Hərbçilər və dövlət qulluqçularının da pensiyası artacaq? - AÇIQLAMA

Hərbçilər və dövlət qulluqçularının da pensiyası artacaq? - AÇIQLAMA Pensiyaların indeksləşdirilməsindən sonra ən çox verilən suallardan biri də qulluq stajına görə əlavələrlə pensiya təyin edilmiş şəxslərin bu imkandan yararlana bilib-bilməməsi ilə bağlıdır. Qeyd edək ki, söhbət daha çox pensiyaya çıxmış hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, dövlət qulluqçularından gedir. Hazırda bu kateqoriya üzrə vətəndaşlarımızın sayı 99 min nəfərdir. Daha çox suallar da pensiyaya çıxmış hərbçilərin pensiyalarının indeksləşdirilməsi və pensiyaların artıb-artmaması ilə bağlı olur.

Milli Məclisin deputatı Vüqar Bayramov açıqlamasında bildirdi ki, “Əmək Pensiyaları” haqqında qanuna uyğun olaraq bu kateqoriyadan olan pensiyaçıların pensiyaları sığorta prinsipindən kənar formalaşdığı üçün indekləşdirmə onların pensiyalarının ümumi məbləğinə aid edilmir:

“Bununa belə, Azərbaycan Prezidentinin imzaladığı “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam bu şəxslərə də 2022-ci ildə dövlət dəstəyinin göstərilməsinə və ümumi pensiya məbləğlərinin hər il artırılmasına imkan yaradacaq.
Belə ki, yeni Sərəncam cənab Prezident tərəfindən Nazirlər Kabinetinə bu kateqoriyadan olan pensiyaçıların pensiyalarının indeksləşdirilməklə artırılması, habelə 2022-ci il üzrə maddi dəstəyin göstərilməsinə dair təkliflərini 1 ay müddətində təqdim edilməsi tapşırılıb. Bu isə o deməkdir ki, Nazirlər Kabineti bu kateqoriyadan olan vətəndaşlarımızın pensiyalarının indeksləşdirilməklə artırılması, habelə 2022-ci il üzrə maddi dəstəyin göstərilməsinə dair təkliflərini martın 8-dək dövlət başçısına təqdim edəcək”.

“Deməli, qısa zamanda pensiyaya çıxmış hərbçilərin, o cümlədən hüquq-mühafizə orqanlarının əməkdaşları, dövlət qulluqçularının da pensiyalarında artımlar olmaqla 2022-ci ildə maddi yardım ala biləcəklər”, - deyə millət vəkili əlavə edib.

Oxşar xəbərlər