Şəmkirdə yas mərasimi keçirən vətəndaş polis tərəfindən döyülüb? - AÇIQLAMA

Şəmkirdə yas mərasimi keçirən vətəndaş polis tərəfindən döyülüb? - AÇIQLAMA Şəmkirdə keçirilən yas mərasiminin qarşısı alınarkən polis əməkdaşının rayon sakinini döyməsi ilə bağlı iddialar yayılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə Şəmkir rayon Dəllər-Cəyir kənd sakini Məmməd Hüseynovun Şəmkir RPŞ-nin əməkdaşları barədə paylaşdığı iddiaları həqiqəti əks etdirmir və böhtan xarakterlidir:

“Məlumat üçün qeyd edim ki, iyun ayının 3-də Şəmkir RPŞ-yə rayonun Dəllər-Cəyir kəndi ərazisində karantin qaydalarına zidd olaraq yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları dərhal həmin əraziyə gələrək 30-40 nəfərdən ibarət şəxsin fərdi yaşayış evinin həyətində toplaşaraq yas mərasimi keçirməsini aşkar edib. Həmin şəxslərlə izahedici-profilaktiki söhbətlər aparılaq, ölkə ərazisində tətbiq olunan karantin rejimi qaydaları barədə məlumat verilib.

Lakin buna baxmayaraq mərasimi təşkil edən Dəllər-Cəyir kənd sakinləri - M.Hüseynov və S.Rüstəmova polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq yas mərasiminin dayandırılmasına etiraz ediblər.

Nəticədə həmin şəxslər Polis Şöbəsinə dəvət olunublar. Şöbə rəhbərliyi tərəfindən onlarla bir daha profilaktiki söhbətlər aparılıb.

Daha sonra S. Rüstəmova barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 200 manat miqdarında cərimə edilib. Məmməd Hüseynov barəsində isə toplanan material baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə onun barəsində müvafiq tədbir görülüb”.

“Əfsuslar olsun ki, adıçəkilən şəxslər həqiqətə uyğun olmayan, polis əməkdaşlarından qisas almaq məqsədi ilə qərəzli iddialar səsləndirirlər”, - deyə o qeyd edib.

Qeyd edək ki, ölkədə elan olunan karantin rejiminə görə yas mərasiminin təşkil edilməsi qadağandır.

Oxşar xəbərlər