Fərhad Həsənov: İntiqam şanlı Zəfərlə alındı

Fərhad Həsənov: İntiqam şanlı Zəfərlə alındı Respublika Neyrocərrahiyyə Xəstəxanasının direktoru Fərhad Həsənov - 1918-ci ilin mart-aprel aylarında təcavüzkar erməni silahlı dəstələri tərəfindən törədilmiş soyqırımı zamanı Bakıda, digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib. Erməni millətçilərinin qeyri-insani əməlləri Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə də davam edərək kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirilib. Ermənilər vəhşicəsinə öz məkrli siyasətlərini həyata keçirmək, ölkəmizin tarixi ərazisində erməni dövləti qurmaq məqsədi ilə Azərbaycanın müxtəlif bölgələrində soydaşlarımıza qarşı dəhşətli qırğınlar törətmişdilər. Ermənilərin fasilələrlə, lakin düşünülmüş və planlı şəkildə davam edən soyqırımı siyasəti nəticəsində minlərlə günahsız azərbaycanlı vəhşicəsinə öldürülmüş evləri yandırılmış, əmlakları qarət olunmuşdur. Təsadüfi deyil ki, Böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayan ermənilərin XX əsrdə azərbaycanlılara qarşı ilk kütləvi qırğını 1905-1907-ci illərə təsadüf edir. Həmin vaxt Bakıda, Naxçıvanda, Zəngəzurda, İrəvanda və digər tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən minlərlə azərbaycanlı amansızcasına qətlə yetirilib.
Ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılmışdır. 1998-ci il martın 26-da Heydər Əliyevin imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 1918-ci il martın 31-i “Azərbaycanlıların soyqırımı günü” elan edilmişdir. Bundan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olunmuşdur. Eləcə də son illər bu istiqamətdə aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və materiallar toplanılıb. 105 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə ictimaiyyətinə eləcə də dünyanın bir çox guşələrində yaşayan həmvətənlərimizə, diaspor təşkilatları, xaricdəki səfirliklərimizə daha dolğun çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən 18 yanvar 2018–ci ildə “1918–ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalanmışdır.
Xüsusilə qeyd edilməlidir ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin peşəkar rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində-haqq işimizdə düşmənə döyüş meydanında diz çökdürüb, onları darmadağın etməklə tarixin bir çox mərhələsində həmvətənlərimizə qarşı törədilmiş bütün soyqırımı aktlarının, vandalizm siyasətinin və qanlı hadisələrin qisasını almışdır. Qürur hissi ilə vurğulamaq lazımdır ki, Azərbaycan xalqı bu gün müzəffər xalq kimi tarixin ən şanlı dövrünü yaşayır. Ehtiram hissi ilə 31 Mart Soyqırımı qurbanlarının xatirəsini yad edir, onlara Allahdan rəhmət diləyirik.

Oxşar xəbərlər