Rusiyadan Azərbaycana KÖÇ BAŞLAYIB... - GƏLİŞMƏ

Rusiyadan Azərbaycana KÖÇ BAŞLAYIB... - GƏLİŞMƏ Sərhədlərin bağlı olması, sanksiyalar, Avropa və Amerikaya uçuşlardakı çətinliklər həmvətənlərimizi MDB məkanındakı qonşularına yenidən nəzər salmağa məcbur edib. “OneTwoTrip” xidmətinin məlumatına görə, iyulda rusiyalılar üçün ən populyar xarici istiqamətlər sırasında məlum cəlbediciyi səbəbindən Türkiyə və BƏƏ ilə yanaşı MDB ölkələri də olub ki, onların arasında Azərbaycanın da populyarlığı artmaqdadır. Axının artması həm də bu Cənubi Qafqaz ölkəsinə biznes marağının artması ilə izah olunur.

Azərbaycanın biznes və turist cəlbediciliyi nəticəsində ilkin mənzil bazarı fəal şəkildə inkişaf edir. “BuyBuyHouse” şirkətinin aparıcı eksperti Marina Laşkeviçin sözlərinə görə, 2022-ci ilin birinci rübündə Azərbaycanda daşınmaz əmlak bazarında əməliyyatların sayı 8 faiz artıb. Rusiya alıcıları Bakının yeni tikililər bazarının ayrıca hədəf auditoriyasına çevrilirlər. Bakıda son bir ildə mənzil qiymətləri orta hesabla 20 faiz bahalaşıb. Bundan əlavə, hazırda oradakı mənzil bazarında şəffaflaşma mərhələsi gedir, ona görə də qiymətlərin qalxması qaçılmazdır. Əslində, hazırda Bakı bazarının təklif etdiyi layihələrin özü rusiyalı alıcıları həm investisiya baxımından, həm də özləri və ailələri üçün mənzil kimi cəlb edir.

Ələlxüsus Azərbaycan paytaxtının mərkəzinin şərq hissəsində genişmiqyaslı şəhərsalma layihəsi olan Bakı Ağ Şəhərdə yeni yaşayış kompleksləri maraq doğurur.

Bu ilin yayında yalnız “Baku City Residence Xətai” yaşayış kompleksinə Rusiyadan olan alıcılardan daxil olan müraciətlərin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2,8 dəfə artıb.(mənbə: “Qafqazinfo”)

Son zamanlar Təbrizdən, Ərdəbildən gəlib Bakıda ev alanların da sayı artıb. Bu rəsmi statistikada əks olunmasa da, müşahidələr göstərir ki, onların sayı günü-gündən kütləviləşir. Güneyli soydaşlarımızın özləri deyirlər ki, onlara Quzey Azərbaycanda yaşamaq daha rahatdır və burada özlərini daha azad, daha əmin-amanlıq içində hiss edirlər.

Ekspertlərə görə, Təbrizdən, Ərdəbildən gəlib Bakıda ev alan, daşınmaz əmlaka vəsait qoyanların sayı çoxdur və bu proses yeni deyil. Ərdəbillilərin, təbrizlilərin, başqa şəhərlərdə yaşayan İran vətəndaşlarının Bakıdan ev, daşınmaz əmlak alması prosesi 2017-ci ildən daha da sürətlənib. Onların Bakıya köç etməsinin, burada yurd-yuva qurmasının müxtəlif səbəbləri var. Səbəblərdən biri də İrandakı sosial-iqtisadi vəziyyətdir. Bildirilir ki, son 4-5 ildə Azərbaycanda 200-300 şirkət açılıbsa, onun 10-a yaxını İran vətəndaşlarına aiddir, bizim Təbrizdən, Ərdəbildən gələn insanlarımızdır. Onlar burada şirkət qurublar, bu da ölkəmizə valyuta axını deməkdir. Bu həm daşınmaz əmlak bazarında canlanmaya səbəb olur, həm də işsizliyin aradan qalxmasına müəyyən dəstək deməkdir.

Bəs ekspertlər necə düşünür? Dia.az xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Son zamanlar Rusiya vətəndaşlarının ətraf ölkələrdə daşınmaz əmlak bazarında mənzil almaq prosesləri artıb. Bu daha çox Türkiyədə özünü göstərməkdədir. Belə ki, il başlayandan rusiyalılar təkcə Antalya şəhərində hər ay 1100 mənzil alıblar. Həmçinin Gürcüstan və Ermənistanın da mənzil bazarında bu cür bəlli tendensiyalar var. Azərbaycana gəldikdə isə rusların ölkəmizdə daşınmaz əmlak alması o qədər də kütləvi hal almayıb. Azərbaycanda mənzil alan Rusiya vətəndaşlarının demək olar ki, böyük əksəriyyəti etnik olaraq azərbaycanlılar, soydaşlarımızdır. Yəni mənzil bazarında daha çox onları görürük.

O ki qaldı cənublu qonşularımıza, onların daha çox Türkiyə və Gürcüstandan ev aldıqları məlumdur. Bunu statistik məlumatlar sübut edir. Ola bilsin ki, son zamanlar onların Azərbaycana da maraqları artıb. Lakin bizdə xaricilərin mənzil bazarında iştirakı həcm olaraq həm Gürcüstan, həm də Türkiyədəkindən daha azdır. Ona görə də bazara bir başa kəskin təsir edəcəyini və qiymətlərin sürətlə bahalaşacağını düşünmürəm. Amma hər bir halda, belə bir tendensiyanın olması tələbi artırır, tələbin artması isə istər-istəməz bir müddət sonra qiymətlərin artmasına təsir edə bilər".

Əmlak eksperti Elnur Fərzəliyev isə qeyd etdi ki, ümumiyyətlə, hər il pandemiyaya qədər ənənəvi olaraq, Rusiyada yaşayan azərbaycanlılar, yəni soydaşlarımız orada qazandıqları pulların böyük əksəriyyətini burada, xüsusən də Bakı şəhərində və Azərbaycanın digər bölgələrində daşınmaz əmlaka yatırırdılar: “Pandemiyadan sonra yatırımlarda müəyyən azalmalar başladı ki, bu da bütün dünyada gedən proses idi. Beləliklə, Rusiyada olan soydaşlarımız gəlirləri azaldıqları üçün daşınmaz əmlaka yatırım etməməyə başladılar. Həmçinin ölkənin özündə də, yəni yerli bazarda da insanlarda alıcılıq qabiliyyəti xeyli aşağı düşdü.

Qiymətlərin artımına gəldikdə isə onsuz da son illər əvvəlcə pandemiya, daha sonra isə Rusiya-Ukrayna müharibəsi səbəbindən tikinti materialların qiymətlərində kəskin artmalar baş verdi. Çünki tikinti sahəsində istifadə olunan materiallar, o cümlədən taxta, təmir avadanlıqlarının əksəriyyəti Rusiya və Ukraynadan gəlirdi. Bu baxımdan təbii olaraq qiymətlərdə artım var. Ümumiyyətlə, yerli bazara, bu proseslərə nəzər salsaq, ölkəmizdə nə baş verir? Xüsusən də paytaxt Bakıda tikinti üçün nəzərdə tutulan ərazilər xeyli məhdudlaşıb. Məhdudlaşdıqca qiymətlər artır və bu hazırda davam edir. Məsələn, eyni tikinti şirkəti eyni cür binanı şəhərdən kənar ərazidə tikəndə onun kvadrat metrini 800 manata satırsa, şəhərin mərkəzində onu 1800-2000 manata satır. Yəni artıq paytaxtda tikintiyə yararlı ərazi azaldığından qiymətlərə təsir edir. Bu baxımdan qiymətlər artan xətlə davam edir və düşünürəm ki, yaxın vaxtlarda bu qiymətlər daha da artacaq və bu, kənardan gələn alıcıların hesabına olmayacaq.

İran vətəndaşlarına gəldikdə isə, məlum olduğu kimi, hansısa xarici vətəndaşın Azərbaycanda daşınmaz əmlak ala bilməsi üçün mütləq ən azından müvəqqəti oturum izni olmalıdır.

2016-17-ci illərdə hansı ki, həmin vaxt ölkəmizdə devalvasiya oldu, manat dəyərdən düşdü, dollar xeyli qalxdı, xüsusən Şərq ölkələrindən Azərbaycana turistlərin axını başladı, o cümlədən ərəb və iranlılar. Əlbəttə ki, dolların qalxması turistlər üçün sərfəli idi. Növbəti illərdə həmin turistlər Azərbaycanda əmlak almaq istədilər, lakin həmin ərəfələrdə böyük əksəriyyət tikililərin, mənzillərin çıxarışı olmadığından onlar əmlak ala bilmədilər. Təsəvvür edin, 10 milyardları Gürcüstana, Türkiyəyə yatırmağa başladılar və qeyd olunan iki ölkə daha çox qazandı. Bu gün də Rusiya-Ukrayna müharibəsi səbəbindən Rusiyada yaşayan soydaşlarımız ölkəmizə üz tutub buradan əmlaklar almağa başlayacaq. Çünki onların uşaqlarının ölkəmizdə rus dilində təhsil almaq imkanları var və sairə. Lakin onların sayı çox deyil. Çünki əvvəldən artıq əksəriyyət Türkiyə və Gürcüstana maraqlıdırlar.

Elə Azərbaycan vətəndaşları da Türkiyədə mənzil almaqda maraqlıdırlar. Belə ki, statistikaya görə, yanvar ayından bu günə qədər Azərbaycan vətəndaşları Türkiyədə 700 daşınmaz əmlak alıb. Bu o deməkdir ki, artıq külli miqdarda pullar ölkəmizdən çıxıb Türkiyəyə axır.

Məlum olduğu kimi, Rusiyada 2 milyona yaxın azərbaycanlı yaşayır və onların Rusiyada aldıqları daşınmaz əmlakların sayı Türkiyədəkindən 2 dəfə çoxdur. Beləliklə, pulların Azərbaycandan çıxmasının əsas səbəbi zamanında ölkəmizdə tikililərə çıxarış verilməməsi, binaların komfortlu olamaması, şəhərsalma normalarının tamamilə pozulması oldu. Komfortlu şərait yarada bilmədik deyə o pullar ölkəmizdən yan keçdi".

Oxşar xəbərlər