İrandan Azərbaycana 53 kq-a yaxın narkotikin gətirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana 53 kq-a yaxın narkotikin gətirilməsinin qarşısı alınıb Azərbaycana 53 kq-a yaxın narkotikin gətirilməsinin qarşısı alınıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, son günlərdə DSX-nin əməkdaşları 1200 kiloqram yabanı halda bitən çətənə kolunu yandıraraq məhv edib, 52 kiloqram 880 qram narkotik vasitənin, 3240 ədəd psixotroptərkibli həblərin və 42 kiloqram 165 qram dərman preparatlarının qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycana keçirilməsinin qarşısını alıb.

İyun ayının 12-də saat 03:50-də Yardımlı rayonunun Deman kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı 3 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə edib.

Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırıb, xidməti ərazi qapadılıb. Sərhəd naryadı “Dayan” əmri verərək havaya xəbərdarlıq atəşi açıldıqdan sonra qaçaqmalçılar əllərindəki bağlamaları yerə ataraq ərazinin qayalıq və relyefin mürəkkəb olmasından istifadə edərək geriyə İİR istiqamətinə qaçıblar. Sərhəd pozucularının təqibi zamanı 1 nəfər naməlum şəxsin havanın qaranlıq olmasından istifadə edərək yaxınlıqdakı yaşayış məntəqəsinə doğru qaçması müşahidə olunub. Hazırda həmin şəxsin şəxsiyyətinin müəyyənləşdirilməsi və məsuliyyətə cəlb edilməsi üzrə axtarış tədbirləri davam etdirilir.

Həmin ərazi dərhal qapadılaraq keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində qayalıq və sıx kolluqların arasında gizlədilmiş 4 ədəd bağlamanın içərisində ümumi çəkisi 8 kiloqram 800 qram narkotik vasitəyə (1 kq “tiryək”, 7 kq 800 qr “marixuana”) bənzər maddələr, 700 ədəd psixotrop tərkibli “metadon-40” həbi və 42 kiloqram 165 qram müxtəlif növ dərman preparatları aşkar olunaraq götürülüb.

İyun ayının 19-da saat 18:30-da Biləsuvar rayonunun 8 saylı qaçqın qəsəbəsinin yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilmiş, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılmış, xidməti ərazi qapadılmışdır. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ərazidə yulğun ağacının altında gizlədilmiş 2 ədəd bağlama içərisində təxmini çəkisi 24 kiloqram 200 qram narkotik vasitəyə (23 kq 700qr “marixuana”, 400 qr “heroin”, 100 qr “metamfetamin”) bənzər maddələr və 1200 ədəd “preqabalin” həbi aşkar olunaraq götürülüb.

İyul ayının 4-də saat 11:00-da “Xaş-Xaş-2022” şərti ad altında həyata keçirilmiş kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Zəngilan rayonunun Bürünlü kəndinin sərhəd xəttinə yaxın olan ərazisində yabanı halda bitmiş narkotik xassəli 1713 ədəd ümumi çəkisi 1200 kiloqram yabanı halda bitmiş çətənə kolları yerli şəhər polis şöbəsi əməkdaşlarının, ekologiya və təbii sərvətlər nazirliyinin əməkdaşlarının iştirakı ilə birgə toplanılaraq, komision şəkildə yandırılma yolu ilə məhv edilmişdir.

İyul ayının 07-də saat 00:15-də Füzuli rayonunun Bala Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı 1 nəfər naməlum şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə etmişdir.

Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapadılmış, sərhəd pozucusunun təqibinə başlanılmışdır. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək havaya xəbərdarlıq atəşi açıldıqdan sonra qaçaqmalçı əlindəki bağlamanı yerə ataraq havanın qaranlıq, ərazinin isə sıx kolluq və qamışlıq olmasından istifadə edərək geriyə İİR istiqamətinə qaçmışdır.

Ərazidə aparılmış axtarış tədbirləri nəticəsində 1 ədəd qara rəngli bağlamanın içərisində ümumi çəkisi 4 kiloqram 355 qram narkotik vasitəyə (1 kq 335 qr “tiryək” və 3 kq 20 qr “marixuana”) bənzər maddələr aşkar olunaraq götürülmüşdür.

İyul ayının 8-də saat 14:00-da Astara rayonunun Hamuşam kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilmiş, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılmış, ərazi qapadılmış, sərhədboyu zolağ və nəzarətedici vasitələr yoxlanılaraq sərhəd axtarışına başlanılmışdır.

Dövlət sərhədinin pozulması ilə əlaqədar keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində saat 17:30 radələrində Astara rayonunun Diquli kəndi yaxınlığında 3 nəfərin şübhəli hərəkətləri sərhədçilərin diqqətini cəlb etmişdir. Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan naməlum şəxslər hadisə yerindən uzaqlaşmağa cəhd edərkən saxlanılmışdır. Onların Ağstafa rayon sakini 1992-ci il təvəllüdlü Musayev Famil Nəcəf oğlu, Bakı şəhər sakini 1992-ci il təvəllüdlü Ağalarov Mirəli Ramiq oğlu və Füzuli rayon sakini 1998-ci il təvəllüdlü Əliyev Asər Habil oğlu olmaları müəyyənləşdirilmiş, üzərlərindəki 2 ədəd bel çantasına baxış zamanı təxmini çəkisi 6 kiloqram 625 qram narkotik vasitə “marixuana”ya və 1340 ədəd psixotrop tərkibli “metadon-40” həbinə bənzər maddələr aşkar olunaraq götürülüb.

Araşdırma zamanı qeyd olunan şəxsləri qarşılamaq və onlara qaçaqmalın daşınmasında köməklik etmək məqsədilə sərhədboyu əraziyə gələn ağ rəngli “Niva” markalı 99-KE-484 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Tovuz rayon sakini 1996-cı il təvəllüdlü Məmmədov Vüqar Məhəmməd oğlu və onu müşayiət edən Qobustan rayon sakini 1994-cü il təvəllüdlü Mansurlı Nicat Dədəxan oğlu müəyyənləşdirilərək Diquli kəndi yaxınlığında saxlanılıblar.

İyul ayının 11-də saat 13:15-də Zəngilan rayonunun Vejnəli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilmiş, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılmış, ərazi qapadılıb. Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sahibsiz halda kolluqluqların arasında gizlədilən 1 ədəd ağ bağlamanın içərisində təxmini çəkisi 8 kiloqram 900 qram narkotik vasitə “marixuana”ya bənzər maddələr aşkar olunaraq götürülüb.

Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Oxşar xəbərlər