Vətəndaşlar diqqətli olsunlar: Hansı banklara güvənmək olar? - ARAŞDIRMA

Vətəndaşlar diqqətli olsunlar: Hansı banklara güvənmək olar? - ARAŞDIRMA Azərbaycan Respublikasının bank sistemi maliyyə bazarlarına nəzarət orqanı olan Mərkəzi Bankdan (Mərkəzi Bank) və kredit təşkilatlarından ibarətdir. Müxtəlif zamanlarda banklar maliyyə sıxıntısı və digər səbəblərdən ya bağlanıb, ya da birləşməsi baş verib. Hazırda Azərbaycanda 23 bank fəaliyyət göstərir.

Pravda.az 2015-ci ildən etibarən Azərbaycanda bağlanan bankları araşdırıb.

Məlum olub ki, 2015-ci ildə ölkədə fəaliyyət göstərən 2 bankın - “Azərbaycan Kredit Bankı” və “Euro Bank”ın lisenziyası ləğv olunub. 2014-cü ilin dekabr ayının sonunda “EuroBank”ın məcmu kapitalı 7,5 milyon manat, “Azərbaycan Kredit Bankı”nınkı isə 5,8 milyon manat olub. Azərbaycanda ən çox bank 2016-cı ildə bağlanıb. Belə ki, həmin il “Atrabank”, “Bank of Azerbaijan”, “Bank Standard”, “Deka Bank”, “Gəncə Bank”, “Kredo Bank”, “Qafqaz İnkişaf Bankı”, “Para Bank”, “Texnika Bank”, “United Kredit Bank” və “Zamin Bank” fəaliyyətini dayandıraraq bank sektorundan gedən şirkətlərdir. Araşdırmamıza görə, 2017-ci ildə Azərbaycanda bağlanan yeganə bank “DəmirBank" ASC-dir. Ekspertlər 2018-2019-cu illərdə bank sektorundan bir neçə şirkətin gedəcəyini proqnozlaşdırsalar da, həmin illərdə sektorda sakitlik hökm sürüb. Nəhayət, 2020-ci ildə sükutu 4 bank - “AGBank”, “Amrah Bank”, “Atabank” və “NBC Bank” pozub, bağlanıblar. Azərbaycanda lisenziyası ləğv edilən banklarla yanaşı, birləşərək daha da böyüyən banklar da olub. Belə ki, 1992-ci ildə yaradılmış “MBank” 2000-ci ilin əvvəllərində “PROMTEXBANK”la birləşərək “Unibank” adlanıb. 2021-2022-ci illər sakit ötüşsə də, 2023-cü ilə mənfi göstəricilərlə start verən “Günay Bank” və “Muğanbank”ın taleyi ürəkaçan olmayıb. Belə ki, cari ilin I rübündə “Günay Bank”ın məcmu kapitalı 602 min manat azalaraq 64 milyon 31 min manat olub, 17 may 2023-cü ildən lisenziyası ləğv edilib. “Muğanbank” isə 2023-cü ilin yanvar-sentyabr ayları ərzində 1 milyon 287 min manat zərər edərək oktyabrın 19-dan bağlanıb.

Ölkəmizdə lisenziyası ləğv edilən bank siyahısı uzandıqca vətəndaşlarda ümudsizlik yaranır. Onlar daha etibarlı banka vəsait yatırmaq istəyirlər ki, nəticədə həm bağlanmasın, həm də vətəndaş karlı çıxsın. Vətəndaşlar sonradan “Muğanbank”, “Günay Bank” kimi bank müştərilərinin taleyi ilə üzləşməmək, risklə qarşılaşmamaq üçün bank seçimində hansı göstəricilərə diqqət etməlidirlər?

Mövzu ilə bağlı Pravda.az-ın suallarını cavablandıran Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib ki, vətəndaşlar bank sektoru ilə bağlı göstəriciləri öyrənmək üçün xeyli resursalara malikdirlər:

“Bütün bankların maliyyə vəziyyəti barədə məlumat almaq üçün geniş resurslar var. Buna görə də vətəndaşlar banklara əmanət qoyarkən, hesab açarkən daha sağlam və maliyyə göstəriciləri yaxşı olan banklara etibar etsinlər, əmanətlərini isə sığorta qaydalarına əsasən seçsinlər. Əgər onlar depozitlərini dövlətin müəyyən etdiyi şərtlərə uyğun yerləşdirsələr, heç bir problem olmayacaq, çünki dövlət onların pulunu geri ödəyir. Necə ki, “Muğan Bank”da sığortalanmış əmanətlərin hər manatı geri ödəniləcək”.

A.Hüseynov deyib ki, ölkədə bank sektorunda sağlamlaşdırma tədbirləri həm də öz fəaliyyətini rəqabət prinsiplərinə uyğun qura bilməyən, likvidlik göstəriciləri zəif olan bankların sıradan çıxmasına səbəb olur: “Məsələn, ötən ay fəaliyyəti dayandırılan “Muğan Bank”ın fəaliyyəti ilə bağlı digər bir sıra göstəricilər də göstərir ki, bank bazarında rəqabətə davam gətirə bilməyən maliyyə qurumları var və onlar bu cür uzun müddət bazar qaydalarına tab gətirə bilməzlər. Aktivlərin həcminə görə “Muğan Bank” Azərbaycanda fəaliyyət göstərən 24 bank arasında 16-cı sırada olub. Yəni ən sonuncu yerlərdə qərarlaşmamışdı. Bankın aktivləri 647 milyon 971 min manata bərabər idi. Bununla yanaşı, aktivlərdə azalma faizinə görə ən pis göstəriciyə malik olub. “Muğan Bank”ın həmin müddətdə aktivləri 18,9 % azalıb. Digər tərəfdən, bu ilin ilk doqquz ayında üç bank zərərlə işləyib. 1 milyon 287 min zərəri qeydə alınan “Muğan Bank” həmin müddətdə mənfəətə həsrət qalan üç bankdan biri olub. Bu, onu göstərir ki, bu cür maliyyə qurumları ümumi bank sektoruna xələl gətirdiyindən yola davam edə bilmirlər. “Muğan Bank” və digər likvidliyini itirmiş bankların bağlanması ümumi bank bazarına heç vaxt mənfi təsir göstərə bilməz. Mərkəzi Bankın məlumatına görə, bu bankın ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 1,4%, kredit portfelində 2%, sektorun öhdəliklərində isə cəmi 1,3% təşkil edir. Rəqəmlər göstərir ki, “Muğan Bank”ın müflis olması bank sektorunun maliyyə dayanıqlılığı üçün təhdid yaratmır”.

A.Hüseynov bank sistemində aparılan islahatlardan da danışaraq qeyd edib ki, Mərkəzi Bank iqtisadiyyatda daha uzunmüddətli faiz dərəcələrinin formalaşmasına təsir göstərməyə, normal faiz dəhlizi sayəsində aşağı faizlərlə əhaliyə və iqtisadiyyata kredit verilməsini təmin etməyə çalışır: “Son dövrlərdə Mərkəzi Bank tərəfindən uçot dərəcələri artırılır ki, bu qərarlar xüsusilə kommersiya banklarının, ümumiyyətlə, fəaliyyət göstərən bütün bankların, o cümlədən bank olmayan kredit təşkilatlarının və müxtəlif maliyyə institutlarının alternativ maliyyə mənbələri cəlb etməsini də stimullaşdırır. Son illərdə kommersiya banklarının istiqaməti Mərkəzi Bankdan kənar vəsaitlərə, əhalidən yığımlara yönəltməsi və bank əmanətlərinin həcminin artması da bunu təsdiq edir”.

İqtisadçı Eldəniz Əmirov isə düşünür ki, ölkədə vətəndaşların banka olan inamının azalmasında bir neçə amil rol oynayır:

“Bunlardan biri bəzi bankların bağlanmasıdırsa, digəri inflaysiya səviyyəsinin yuxarı olmasıdır. Çünki bankların verdikləri depozit faizləri nəinki vətəndaşa gəlir gətirmək, inflyasiyanı qarşılamaq üçün də kifayət etmir. Buna görə də həm inflyasiya göstəricisi, həm də bankların bağlanması insanların banklara olan davranışlarını dəyişən iki əsas amildir. Üçüncü faktor isə düşünürəm ki, digər iki faktordan heç də geri qalmır. Bu il fevralın 1-dən başlayaraq depozit faizlərindən əldə olunmuş gəlirlərə tətbiq edilən verginin yenidən qüvvəyə minməsi insanları banklara əmanət yatırmaqdan qaçıran üçüncü faktordur”.

Ekspertin sözlərinə görə, vətəndaşlar bank seçərkən ilk növbədə müəyyən reytinq göstəricilərinə diqqət etməlidirlər: “Düzdür, bütün detallı məlumatları hər vətəndaş əldə edə bilməz və maliyyə məlumatlarını təhlil etmək bacarığına malik olmaz, amma yenə də bütün hallarda mümkün qədər bankın maliyyə durumu, onun reytinqi və s. kimi göstəricilərinə diqqət etmək vacibdir. Heç nəyi bilməyən bir insan belə ən azından depozit faizlərinə görə müəyyən təhlillər apara bilər. Banklar hansısa dönəmdə qəfil depozit faizlərini qaldırırlarsa, yəni müştərilərə depozitin qarşılığında verəcəkləri faizi daha yuxarı göstərirlərsə, bu, əslində vətəndaşda müəyyən qədər suallar yaratmalıdır. Bankların depozit faizlərinə baxsaq, ölkədə ən etibarlı banklar daha aşağı depozit faizi təklif edirlər. Çünki etibarlıdırlar, özlərinə güvənirlər. Bu da deməyə əsas verir ki, depozitə o qədər də ehtiyacları yoxdur, kifayət qədər kapitala sahibdirlər. Deməli, bu cür banklar etibarlıdırlar. Digər problem budur ki, axı aşağı depozit faizi ilə əmanət yatırmaq vətəndaşlar üçün sərfəli deyil..”

İqtisadçı Eyyub Kərimli isə hesab edir ki, Azərbaycanda son bir ildə kifayət qədər aktiv iki bank bağlansa da, siravi vətəndaşlar təşvişə düşməməlidirlər:

“Dövlətimiz tərəfindən 100 min manata qədər əmanəti olan vətəndaşlarımız Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanırlar. Bu isə onların əmanətlərinin təhlükəsizliyini təmin edir. Yaxşı olar ki, vətəndaşlar bu məsələlərdə daha diqqətli olsunlar. Hər hansı əməliyyat aparanda, sözsüz ki, bankların maliyyə durumunu daha yaxşı, dərindən araşdırmalıdırlar. Hətta sahə üzrə mütəxəssislərə, maliyyə menecerlərinə müraciət etsələr, yaxşı olar. Bəzən bizdə bank seçərkən insanlar peşəkar araşdırmaçılara, iqtisadçılara müraciət etmirlər, bu isə sonda bəzən xoşagəlməz halların yaşanmasına səbəb olur. Məsələn, bir avtomobil alarkən onu hansısa texniki servisə, peşəkar ustanın yanına aparıb müəyyən məlumatlar əldə edirlər. Banklarla əməkdaşlıq edəndə isə araşdırma aparmırlar. Tövsiyə edirəm ki, banka vəsait yatıranda peşəkarların xidmətindən yararlansınlar, çünki bu, yarana biləcək risklərin, gələcəkdə vəsait itkisinin qarşısını almış olar”.

Ekspert deyib ki, vətəndaşlar bank seçərkən daha çox bankların şəbəkələşməsini nəzərə almalıdırlar: “Yəni bankın filialı, şəbəkəsi nə qədər çox olsa, deməli, həmin bankın maliyyə imkanları bir o qədər genişdir. İkincisi, likvidliliyi nəzərə almalıdırlar. Bankların hər il dərc etdikləri hesabatlar var. Bu hesabatda onların reytinqləri, kredit, depozit portfelləri və kapitalları öz əksini tapıb. Sözsüz ki, bu da ilkin əsas göstəricilərdən biridir. Vətəndaşlar isə bəzən buna fikir vermirlər. Üçüncüsü, faizi çox verən bəzi bankların maliyyə imkanları daha zəifdir. Onlar əhalidən daha çox vəsait əldə etmək üçün yüksək faizli depozit təklif edirlər. Böyük, sabit banklarda isə əksinədir. Bu onların yüksək maliyyə yığımına ehtiyaclarının olmamasından irəli gəlir. Çünki maliyyələri sabitdir. Bu da əsas göstəricilərdən biridir. Vətəndaşlar böyük faizlərə aldanaraq faizi yüksək verən bankları seçirlər, amma bu, risk səviyyəsini artırır”.

Oxşar xəbərlər