Bu gün Azərbaycan cəmiyyətində kifayət qədər çox müzakirə olunan ictimai-sosial mövzulardan biri də məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətilə bağlıdır. Təbii ki, bu mövzunun aktuallığı uşaqlarımızın təlim-tərbiyəsilə məşğul olan müəssisələrin hansı durumda olmaları, uşaq bağçalarında çalışan insanların peşəkarlıq səviyəsi kimi məsələlərə biganə yanaşmanın mümkünsüzlüyündən qaynaqlanır. Əlbəttə, respublika üzrə fəaliyyətində müəyyən nöqsanların müşahidə olunduğu uşaq bağçalarının olmadığını iddia etmək qətiyyən düzgün olmazdı. Lakin etiraf etmək lazımdır ki, son illər bu sahədə açıq-aşkar bir çox irəliləyişlərə nail olunub və bu gün ölkəmizdə nümunəvi fəaliyyətilə seçilən uşaq məktəbəqədər təhsil müəssisələri üstünlük təşkil edir.
Elə bu gün haqqında söhbət açdığımız Şabran şəhər 1 saylı körpələr evi-uşaq bağçası da məhz belə müəssisələrdəndir. Qeyd edək ki, bu müəssisə barədə material hazırlamaq fikri də bizdə təsadüfən yaranmayıb. Əslində bu yazının ərsəyə gəlməsinin səbəbkarı həmin bağçada məktəbəqədər təhsil alan uşaqlardan birinin valideyni olub. Məsələ bundadır ki, həmin valideyn bu gün redaksiyamızın elektron poçtuna məktubla müraciət edərək Şabran şəhər 1 saylı körpələr evi-uşaq bağçasının fəaliyyətinə dair sosial şəbəkələrdə qərəzli münasibət sərgilənən materialların paylaşımların edilməsindən şikayətlənmişdi. Valideynin sözlərinə görə, bu paylaşımları özünü təhsil üzrə ekspert kimi təqdim edən bir nəfər etmişdir və dərc olunan materiallar həqiqəti qətiyyən əks etdirmir. Valideyn yazır: “Gərək yaxşı işləyəni də ruhdan-həvəsdən salsınlar? Lalə Qədəşova Şabran şəhər 1 saylı körpələr evi-uşaq bağçasına 2019-cu ildən müdir təyin olunub. Təəssüflər olsun ki, pandemiya səbəbilə bağçalar bağlandığına görə Lalə xanımı həmin vaxt yaxından tanıya bilmədik. Amma bağçalar açılandan sonra hər şey öz yerini aldı. Artıq neçə müddətdir ki, uşaqlarımız bu bağçaya gedirlər. Yeməkləri keyfiyyətli, hər yer gül-çiçək kimi, işçilər də əsl peşəkarlardır. Görəsən həmin ekspert bunları görməyib, yoxsa görmək istəməyib?”
Təbii ki, mövzu bizi də maraqlandırdı və biz də həmin bağçanın fəaliyyətilə bağlı kiçik bir araşdırma apardıq. İlk növbədə bunu deməliyik ki, hazırda Şabran şəhər 1 saylı körpələr evi-uşaq bağçasında 5 qrup fəaliyyət göstərir və bu qruplarda ümumilikdə 95 nəfər uşaq təlim-tərbiyə alır. Araşdırmamızın gedişində, sözügedən təhsil ekspertindən başqa, nə bağçanın özü, nə də müəssisənin müdiri Lalə Qədəşova barədə heç bir mənfi rəyə rast gəlmədik. Əksinə, müəyyən etdik ki, təkcə bu ilin aprel ayında Regional Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bu bağçada artıq iki dəfə monitorinq aparılıb və hər iki dəfə çox müsbət nəticələr əldə olunub. İstər uşaqlar üçün tədarük olunan ərzağın və hazırlanan qidanın keyfiyyəti, istər bağçada gözlənilən ümumi sanitar-gigiyenik vəziyyət, istərsə də əməkdaşların peşəkar hazırlığı bütün tələb və normalara ən yüksək səviyyədə cavab verir. Beləliklə, əminliklə demək olar ki, Şabran şəhər 1 saylı körpələr evi-uşaq bağçası həqiqətən də bölgənin aparıcı uşaq məktəbəqədər təhsil müəssisələrindən biridir.
Belə olan halda isə, biz də həmin müəssisə barədə qərəzli məlumatlar paylaşan təhsil ekspertinə tövsiyyə edərdik ki, bu kimi yoxlanılmamış və əslində həqiqəti əks etdirməyən materialların yayımlanmasına bir daha qətiyyən yol verməsin. Çünki belə düşünülməmiş addımlar hələ heç kəsə baş ucalığı gətirməyib.
Elbrus Bağırov