1918-ci ildə tarix Azərbaycan xalqının növbəti səhifəsini qanlı hərflərlə yazdı. Hadisənin nəticələrinin dəhşəti sözlə ifadə oluna bilmir. Sadəcə “ 31-Mart soyqırımı” kimi adlandırılır. Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik Böyük Ermənistan ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə deportasiya və soyqırımları həyata keçirmişlər. Belə ki, 1918-ci ilin mart-aprel ayında Bakı Sovetinin mandatı altında daşnak-bolşevik silahlı dəstələri xalqımıza qarşı planlı və məqsədli şəkildə kütləvi qırğınlara başladılar. Azərbaycan xalqının minlərlə dinc əhalisi qətlə yetirilmiş, insanlar müxtəlif işgəncələrə məruz qalmış, yüzlərlə yaşayış məntəqələri dağıdılmış, yandırılmış, mədəniyyət abidələrimiz, məscidlər və qəbirstanlıqlar məhv edilmişdir. Azğınlaşan ermənilər bu ağlasığmaz vəhşi hərəkətlərinin miqyasını daha da genişləndirərəkQubada, Xaçmazda, Lənkəranda, Salyanda, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Şirvanda, İrəvanda ,Şamaxıda və digər ərazilərimizdə də kütləvi qırğınlar, qətillər, talanlar və etnik təmizləmələr həyata keçirmişdilər. Təkcə 30 mart-3 aprel tarixində Daşnak erməni dəstələri 30 mindən artıq azərbaycanlını qətlə yetirmiş, 10 mindən çox insanı dədə-baba yurdlarından qovmuşdular.
Tarix yəqin ki, belə vəhşiliyin şahidi olmamışdır. Ermənilər uşaqları, qadınları, qocaları kütləvi surətdə qırır, azərbaycanlılarla bərabər, rus, yəhudi, ləzgi, avar, talış və s. milliyyətlərə məxsus olan insanları da qılıncdan keçirir və onlara ağlasığmaz işgəncələr verirdilər. Dinc əhaliyə qarşı əməliyyatda Bakı Sovetinin 6 min silahlı əsgəri, Daşnaksutyun partiyasının 4 minik silahlı dəstəsi iştirak etmişdir.
Sovet İmperiyası Azərbaycan xalqına qarşı törədilən bu soyqırımı uzun müddət gizlətmiş, onu xalqın yaddaşından silməyə çalışmışdır. Amma tarixi ədalət öz hökmünü verdi. 1998-ci ilinin martında Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Məhz bu Fərmana əsasən martın 31-i “31 Mart -Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir.
2018-ci il yanvarın 18-də Prezident İlham Əliyev 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Sərəncam imzalamışdır.
2007-ci ildə Quba stadionun təmiri ilə əlaqədar olaraq aparılan qazıntılar nəticəsində məzarlıqda 500-dək insan kəlləsi tapıldı. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara aid idi. Bu adamlar 1918-ci ildə törədilən erməni vəhşiliyinin qurbanı olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi”nin yaradılmasına qərar vermişdir. Memorial kompleks 2013-cü il sentyabrın 18-də açılmışdır.
İnanırıq ki, dövlətimizin rəhbəri Cənab Prezident İlham Əliyevin apardığı uzaqgörən, məqsədyönlü siyasət nəticəsində xalqımıza qarşı törədilən soyqırım səbəbkarları öz cəzalarını alacaqlar.
Bakıxanov qəsəbəsi,72 N-li məktəb-liseyin
Direktoru, Qabaqcıl Təhsil İşçisi Fərqanə Abbasova