Maskasız həyat tərzimiz olmayacaq – TƏBİB rəsmisi

Maskasız həyat tərzimiz olmayacaq – TƏBİB rəsmisi Maskanın taxılması bizim yeni həyat tərzimizdir. Bir həkim, vətəndaş kimi bundan istifadə etməyinizi sizdən xahiş edirəm.

Bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bugünkü brifinqində deyib: “Hər bir insan özünü qorumalıdır. Yaxınlarınıza, əzizlərinizə görə özünüzü qoruyun. Artıq maskasız qarşıdakı aylar, illərdə həyatımız olmayacaq. Bütün Avropa ölkələri, Asiya ölkələri də bu qaydalarla hərəkət edirlər. Biz dəfələrlə bildirdik ki, yumşalmaya gedib normal həyata qayıtmaq istəyirik. Amma bu maskasız mümkün deyil. Maska həyatımızın parçasıdır”.

O bildirib ki, sosial məsafəni qorumaq da vacib olan qaydalar sırasındadır: “Paralel olaraq əl gigiyenasına diqqət etmək lazımdır. Bunun rayon, şəhər fərqi yoxdur. Rayonlarda insanlar virus yox imiş kimi hərəkət edirlər, sanki bu virus yalnız Bakı və Sumqayıtda var. Virus sərhəd, yaş, sosial təbəqə tanımır. Virusun yaşaması üçün insan orqanizminə ehtiyacı var”.

Yaqut Qarayeva əlavə edib ki, hazırkı vəziyyət aprel və may aylarından fərqlənir: “Biz hazırda asimptomatik xəstələri az görürük. Artıq başqa ölkələrin praktikasına ehtiyacımız yoxdur. Orta yaşlı xəstələrimizdə çox ağır keçən pnevmaniya görürük”.

TƏBİB rəsmisi xalqa müraciət edərək, vəziyyəti ələ almağın onlardan asılı olmadığını deyib: “Hər kəs özünü və ailəsini qorumalıdır. Başqa yolumuz yoxdur”.

Oxşar xəbərlər