İtkin hərbçilərə şəhid statusu nə vaxt verilir? - AÇIQLAMA + FOTO

İtkin hərbçilərə şəhid statusu nə vaxt verilir? - AÇIQLAMA + FOTO 44 günlük Vətən müharibəsində itkin düşən altı Azərbaycan hərbçisinin taleyi ilə bağlı hələ də məlumat yoxdur. Müharibənin bitməsindən iki ilə yaxın vaxt keçməsinə baxmayaraq, hərbçilərin axtarışı nəticə verməyib və onlar itkin düşmüş şəxs kimi qeydiyyata alınıblar.

Bəs hərbçilərimizin taleyi məlum olmadığı halda, onlara nə qədər müddətdən sonra şəhid statusu verilə bilər?

Bununla bağlı modern.az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, altı hərbçiyə şəhid statusunun verilməsi məhkəmə qaydasında təsdiqlənməlidir:
“Məhkəmə qaydasında onların itkin olmağı barədə qərar çıxarılandan sonra şəhid statusunun verilməsi rəsmiləşdirilir. Bununla bağlı müəyyən edilən vaxt müddəti, adətən, altı aydır. Bu müddət ərzində hərbçinin sağ və ya vəfat etmiş olması haqqında məlumat yoxdursa, Müdafiə Nazirliyi müraciət etməli, məhkəmə isə müvafiq prosedura uyğun qərar verməlidir”.

Musa Quliyev azad edilmiş ərazilərdə kütləvi məzarlıqların, insan qalıqlarının tapılmasından da danışıb. Komitə sədri vurğulayıb ki, azad edilmiş ərazilərdə tapılan insan qalıqları arasında itkin hesab edilən hərbçilərimizə aid nümunələr də ola bilər:

“Əgər onların hansısa şəkildə qalıqları tapılarsa, yenə də şəhid statusunun verilməsinə maneə deyil. Məhkəmə qaydası ilə öldüyü təsdiq olunan itkin hərbçilər şəhid sayılacaqlar. Amma arzu edək ki, onların sağ olduğu haqqında xəbərlər gəlsin”.

Qeyd edək ki, rəsmi məlumata görə, 2020-ci ilin 27 sentyabr-10 noyabr tarixlərində davam etmiş Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin altı hərbi qulluqçusu itkin düşmüş hesab olunur.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, itkin düşən altı hərbçidən dördü əsgər, biri MAXE, biri zabitdir.

“İtkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir”, - deyə Dövlət Komissiyasının məlumatında deyilir.

İtkin hesab olunan hərbi qulluqçular 2001-ci il təvəllüdlü MAXE Mehdiyev Asim Yaqub oğlu, 1998-ci il təvəllüdlü leytenant Vəlizadə İbrahim Səməd oğlu, 1997-ci il təvəllüdlü əsgər Qədirli Elnur Rəcəb oğlu, 1996-cı il təvəllüdlü əsgər Salamov Qorxmaz Bayram oğlu, 1995-ci il təvəllüdlü əsgər Feyzullayev Aydın Zakir oğlu, 1991-ci il təvəllüdlü əsgər Səfərli Xəqani İlqar oğludur.

Xatırladaq ki, 2020-ci ilin Vətən müharibəsində Azərbaycanın 2908 hərbi qulluqçusu şəhid olub.

İtkin hərbçilərə şəhid statusu nə vaxt verilir? - AÇIQLAMA + FOTO

Oxşar xəbərlər