Keçmiş təhsil naziri jurnalistlərə əsəbiləşdi: "Xankəndinə", "Xankəndində" yazılmalıdır!

Keçmiş təhsil naziri jurnalistlərə əsəbiləşdi: Azərbaycanın keçmiş təhsil naziri, türkoloq, filologiya elmləri doktoru, professor Firudin Cəlilov "Xankəndi" sözünün hallanarkən yanlış yazılışı və deyilişindən narazı olduğunu açıqlayıb.

Bu barədə professor İqtisadiyyat.az-a açıqlamasında bildirib.

O, son zamanlar kütləvi informasiya vasitələrində "Xankəndi" şəhərinin adının düzgün yazılmadığını və tələffüz olunmadığını söyləyib. Filologiya elmləri doktoru xüsusən də jurnalistləri və televiziya aparıcılarının şəhərin adını yazıb-səsləndirən zaman nöqsanlara yol verdiyini vurğulayıb.
"Xankəndi" sözünün ismin halları ilə yazılış forması var. Lakin bəzi jurnalistlər və televiziya aparıcıları "Xankəndinə" əvəzinə "Xankəndiyə" deyirlər. Eyni zamanda "Xankəndində" sözünü "Xankəndi də" sözü ilə əvəz edirlər. Yəni "n" hərfini yazmırlar. Həmin şəxslər sahib olduqları diplomu necə alıblar, bilmirəm. AMEA-nın Dilçilik İnstitutunun direktoru düzgün qaydasını izah edir, amma bunlar təkzib edirlər. Bu savadla hara gedilir?! Mən dəhşətə gəlirəm", - deyə Firudin Cəlilov etirazını bildirib.

Xatırladaq ki, "Xankəndi" sözünün hallanarkən yazılışı və deyilişi bir müddətdir müzakirə mövzusuna çevrilib. AMEA-nın müşaviri, akademik Möhsün Nağısoylu 2021-ci ildə Dilçilik İnstitutunun direktoru olan zaman "Xankəndi" sözünün ismin yönlük halında işlənməsi ilə bağlı öz mövqeyini açıqlayıb. O, sözügedən toponimin yönlük halda "n" bitişdirici samiti ilə işlənməli olduğunun düzgünlüyü diqqətə çatdırıb. Akademik həmçinin "Xankəndi" sözünün yerlik və çıxışlıq hallarında işləndikdə də "n" bitişdirici samitinin işlənməsinin məqsədəuyğunluğunu da söyləyib.

Amma sonradan Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva isə bu sözün hallanarkən "Xankəndiyə", "Xankəndidə" yazılışının doğruluğunu isbat edib.

Keçmiş təhsil naziri jurnalistlərə əsəbiləşdi: "Xankəndinə", "Xankəndində" yazılmalıdır!

Oxşar xəbərlər