Ramin Musayev istefa verdi - YENİLƏNİB

Ramin Musayev istefa verdi - YENİLƏNİB Peşəkar Futbol Liqası (PFL) qurumun prezidenti Ramin Musayevin istefası ilə bağlı məlumat yayıb.

PFL-in rəsmi saytı xəbər verir ki, funksioner səhhəti ilə əlaqədar postunu tərk edib.

14 ildir PFL prezidenti olan Ramin Namaz oğlu Musayev 2004-cü ildən futbol fəaliyyəti ilə məşğul olur. 2004-cü ilin aprelində “Neftçi” PFK-nin icraçı direktoru, həmin ilin noyabr ayından isə vitse-prezidenti təyin olunub. “Ağ-qaralar”da işlədiyi müddətdə komanda ilə Azərbaycan çempionu adına yiyələnib, avrokuboklarda mərhələlər keçib, 2006-cı ildə Birlik Kubokunun ilk qalibi olub.

2008-ci il iyulun 2-də AFFA-da keçirilən səsvermənin nəticəsinə əsasən, yeni yaradılan Peşəkar Futbol Liqasının ilk prezidenti seçilib və vəzifəsini 4 il icra edib. Yeni vəzifəyə seçildikdən sonra o, “Neftçi” klubundakı vitse-prezident postunu tərk edib.

2012-ci il iyulun 3-də AFFA-nın inzibati binasında AFFA prezidenti Rövnəq Abdullayev və klub rəhbərlərinin iştirakı ilə keçirilən növbəti seçkidə yekdilliklə ikinci müddətə Peşəkar Futbol Liqasının prezidenti seçilib. Ramin Musayev PFL-in 5 iyul 2016-cı il və 14 sentyabr 2020-ci il tarixli seçkilərinin də qalibi olub.

***


Ramin Musayev Peşəkar Futbol Liqasının prezidenti vəzifəsindən istefa verib.

Qol.az verdiyi xəbərə görə, o, yaxın ətrafına səhhəti ilə əlaqədar vəzifəsini tərk etdiyini açıqlayıb.

Bununla əlaqədar, o, bu gün Premyer Liqada yarışan klub nümayəndələri ilə görüşür.

Yaxın saatlarda bununla bağlı rəsmi açıqlama veriləcəyi gözlənilir.

Qeyd edək ki, 2008-ci ildən PFL-in prezidenti vəzifəsində çalışırdı.

Oxşar xəbərlər