səviyyədə bəzi "sülh göyərçinləri"nin maskaları düşəcək, onların əsl siması üzə çıxacaq. Xüsusilə də, bu baxımdan, Azərbaycan məhkəmələri qarşısında cavab verməli olacaq erməni hərbi cinayətkarların hazırda davam edən istintaq prosesindəki ifadələri ortaya çıxdıqca bir çoxları üçün ciddi problemlər yarana biləcəyi qətiyyən istisna deyil.

Hər halda, uzun müddət erməni separatçı-terrorçulara rəhbərlik etmiş Araik Arutyunyanın dedikləri böyük qalmaqal yarada biləcək məzmun daşıyır. Üstəlik, bu, hələ yalnız başlanğıcdır, əsl reallıq isə tezliklə ortaya çıxmağa başlayacaq. Araik Arutyunyanın Azərbaycan vətəndaşlığını qəbul etmək niyyətində olduğunu bildirilir. Onun hətta hazırda Ermənistanda yaşayan üç qızı da daxil olmaqla, ailəsini Azərbaycana gətirmək istədiyi də vurğulanır. Və bunun əsas səbəbi isə böyük ehtimalla onun istintaqa vermiş olduğu ifadələrlə bağlı ola bilər.

Məsələ ondadır ki, həmin ifadələrdən sonra Ermənistanda Araik Arutyunyanın ailəsinin təhlükəsizliyi ciddi problemlərə yol aça bilər. Çünki Araik Arutyunyan Gəncə və Azərbaycanın digər şəhərlərindəki mülki obyektlərə raket zərbəsi endirilməsi barədə əmr vermədiyini bildirib. Halbuki, yüzlərlə mülki Azərbaycan vətəndaşının həlak olmasına səbəb olmuş həmin raket zərbələrinin ardınca Araik Arutyunyan Xankəndidə efirə çıxaraq, şəxsən özünün əmr verdiyini bəyan etmişdi.

İndi isə Araik Arutyunyan Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan ordusunun hərbi hissələrinə 44 günlük savaş dövründə hər hansı əmr vermək səlahiyyətinin olmadığını qabartdır. Onun sözlərinə görə, həmin erməni silahlı dəstələr birbaşa Ermənistan Müdafiə Nazirliyi tərəfindən idarə olunurdu.

"Qarabağ sirləri" açılır, Paşinyanı beynəlxalq məhkəmə gözləyir: Qərbdə də bəziləri üçün ciddi problemlər olacaq


Araik Arutyunyan bildirib ki, Azərbaycan şəhərlərinə raket zərbəsi barədə əmr şəxsən Ermənistan baş naziri Nikol Paşinyan tərəfindən verilib. Ancaq sonradan baş nazir Nikol Paşinyan özünün və Ermənistanın bu hərbi cinayətlə bağlı məsuliyyətdən yayındılması üçün Araik Arutyunyana əmrin onun tərəfindən verildiyinin açıq şəkildə bəyan olunmasını tapşırıb. Və bu, bəşəri cinayət olmaqla yanaşı, beynəlxalq məkanda siyasi qalmaqal yarada biləcək bir iddiadır.

Məsələ ondadır ki, ABŞ və Qərb Ermənistan baş naziri Nikol Paşinyanın sülhpərvər imicini yaratmağa çalışır. Onun regional sülh prosesinə sadiq olduğunu iddia edərək, erməni baş nazir üçün beynəlxalq piar kampaniyası aparır. Hətta sülh sazişinə imza atacağı təqdirdə, baş nazir Nikol Paşinyana Nobel mükafatının verilə biləcəyi də iddia olunur. Yəni, Azərbaycan şəhərlərinə raket zərbəsi endirmək barədə əmr vermiş, yüzlərlə dinc sakinin qətlə yetirilməsi ilə nəticələnən bəşəri hərbi cinayəti törətmiş bir erməni baş nazirin "sülh göyərçini" kimi təqdim edilməsi Qərbin riyakarlığından başqa bir şey deyil.

Ancaq ABŞ və Qərb nə etsə də, belə cinayətlər əbədi olaraq, gizli qalmır. Cinayətlər də, onları törədən cinayətkarların kimliyi də əvvəl-axır ifşa edilir. Böyük ehtimalla yaxın vaxtlarda erməni separatçı-terrorçular əsl həqiqətləri etiraf etdikcə, Azərbaycana qarşı bəşəri cinayətlərin törədilməsinin arxasında duran hər kəsin, o cümlədən də, beynəlxalq riyakarlararın maskası yox olacaq, onların siyahısı da ortaya çıxmış olacaq. "Qarabağ sirləri" açıldıqca, beynəlxalq məkanda bəziləri üçün böyük problemlər, qalmaqallı ittihamlar qaçılmaz xarakter daşıyacaq.(musavat.com)

Oxşar xəbərlər