Vətən müharibəsinin 19-cu günü nələr baş verib?

Vətən müharibəsinin 19-cu günü nələr baş verib? 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Vətən müharibəsinin 19-cu gününə (15 oktyabr) aid olan xronikasını təqdim edirik.

- Prezident İlham Əliyev Türkiyənin NTV televiziyasına müsahibə verib.

- Prezident İlham Əliyev Füzuli, Cəbrayıl və Xocavəndin bir neçə kəndi işğaldan azad edilməsi ilə bağlı "twitter"də paylaşım edib: "Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!".

- Prezident İlham Əliyev Rusiyanın RİA Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibə verib.

- Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “İnstagram” səhifəsində Ermənistanın Tərtərdə dəfn zamanı insanları atəşə tutması ilə bağlı paylaşım edib.

- Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi və texnikası məhv edilib.

- Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazilərini atəşə tutub. Ermənistanın Tərtərdə qəbiristanlığı atəşə tutması nəticəsində həlak olanların sayı 4-ə çatıb.

- Ağdamın atəşə tutulması nəticəsində 2 nəfər xəsarət alıb.

- Ermənistanın hərbi hissə komandiri, polkovnik məhv edilib.

Oxşar xəbərlər