44 günlük Vətən müharibəsi Azərbaycan xalqını öz ali məqsədinə -Qələbəyə çatdırdı

44 günlük Vətən müharibəsi Azərbaycan xalqını öz ali məqsədinə -Qələbəyə çatdırdı Deyirlər, böyük insanlar dağa bənzəyir, yaxınlaşdıqca əzəmət və qüdrəti daha aşkar bilinir. Onları tanımaq üçün elə də çox vaxt lazım gəlmir, sadəcə əməlləri millətin yoluna bir işıq, nur çiləyir. Böyük insanlar dünyadan heç nə ummur, o öz milləti üçün, onun azadlığı və xoşbəxtliyi üçün yaşayır, əqidə bütövlüyü ilə xalqını daima irəliyə aparır. Ərəb yazıçısı Cübran Xəlilin təbirincə desək, “böyük insanın iki ürəyi var: birindən qan axır, o biri isə dəyanətlə dözür.”
Bəli, məhz dəyanətlə dözür... Əgər belə olmasaydı, 30 ilə yaxın bu illər ərzində bütün xalqın sevimlisi olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər dəfə Şəhidlərimizin ailələri və qazilərimizlə görüşəndə, onların qəbirlərini ziyarət edəndə xalqın ən yaxın dostu, sirdaşı kimi hər kəsin dərdinə şərik ola bilməzdi. Ekran qarşısında əyləşib olanları seyr edənlər bu böyük şəxsiyyətin qəlb çırpıntılarını dərhal hiss edir. Nahaq yerə deyilmir ki, böyük insanların böyüklüyü onların adi insanlarla rəftarından bəlli olur. Biz tez-tez cənab İlham Əliyevin dünya siyasətçiləri və jurnalistləri ilə görüşlərinin şahidi oluruq. Bu görüşlərdə onun nə qədər bacarıqlı, uzaqgörən, milləti üçün əvəzsiz bir şəxsiyyət olduğunun şahidi oluruq. Ona ünvanlanan müxtəlif məzmunlu və dolayı suallara verdiyi kəsərli cavablar, hətta düşmənlərimizi də mat qoyur. Dünyaya sanki böyük işlər görmək üçün göndərilmiş cənab İlham Əliyevin məramı xalqdan yüksəkdə durmaq deyil, onlarla bir yerdə olmaqdı. Elə ona görə də xalq həmişə onunla görüşü həyatının ən yaddaqalan tarixi kimi dəyərləndirir. Buna səbəb isə yalnız cənab İlham Əliyevin səmimiliyi və sadəliyidir:
Sadə yaratmışdır onu təbiət,
Sadəni sevərlər, belədir adət.
XVI əsrdən etibarən Azərbaycan torpaqları həmişə zülmün və istibdadın qurbanına çevrilib. Ötən 400 ildən də çox olan bir müddət ərzində ilk dəfə olaraq xalqımız Qələbə sevincini yaşadı, əsrlərlə itirilmiş torpaqları cəmi 44 gün ərzində düşməndən zorla aldı. Bu yolda qazandıqlarımız itirdiklərimizdən daha çoxdur. Bunu bizlərə yaşadan isə ATA vəsiyyətini şərəflə yerinə yetirən PREZİDENTİMİZDİR. Nə xoş bizlərə ki, o, bizim hamımızın dostu, sirdaşı, qardaşıdır. Ona görə ki, onun böyük ürəyi hamı üçün – bütün xalqı üçün, xalqla birlikdə döyünür.
44 günlük II Qarabağ müharibəsi Azərbaycan xalqını öz ali məqsədinə -Qələbəyə çatdırdı. İndi xalqımızın qarşısında daha böyük vəzifə durur. Məqsədimiz illərlə düşmən tapdağı altında inləyən Qarabağa yenidən həyat vermək, Azərbaycanın hər yerini gülüstana çevirməkdir. Elə bu məqsədlə də çox çətin iş rejimi ilə çalışan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmişə xalqının yanındadır. Fevralın 25-də Sabunçu rayonu Ramana qəsəbəsində Şəhid ailələri və müharibə iştirakçıları ilə görüşü bütün xalq tərəfindən kövrək duyğularla dəyərləndirilir. Həmişə xalqı ilə söhbətdən zövq alan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu dəfə də səmimi qarşılandı. Əslində, bu səmimiyyət onun daxilindədir. Odur ki, hər kəs ona problemlərini söyləyə bilir, çünki bilirlər ki, köməyini heç kəsdən əsirgəməyəcək.
Şəhid ailələri ilə görüşündə o: - “Azərbaycan 44 günlük müharibədə ədaləti bərpa etdi. Ermənilərə illərlə silahlar pulsuz verilib. Bəziləri deyirlər ki, reallıq yaranıb və Azərbaycan bu reallıqla barışmalıdı. Mən heç vaxt bunu qəbul etməmişəm. Belə bir faşist dövlətində ordu olmamalıdır. Ermənistan ordusu yoxdu, bitdi-getdi, Ermənistan heç vaxt belə vəziyyətdə olmayıb, orda hər gün böhran yaşanır. Onu bu vəziyyətə salan onun rəhbərləridir”- dedi.
Daha sonra çıxışına davam edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şəhid ailələrinə ehtiramını bildirərək, ötən illərdə şəhid ailələrinə 9200 mənzil verilidiyi haqda məlumat verdi. Ötən il isə 1500 şəhid ailəsi mənzillə təmin edildiyi halda,. bu il 3000 şəhid ailəsinə mənzil veriləcəyini bildirdi. Səmimi söhbət əsasında keçən görüşün sonunda Prezidenti cənab İlham Əliyev Şəhid valideynlərinə vətənpərvər övladlar böyüdüb tərbiyə etdikləri üçün onlara təşəkkür edərək, hər zaman onların yanında olacağını bildirdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinin valideynləri ilə olan bütün görüşləri kimi Sabunçu rayonu Ramana qəsəbəsində olan bu görüş də hər bir azərbaycanlının yaddaşından silinməyəcək bir tarixdir. Ona görə ki, bu tarixi əməllərində yaşadanlar, həm də onu yazanlardır. Tarixi yazanlar və yaşadanlar isə bundan sonra da Ulu öndər Heydər Əliyevin vəsiyyətlərinə şərəflə əməl edib Azərbaycan dövlətinin varlığını və əzəmətini hər zaman ləyaqətlə təmsil edəcəklər.

Maştağa qəsəbəsi, 28 saylı məktəbin direktoru
Qənirə Əmircanova

Oxşar xəbərlər