Şuşa şəhərinədək 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verildi (FOTOLAR)

Şuşa şəhərinədək 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verildi (FOTOLAR) Qarabağımızın tacı olan Şuşa şəhərinə qədər uzanan yeni avtomobil yolunun tikintisi davam etdirilir. Tikinti işləri Füzuli şəhərindən başlayaraq yeni trassa üzrə hazırlanmış layihə əsasında aparılır.


Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, yeni trassa iri yaşayış məntəqələrindən, həmçinin məşhur Topxana meşəliyindən yan keçməklə inşa ediləcək.

Yeni layihəyə əsasən, çətin relyefə malik olan ərazilərdə, dolaylarda inşa ediləcək körpü və tunellər hesabına yolun uzunluğu 17 km-ə qədər qısalaraq 84.6 km təşkil edir. İlkin hesablamalara əsasən inşa ediləcək tunellərin ümumi uzunluğu təqribən 3 km olacaq. Bundan başqa yeni trassa üzrə müxtəlif səviyyəli yol qovşaqlarının inşası da nəzərdə tutulur.

Artıq Şuşa şəhərinədək 101,5 km-lik trassa üzrə 2 hərəkət zolağı enində olmaqla xidməti yol istifadəyə verilib. Yol boyu bu hissədə 2 hərəkət zolağı enində torpaq yatağı genişləndirilərək yol yatağı və yol əsası inşa edilib.​

Yeni Füzuli-Şuşa avtomobil yolunun 4-6 hərəkət zolağından ibarət olması nəzərdə tutulur. 84,6 km-lik yolun ilk 48 km-i 6, 48-84.6 km-i isə 4 hərəkət zolağından ibarət olacaq. Müvafiq olaraq yol yatağının eni 29,5 və 21,5 metr təşkil edəcək.

Artıq yolun ilk 6 km-lik hissəsində, həmçinin yeni yolun 27-ci km-dən başlayaraq 4 km-lik hissədə torpaq işləri icra olunaraq yekunlaşdırılıb və yeni yol əsası inşa edilib.

Bundan başqa Füzuli-Şuşa avtomobil yolu inşasına start verilən yeni Füzuli Hava Limanı yaxınlığından keçir. Bu səbəbdən magistral yolu hava limanı ilə əlaqələndirmək məqsədi ilə yolun 27-ci km-də yol qovşağının və aerovağzala giriş yolunun inşası da layihə üzrə nəzərdə tutulur.

Yeni trassa üzrə hazırlanan layihəyə Şuşanın məşhur İsa Bulağınadək əlavə 2 km-lik yolun inşa edilməsi də daxil edilib. İsa Bulağı yolu başlanğıcını yeni Füzuli-Şuşa avtomobil yolunun təqribən 82-ci km-dən götürəcək və Laçın-Şuşa-Xankəndi avtomobil yolunu uzunluğu 900 metr olan tunel vasitəsi ilə keçməklə inşa ediləcək.

Yeni Füzuli-Şuşa magistral avtomobil yolu başlanğıcını M6 Hacıqabul- Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi magistral yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçir.

Qarabağımızın tacı olan Şuşamıza aparan yeni avtomobil yolunun qısa müddət ərzində tikintisinin yekunlaşdırılması üçün layihə şərti olaraq 5 hissəyə bölünüb. Əsas qüvvə olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvəsi və texnikaları hazırda layihə boyu tikinti işlərini həyata keçirir. Bundan başqa çətin relyefə malik olan ərazilərdə avtomobil yollarının inşası ilə bağlı təcrübəyə malik "Kolin İnşaat" başda olmaqla Türk Şirkətlər Qrupu və 1 yerli tikinti şirkəti də layihəyə cəlb olunub.

Hazırda "İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən layihə boyu torpaq işləri görülür. Belə ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında, xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması, həmçinin yeni yol yatağının və yol əsasının inşası işləri aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.

Yol boyu suların ötürülməsini təmin etmək məqsədi ilə müxtəlif diametrlərə malik dairəvi suötürücü boruların və düzbucaqlı su keçidlərinin, həmçinin müxtəlif səviyyəli yol qovşaqlarının, avtomobil körpülərinin və tunellərin inşası da layihə üzrə nəzərdə tutulur.

Yeni layihə üzrə təyin olunmuş qrafikə uyğun Füzuli-Şuşa yeni avtomobil yolunda inşaat işlərinin bu ilin sonu, növbəti ilin əvvəlinədək yekunlaşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, inşa edilən yeni Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu sayəsində paytaxt Bakıdan Şuşa şəhərinədək olan məsafə daha da qısalaraq təqribən 345 km təşkil edəcək.


Şuşa şəhərinədək 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verildi (FOTOLAR)Şuşa şəhərinədək 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verildi (FOTOLAR)Şuşa şəhərinədək 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verildi (FOTOLAR)Şuşa şəhərinədək 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verildi (FOTOLAR)Şuşa şəhərinədək 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verildi (FOTOLAR)

Oxşar xəbərlər