Azərbaycanın Müzəffər Ordusunun qazandığı Qələbə tək Azərbaycanın deyil, həmçinin türk dünyasının da şanlı tarixinə qızıl hərflərlə yazılmış oldu

Azərbaycanın Müzəffər Ordusunun qazandığı Qələbə tək Azərbaycanın deyil, həmçinin türk dünyasının da şanlı tarixinə qızıl hərflərlə yazılmış oldu Qazaxıstanın birinci Prezidenti- Elbası, Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev vurğuladı ki, onlar bütün müharibə boyu prosesi yaxından izləyirdilər və nəticəni gözləyirdilər. Əldə olunmuş qələbə İpək Yolunun çiçəklənməsinə yol açır və Xəzər dənizinin iqtisadi əhəmiyyətini daha da artırır. Bundan sonra söz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə verildi. Zirvə görüşündə çıxış edərək ölkə prezidenti II Qarabağ müharibəsi haqda danışdı. Ölkə prezidenti qeyd etdi ki, 30 ilə yaxın müddət ərzində Ermənistan Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərini işğal altında saxlayırdı. Bu işğal nəticəsində torpaqlarımızın təxminən 20 faizi Ermənistan tərəfindən zəbt edilmişdir, bir milyondan çox azərbaycanlı öz doğma torpağından didərgin salınmışdır, qaçqın-köçkün vəziyyətinə salınmışdır. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Ermənistan Azərbaycana qarşı soyqırımı törətmişdir. 1992-ci ildə törədilən Xocalı soyqırımı nəticəsində 600-dən çox günahsız, dinc insan vəhşicəsinə öldürülmüşdür. Onların arasında 106 qadın, 63 uşaq vəhşicəsinə qətlə yetirilmişdir.Məsələnin həlli ilə bağlı 1992-ci ildə ATƏT-in Minsk qrupu yaradılmışdır və 28 il ərzində fəaliyyət göstərsə də, nəticə olmamışdır. Halbuki Minsk qrupuna həmsədrlik edən ölkələr dünyanın aparıcı ölkələridir, nüvə dövlətləridir, BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Əlbəttə ki, Ermənistana qarşı işğalla bağlı ciddi təzyiq göstərilsəydi və Azərbaycanın tələbi nəzərə alınıb sanksiyalar tətbiq edilsəydi, məsələ çoxdan sülh yolu ilə öz həllini tapa bilərdi. 44 gün davam edən müharibə bizə qalibiyyət qazandırdı.

Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri Bəyanat imzalayıblar. Bu Bəyanat əsasında bizim digər rayonlarımız artıq siyasi yollarla Azərbaycana qaytarıldı. Beləliklə, məsələ hərbi-siyasi yollarla həll olundu. Artıq tam əminliklə demək olar ki, Dağlıq Qarabağ məsələsi, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmışdır. Dağlıq Qarabağ adında hazırda hər hansı bir ərazi vahidi yoxdur. Azərbaycan bu məsələni həll edib, tarixi Zəfər əldə edib və dağıdılmış ərazilərdə bərpa işləri başlayıb.

Prezident İlham Əliyev 30 il davam edən işğal dövründə ölkə iqtisadiyyatına vurulan zərərin ölçüsüz olduğunu bildirdi və işğaldan azad olunmuş ərazilərdə yeni iqtisadi imkanların formalaşacağını vurğuladı. O, bildirdi ki, müharibə başa çatdı, münaqişə tarixdə qaldı. Yeni imkanlar yarandı. Onların arasında hesab edirəm ki, ən vacib imkan nəqliyyat imkanlarıdır. Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq. Naxçıvanda keçirilmiş Zirvə görüşündə mən demişdim ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən Ermənistan üçün. Ermənistanın hazırda onun müttəfiqi olan Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur. Bu dəmir yolu əlaqəsi Azərbaycan ərazisindən yarana bilər. Ermənistanın onun qonşusu olan İranla dəmir yolu əlaqəsi yoxdur. Naxçıvan vasitəsilə bu dəmir yolu təmin edilə bilər.

Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşir, Orta Asiya Avropa ilə birləşir. Yəni, yeni nəqliyyat dəhlizi yaranmaqdadır. Artıq Azərbaycan bu işlərə start vermişdir. Əminəm ki, tərəfdaş ölkələr də bu imkanlardan istifadə edəcəklər. Çıxışının sonunda prezident İlham Əliyev Türkiyə prezidenti cənab Rəcəb Təyyub Ərdoğana II Qarabağ müharibəsi dövründə göstərdiyi dəstəyə görə təşəkkür etdi.

Beləliklə, Azərbaycanın Müzəffər Ordusunun qazandığı Qələbə tək Azərbaycanın deyil, həmçinin türk dünyasının da şanlı tarixinə qızıl hərflərlə yazılmış oldu.

Bakıxanov qəsəbəsi, 107 saylı məktəbin direktoru Jalə Məhərrəmova

Oxşar xəbərlər