Günəşin doğmadığı gün

Günəşin doğmadığı gün "Xocalı" deyəndə ağrı-acıların geniş vüsət tapdığı, yaraların sızladığı, bir xalqın illərdir, ürəyində bitib-tükənməyən nisgili xatırlanır. Böyüklü-kiçikli hər kəs bir bir gecədə sönən ocaqlara, arzusu ürəklərində qalan uşaqlara, əlinin hənası göz yaşına qarışmış gəlinlərə, qızlara, ahıl çağında möhnətə qərq olan qocalara empatiya qurur, onların yaşadıqları misilsiz faciəni göz önündə canlandırırlar.

"Xocalı" deyəndə ən dəhşətli filmlərdə belə səhnə almayan real müsibətlər, bir xalqa qarşı sanki böyük bir günah sahibi kimi faşistcəsinə törədilmiş qətliam xatırlanır.

Xocalı Xankəndi şəhərindən 14 km şimal-şərqdə yerləşir. Tarixən qədim olan bu Qarabağ ərazisində Gədəbəy-Xocalı mədəniyyətin nadir nümunələri mövcud olmuşdur.

1992-ci ilin qanlı faciəsinə kimi Xocalıda 7 min əhali yaşayırdı. Məlum hadisələr dövründə Ermənistandan, qonşu Xankəndindən ermənilər tərəfindən didərgin salınmış xeyli azərbaycanlı və 1989-cu ildə Fərqanədən qovulmuş məhsəti türkləri də burada məskunlaşmışdılar.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmişlər. Əvvəlcə şəhər dörd tərəfdən erməni qoşunları tərəfindən əhatə olunmuş, sonra isə Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəş açılmış, az bir vaxt ərzində şəhərdə yanğın baş vermiş, şəhər tamamilə alova bürünmüşdür. Şəhərin müdafiəçiləri və yerli əhali buranı tərk etməyə məcbur olmuşlar.

Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edilmişdir. Bir gecənin içərisində qədim Xocalı yerlə-yeksan edilmişdir.

Xocalının müdafiəsi uğrunda neçə-neçə Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalmışdır. 26 Fevralda Xocalı yer üzündən silinsə də, geridə 5 Milli Qəhrəman qaldı. Bütün xəyanətlərin sonu Xocalının varlığını itirsə də, qəhrəmanlıq tariximizə 5 igid verdi. Əlif Hacıyev, Azərbaycanın Milli Qəhrəmanı, Xocalı aeroportunun rəisi.

1992 — Ələsgər Novruzov, Azərbaycanın Milli Qəhrəmanı.

1992 — Tofiq Hüseynov, Azərbaycanın Milli Qəhrəmanı.

1992 — Araz Səlimov, Azərbaycanın Milli Qəhrəmanı.

1992 — Natiq Əhmədov, Azərbaycanın Milli Qəhrəmanı

1992-ci ildə bu terror aktı törədilərkən hərbin yazılmamış qanunları pozulmaqla yanaşı, həm də maddi-mədəniyyət abidələrimiz, ictimai iaşə obyektləri, evlər, məktəblər, muzeylər, mədəniyyət mərkəzləri də talan edilmiş, viran qoyulmuşdur, azərbaycanlıların tarixi izlərini silməyə cəhd etmişlər.

Xocalı faciəsini ikinci dəfə 27 sentyabr, 2020-ci ildən başlanan 44 günlük Vətən müharibəsi dönəmində təkrarlayan Ermənistan silahlı qüvvələrinin döyüş əməliyyatları zonasından kənarda yerləşən Bərdə şəhərini raket atəşinə məruz qoyaraq humanitar atəşkəs rejiminin şərtlərini növbəti dəfə kobud şəkildə pozması nəticəsində vətəndaşlarımızın həlak olması düşmənin açıq-aşkar beynəlxalq hüquq normalarını və prinsiplərini heçə sayması deməkdir. “Smerç” qurğusundan buraxılmış kasetli raketlərlə atəş nəticəsində 21 nəfər həlak olub, 70 nəfər isə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Sentyabrın 21-dən etibarən Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq

hüququn norma və prinsiplərini, habelə elan edilmiş humanitar atəşkəs rejiminin tələblərinə məhəl qoymaması dünya ictimaiyyəti tərəfindən ümumbəşər dəyər və beynəlxalq hüquq prinsiplərinin pozulması kimi qəbul edilməli və hərbi cinayət aktları qəti şəkildə pislənməlidir.

Dünyanın bir çox beynəlxalq təşkilatları, insan hüquqları üzrə beynəlxalq konvensiyalar bu qətliamı qəti şəkildə pisləmişdir. O cümlədən real tarixi faktlar, əyani sübutlar olduğu halda, bu faciəyə kar, kor, lal olan millətlər, dövlətlər, təşkilatlar da olmuşdur. Soyqırımının törədilməsi prosesində, bəlkə də, rəhbərlikdə başqaları olsa idi, bu faciə baş verməyəcəkdi.

Ulu Öndər Heydər Əliyev bu qətliama səssiz qalmamış, 1 mart 1994-cü ildə Xocalı soyqırımı ilə əlaqədar xüsusi fərman imzalamışdır. Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 26 fevral "Xocalı Soyqırımı Günü" elan olunmuş, bu barədə beynəlxalq təşkilatlara məlumat verilmişdir. Həmçinin 25 fevral 1997-ci ildə Ümummilli lider Heydər Əliyev tərəfindən "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" iki xüsusi fərman imzalanmışdır.

Xocalı şəhidlərinin əziz xatirəsi, silinməz yaraları xalqın ürəyində daim yaşayacaq, ermənilərin törətdikləri bu vəhşiliklərlə xalq heç zaman barışmayacaqdır.

Hər il bu müdhiş faciənin ildönümü respublikamızda və dünyanın müxtəlif ölkələrində ürəkağrısı ilə qeyd olunur. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondu, xüsusilə, Fondun prezidenti Mehriban Əliyeva böyük xidmətlər göstərib. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində də hər il silsilə tədbirlər reallaşdırılır.

Xocalı şəhidlərinin qanı yerdə qalmadı. Azərbaycan 44 günlük Qarabağ müharibəsi dönəmində Ali Baş Komandanın rəhbərliyi altında dəmir yumruq kimi birləşərək düşmənə layiqli cavab verdi və verməyə də davam edəcəkdir. Yalnız bir fərqlə: ermənilər kimi faşist mövqeyi ilə deyil, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq.

Xocalıda 30 il bundan qabaq iz qoymuş qanlı ləpirlərin sahiblərinin şəcərələri öz ata-babalarının qisasını düşməndə qoymadılar.

Kürdəxanı qəsəbəsi, 113 nömrəli tam orta məktəbin

Azərbaycan dili və ədəbiyyat müəllimi

Aysel Hüseynova

Oxşar xəbərlər