Lider- xalq birliyi sarsılmazdır

Lider- xalq birliyi sarsılmazdır Ulu Öndərin əbədiləşən ömür yolunu düşünəndə belə qənaətə gəlirik ki, ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən rəhbərlər heç zaman unudula bilməz. Azərbaycanın bütövlüyünün qorunması Ulu Öndər Heydər Əliyevin tarixi missiyasıdır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev vətəndaş qarşıdurmasına səbəb ola biləcək hadisənin qarşısını aldı və ölkədə davam edən hakimiyyət böhranına, anarxiya və özbaşınalığa son qoydu. Həmin hadisələr, bir daha göstərdi ki, Azərbaycan xalqı və onun ordusu ölkə daxilində qarşıdurma yaratmaq istəyənləri dəstəkləmir və onları heç vaxt müdafiə etmir.

Bir qədər geriyə tarixə nəzər salsaq 13-17 mart 1995-ci il Azərbaycanda dövlət çevrilişinə cəhdin tarixidir. Cavadov qardaşları və onlarla birlikdə çıxış edən siyasi müxalifət dövlət çevrilişinə cəhd etmişdilər. 1995-ci ilin mart ayının 13-nə keçən gecə OMON-un Ağstafa və Qazax rayonunda yerləşən bölməsi tərəfindən dövlət idarələrinə silahlı hücum təşkil edilmiş və dövlət əleyhinə faktiki qiyam baş vermişdir. Martın 15-də Azərbaycan ordusunun bölmələri tərəfindən qiyam yatırılmışdır. Martın 16-17-də Xüsusi Təyinatlı Polis Dəstəsinin komandiri Rövşən Cavadovun rəhbərliyi ilə Bakıda çevrilişə cəhd göstərilmişdir. Martın 17-də Azərbaycan Silahlı Qüvvələrinin dəstələri üsyançıların düşərgəsini mühasirəyə almış və qiyam yatırılmışdır.

“OMON”-a dəfələrlə təkid edilmişdi ki, DİN-in daxilində qeydiyyatdan keçsin və bu qurumun tabeçiliyinə verilsin. Amma “OMON”-çu dəstələr bütün cəhdlərə baxmayaraq, hakimiyyətə müqavimət göstərmək qərarına gəldilər. Açıq şəkildə qəzetlərə verdikləri müsahibələrdə Dövlət Şurası yaradacaqlarını, orada Elçibəy və Mütəllibovun iştirak edəcəklərini bəyan edirdilər. Üstəlik, bəzi vəzifəli şəxslərin istefasını təkidlə tələb edirdilər. Konkret dövlətin himayəsi ilə yaradılmış silahlı dəstə sonradan dövlətin əleyhinə olan qiyamçı dəstəyə çevrildi. Dövlət başçısının çağırışlarına məhəl qoymayaraq, dövlətə tabe olmaqdan boyun qaçırdılar. Bu gün tam əminliklə demək olar ki, 1995-ci ilin mart hadisələri silahlı qiyam kimi qiymətləndirilməlidir.

Dövlət çevrilişinə cəhd edən qeyri - qanuni silahlı birləşmələrin rəhbəri Rövşən Cavadov və onun ətrafı hakimiyyəti silah gücünə, qeyri-qanuni yolla ələ keçirməkdə tam israrlı idi. Onlar ağsaqqalları, ziyalıları, hətta yaşlı atalarını da dinləmədilər. Cəmiyyətdə dövlət çevrilişinə cəhd göstərənlərə qarşı şiddətli nifrət yaranmışdı. Xalq kütlələri xəyanətkar və cinayətkar əməllərə son qoyulmasını tələb edirdi. R.Cavadovun adamlarının, eyni zamanda, proseslərdən faydalanmaq arzusuna düşən dağıdıcı müxalifət partiyalarının nümayəndələrinin xalq arasında apardığı təbliğat işləri isə, heç bir nəticə vermirdi.

Bu hadisələrlə əlaqədar Ulu Öndər Heydər Əliyev 15 mart 1995-ci ildə Azərbaycan dövlət televiziyası və radiosu ilə xalqa etdiyi tarixi müraciətində vətənimizə müstəqilliyimizə qarşı olan təzyiqlərin təkcə ayrı-ayrı dairələrin təzyiqi olmadığını vurğulamışdı: "Müstəqilliyimizə qarşı olan təzyiqlər təkcə ayrı-ayrı dairələrin təzyiqləri deyil. Təəssüf ki, Azərbaycanın öz içərisindən çıxan adamların, vəzifə hərislərinin də dövlət müstəqilliyimizə zərbə vurmaq cəhdlərinin şahidlərisiniz".

XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövləti öz müstəqilliyini ikinci dəfə yenidən bərpa etdi. Dünya dövlətlərinin bayraqları sırasında müstəqil Azərbaycanın da bayrağı dalğalandı. Lakin dövlət müstəqilliyini bərpa edən Azərbaycan xalqına, şübhəsiz, bu azadlıq sevincini çox görən qüvvələr də var idi. Onlar hər nə vasitə ilə olursa-olsun müstəqilliyimizin əldən getməsini qarşılarına məqsəd qoymuşdular. Bir tərəfdən

ölkəmizi müharibə yolu ilə zəiflətməyə çalışırdılar, ərazilərimizn işğalına biganə yanaşırdılar, digər tərəfdən ölkə daxili çevrilişlərə, iğtişaşlara dəstək olurdular, Azərbaycanı parçalamağa cəhd edirdilər. Lakin ulu öndər Heydər Əliyevin siyasi müdrikliyi, sarsılmaz iradəsi və xalqımızın qətiyyəti ilə həmin planlar iflasa uğradı, Azərbaycan öz müstəqilliyini qoruyub saxlaya bildi.

Ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən rəhbərlər heç zaman unudula bilməz. Bu gün Azərbaycan Prezidentinin ətrafında sıx birlik nümayiş etdirən xalqımız əmindir ki, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən yaradılan müstəqil dövlətimizin inkişafı etibarlı əllərdədir.

Anar Hacıyev,

AccessBank rayon filialının müdir müavini,

YAP rayon təşkilatının şura üzvü

Oxşar xəbərlər