
AZƏRTAC xəbər verir ki, ümumilikdə humanitar yardıma 45 güc transformatoru və 50 generatoru daxildir. Onların ilk hissəsi dekabrın 17-də Ukraynaya daxil olub. Humanitar yardımın ümumi məbləği təxminən 1 milyon 422 min manatdır. Ukraynadakı böhranla bağlı Azərbaycan Respublikasının göstərdiyi humanitar yardımın ümumi məbləği 30 milyon manata yaxındır.
Bu məsələni şərh edən Ukraynanın energetika naziri German Qaluşenko qeyd edib:
“Mən həmkarım, Azərbaycanın energetika nazirinə operativ reaksiya və səmərəli, vaxtında dəstəyə görə şəxsən öz minnətdarlığımı bildirmək istəyirəm. Ukrayna xalqı ilə həmrəyliyinizə görə minnətdarıq”.
Qeyd edək ki, son 6 ay ərzində müxtəlif qurumlar tərəfindən Ukrayna xalqına humanitar yardım xarakterli xidmətlər göstərilib. Belə ki, müharibədən zərər çəkmiş, ailə üzvlərini itirmiş ümumilikdə 90-a yaxın ukraynalı uşaq tibbi və sosial-psixoloji reabilitasiya məqsədilə ölkəmizə gətirilib. İrpen şəhərində hərbi əməliyyatlar nəticəsində dağılmış Zərifə Əliyeva adına 12 saylı məktəb tam bərpa edilib, humanitar yardım xarakterli müxtəlif tədbirlər həyata keçirilib.
