Araik Bakının tələbini qəbul etməyə can atır? - İLGİNC

Araik Bakının tələbini qəbul etməyə can atır? - İLGİNC Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazilərdə olan kiçik “oliqarx qruplar” bəzi təsərrüfat növlərinə sahibdir. Hətta “büdcə”yə nəzarət edənlər də var. Bəzən bu qruplar arasında toqquşmalar baş verir. Azərbaycan Ordusu əraziləri işğaldan azad etdikdən sonra separatçı qrupların əlində olan resurs imkanları getdikcə qıtlaşdı və daxildə mübarizə artdı.

Bu sözləri Axar.az-a politoloq Turab Rzayev Araik Arutyunyanın reinteqrasiya tərəfdarı olması ilə bağlı erməni mətbuatında dərc olunan xəbərlərə münasibət bildirərkən deyib.

“Müharibə dövründə Arutyunyanı silahlı dəstəsinin böyük hissəsini Ağdarə-Ağdam istiqamətində saxlamasına görə çox qınadılar. Yazdılar ki, o, həmin istiqamətdə özünə aid olan böyük təsərrüfatını qorumaq üçün belə addım atıb. Yaxud yazırdılar ki, Araik Aprel döyüşlərində və 44 günlük müharibə ərzində Azərbaycanla görüşməyə çalışıb ki, hansısa formada öz sərvətini qoruyub saxlaya bilsin. Bunların yalan, yaxud doğru olması mübahisə mövzusudur. Ancaq istənilən halda separatçılar daxilində resurslar uğrunda mübarizə gedir. Hətta Vitali Balasanyanın həbsini də bununla bağlamaq olar. Separatçı dəstə görür ki, Azərbaycan Qərbin və Rusiyanın təzyiqlərinə baxmayaraq, Laçın dəhlizini nəzarətdə saxlayır. Bu da daxildən parçalanmaları qaçılmaz edəcək. Odur ki, “oliqarx qrup”un üzvləri çalışacaq ki, Azərbaycanla anlaşma əldə etsin”, - politoloq bildirib

“Hraparak” qəzetinin ictimai fikrə təsirinin olduğunu deyən politoloq bildirib ki, Arutyunyanı reinteqrasiya meylindən çəkindərmək üçün bu cür məlumatların sızdırılması da mümkündür:

“Ola bilsin ki, bu, yumşalmanın siqnalıdır, yaxud hansısa qrup Arutyunyanın belə bir güzəştə gedəcəyini öncədən bilib, məsələni bu şəkildə ictimailəşdirməklə prosesə mane olmağa çalışır. Bu qəzet əvvəllər Paşinyanın Azərbaycanla sülh prosesində istifadə elədiyi sözləri, Azərbaycanın ərazi bütövlüyünü tanımasını və s. gündəmə gətirərək, onun üzərində təzyiq yaratmağa çalışırdı. Bu səbəbdən Ermənistanın baş naziri yazılı şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanıya bilməyib. Baxmayaraq ki, sözdə bunu dəfələrlə ifadə edib. Ola bilsin Arutyunyana da bu cür təzyiq göstərmək və ictimai qınağa məruz qoymaqla geri çəkilməyə məcbur etmək istəyirlər”.

Oxşar xəbərlər